Telefonu Qraham Bell icad edib? QƏTİYYƏN

613
Telefonu Qraham Bell icad edib? QƏTİYYƏN

Edison "hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir" deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan "Cahilliklər kitabı" (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Telefonu kim kəşf etdi? Çoxumuzun cavabı belə olacaq: Qrem Bell. Ancaq doğru deyil.

Florensiyalı ixtiraçı Antonio Meuççi 1860-cı ildə "teletrofono" adını verdiyi bir elektrik cihazı ortaya çıxarmışdı. Meuççi hamımızın tanıdığı Qraham Bellin telefon patentindən beş il əvvəl, 1871-ci ildə müvəqqəti patentə (caveat) görə müraciət etmişdi. ABŞ-nın Patent Qanuna 1836-cı ildə əlavə edilən "caveat" sistemi bir növ ön patent müraciəti hesab olunurdu. Bu sistemə görə, ixtiraçı öz icadı haqqında qısa məlumat verir. Həmçinin ixtiraçı başqa bir şəxsin eyni ixtira ilə əlaqəli müraciəti zamanı ona xəbər verilməsi haqqını əldə edir. Sistemə müraciətin vaxtı 1 il müddətində idi. Müddət qurtardığı təqdirdə 10 dollar ödəməklə təzədən yenilənə bilirdi.

 

Təsadüfə baxın ki, Meuççi müvəqqəti patentə görə müraciət etdiyi il Staten İsland bərəsinin partladığı üçün çox ağır yaralanmışdı. İngilis dilini yaxşı bilməyən və işsiz olan Meuççi müraciətini yeniləmək üçün vacib olan 10 dolları göndərə bilmədi.

Qraham Bellin patenti 1876-cı ildə qeydə alınanda Meuççi məhkəməyə baş vurur. Florensiyalı ixtiraçı orijinal eskizlərini və çalışma modellərini Western Unionun laboratoriyasına göndərmişdi. Meuççini dəhşətli bir təsadüf gözləyirdi. Sən demə, Bell həmin laboratoriyada çalışırmış. Florensiyalı ixtiraçının göndərdiyi modellər bir göz qırpımında yoxa çıxmışdı...

Meuççinin 1876-cı ildə açdığı məhkəmə davam edirdi. Ancaq ixtiraçının yaxasından bəxtsizlik əl çəkmir. 1889-cu ildə məhkəmə davam edərkən qəflətən ölür. 2002-ci ildə ABŞ Nümayəndələr Palatasının "Antonio Meuççinin həyatının və istedadının, telefonu icad etdiyinin qəbul edilməsi" haqqında qərarı ilə qismən də olsa bərabərlik təmin olundu.

Qraham Bellin tamam saxtakar olduğunu demək insafsızlıq olardı. Bell gənc yaşlarında nənəsi başqa otaqda olarkən onunla əlaqə yaratmaq üçün itinə "Necəsən, nənə?" deməyi öyrətmişdi. Daha sonra telefonu praktik alət halına gətirmişdi. 

Xəbər lenti