Amazonun dərinliklərində, uşaqlarını, silahlarını və heyvanlarını yanlarına alaraq Braziliyanın şərqindəki meşələrdə ağır-ağır irəliləyən, dünyanın yox olmağa üz tutmuş Ava qəbiləsi yaşayır. Bu qəbilə müstəmləkəçilər və qeyri-qanuni ferma sahibləri tərəfindən yox olmaq həddinə gətirilib. Hələ də "ev" saydıqları meşədə tam harmoniya içində yaşayan qəbilənin bir çox ailəsi çox sayda vəhşi heyvanı ev heyvanı kimi bəsləyir, qadınlar bu heyvanları böyüyənə qədər əmizdirirlər.
Yox olma təhlükəsi ilə qarşı-qarşıya olan qəbilənin insanları meşədə müasir dünyadan uzaq və güvəndədirlər. Bu səbəbdən çox az adam Ava qəbiləsi ilə tanışdır. Fotoqraf Domenico Pugliese də bu maraqlı qəbilə ilə vaxt keçirmək şansını yaxalayan şanslı insanlardan biridir.
Pugliesein qəbilə ilə ilk tanışlığı 2009-ci ildə jurnalist dostunun çayın aşağısına və qəbilənin "ev" dediyi yağış meşələrinə doğru edəcəyi iki günlük səfər təklifi nəticəsində baş verib.
Ailənin olduqca əhəmiyyət kəsb etdiyi bu qəbilədə ailə anlayışı yalnız insanlarla məhdudlaşmır. Heyvanların da ailənin parçası sayıldığı bu qəbilədə heyvanlar eynilə uşaqların valideynlərinə kömək etdiyi kimi meyvə dərir, fıstıq qırırlar. Ailənin qəbilə üçün əhəmiyyətini Pugliese bu sözlərlə ifadə edir: "Yetkin bir adamın ailəsiz və subay halda nə etdiyini anlamırlar. Məni seyr edirlər və mənə məsləhət verməyə çalışırlar. Ancaq haradan gəldiyimi bilmirlər. Dünyaya dair bir fikirləri yoxdur. Onlara haradan gəldiyimi, həyat tərzimi izah etmək mümkün deyil. Onlar üçün ailəsi olmayan bir adam qəbuledilməzdir".
Çöl donuzları, dələlər, quşlar və aguti kimi tanınan nəhəng gəmiricilər bəsləsələr də ən sevdikləri heyvan meymun olan qəbilə üçün primatlar olduqca əhəmiyyətli qida qaynağıdır. Ancaq bir bala primat ailənin içində doğar və əmizdirilərsə, onu heç vaxt yemirlər. Onu artıq ailənin bir hissəsi kimi qəbul edirlər.
"Dələləri və meymunları eynilə öz uşaqlarını əmizdirən kimi əmizdirirlər. Bu vəziyyət olduğumuz yerdən nə qədər uzağa gəldiyimizi izah edir. Təbiətə olduqca yaxındılar. Hətta, yaxın da deyil, onlar təbiətin bir parçasıdır" deyir Pugliese. Ancaq bu uyğunluq azaldıqca, yox olma riskləri artır.
Maranhao əyalətinə 500 il əvvəl İspan miqrantlar gələndə on minlərlə nəfərlik əhaliyə malik olan qəbilə hazırda yalnız 400 nəfərdir və bunlardan 60-ı xarici dünya ilə heç bir əlaqə qurmayıb. Müstəmləkəçilər tərəfindən gətirilən qrip, qızılca, suçiçəyi kimi xəstəliklər səbəbiylə ölən qəbilə üzvlərindən qalanlar isə kölələşdirilib, şəkər qamışı və kauçuk plantasiyalarında işlədilib.
Maranhao qəbilələri illər davam edən təzyiqlərdən sonra 1835-ci ildə Avropalı rəhbərlərinə qarşı əyalətdən 100 min yerli sakinin məhvi ilə nəticələnən bir qiyam törədib.
Soyqırımdan xilas olmaq üçün köçəri həyat tərzini mənimsəmək məcburiyyətində qalan qəbilə 200 il ərzində bacarıqlı ovçulara çevrilib və bir neçə gün içində tərk edəcəkləri sığınacaqları bir neçə saat içində tərk etməyi öyrəniblər. Yeni köçəri həyat tərzləri ilə əkinçilik adətlərini, hətta atəş yandırmağı da unudub Ava qəbiləsi.
Dünya Bankı və Aİ 1982-ci ildə "yerli xalqın torpaqlarını qoruması" üçün Braziliyaya 600 milyon avro kredit versə də qanunsuz ağac kəsən şəxslər bir 30 il daha yerli xalqın varlığı üçün təhdid səbəbi yaradıb.
"Indigenous Missionary Council"a görə, 2003-2010-cu illər arasında 450-ə yaxın adamın öldürüldüyü qəbilədə 2012-ci ildə 8 yaşındakı kiçik bir qızın qorunan regiondan kənara çıxdığında canlı-canlı yandırıldığı deyilir. Luis Karlos Guajajarasa görə, kiçik qız digər yerlilərə göz dağı vermək məqsədilə öldürülüb.
Hökumət ötən illərdə Ava torpaqlarını işğalçılardan təmizlədiyini açıqlasa da, bu torpaqlar daha böyük təhlükə ilə üz-üzədir. Amazonkada getdikcə artan yanğınlar üzündən. "Dünyanın Ağciyəri" kimi tanınan Amazonun şərqindəki geniş meşə sahələrini məhv edən yanğınların qəbilənin torpaqlarını plantasiya sahəsinə çevirmək istəyən fermerlər tərəfindən törədildiyi deyilir.
Moderator.az fotoqraf Domenico Pugliesenin çəkdiyi fotolardan bəzilərini təqdim edir: