Ramazan ayında bir qədər səngiyən el şənlikləri bu Mübarək ayın bitməsi ilə yenidən vüsət aldı. Sözümüz də elə toylarla bağlıdır, necə deyərlər, toylara Ramazan ayının prizmasından baxmağa çalışırıq.
Mynews.az islam.az-a istinadən bildirir ki, Ramazan ayının çoxsaylı fəzilətlərindən biri də budur ki, insan özünə, ötən Mübarək aydan keçən 11 aya bir nəzər salır, davranışlarını dəyərləndirir. Bu il də istisna deyildi. Zaman-zaman sosial şəbəkələrin fəal simaları və minbər sahibləri dəyərli fikirlərini bölüşür, camaatı lazımi istiqamətə yönləndirməyə çalışırdılar. Tez-tez də biz müsəlmanların ümumi bəlalarından söz açırdılar. Bu bəlalar sırasında isə səmimiyyətin olmaması ilklər sırasında yer alırdı.
İndi biz də, bu başbilənlərimizin, öndəgedənlərimizin Ramazan ayı boyunca nəsihətlərindən bəhrələnərək fikirləşirik ki, bu səmimiyyətsizliyin ən çox təzahür etdiyi hadisələrdən biri də toydur. Artıq heç kimə sirr deyil: əksəriyyət toya dəvətnamə alanda heç də sevinc hissləri keçirmir. Ona görə yox ki xalqımız simiclik, bədbinlik, əbədi qəmyemə virusuna yoluxub. Qətiyyən! Sadəcə bəlli iqtisadi durum şərtlərini diqtə etməkdədir. Artıq "toya dəvətnamə = 100 manat" teoremi cəmiyyətdə çoxdan sübutunu tapıb. 100 manat isə... Əksər vətəndaşlar üçün ağır sınaq, bəzən isə dəvət edən şəxsin yanında üzüqara olmamaq üçün mövcud borc məbləğinin üzərinə əlavə olunan 100 manatdır. Lakin bir-birimizə problemlər yaratmaqda davam edirik. Sanki "sən məni belə pis vəziyyətə saldın? Ala, bu da cavabı! İndi sən də bizdən bir dəvətnamə al!" prinsipi ilə yaşayırıq.
Bəs neyləməliyik?
Olmazmı ki, vəziyyəti kimsə qabağa düşüb dəyişsin? Məsələn, elə dindarlar övladlarına toy etsinlər, amma "dəftər" məsələsi olmasın? Yəni bunu cəmiyyətə təlqin etsinlər. Ağılabatandı belə şey? Toyun əvvəlində də çıxsın ev sahibi qonaqların qarşısına, desin "ay camaat! Bu gün toyda restoran prinsipi, "yedinsə pulunu ödə" prinsipi tətbiq edilmir! Allahın halalından yeyin, için, şənlənin! Tam səmimi şənlənin! Çünki "dəftər" olmayacaq! O cibinizdəki 50, 100 manatları da aparın balalarınıza xərcləyin, borc alanlar isə borc sahiblərinə qaytarsınlar! "Allah mübarək eləsin!" sözlərini də sidq ürəklə deyin! Balalarımıza səmimi qəlbdən səadət diləyin!"
Realdır belə ssenari? Ya yox? Ev yiyəsinə "yük düşəcək"? Gücü çatmayacaq bu toyun xərclərini qarşılamağa? Amma heç kim məcbur etmir ki, masa üzərində 20 cür "xolodnı", 10 cür "qoryaçiy" yemək olsun! Az olsun yemək, amma səmimiyyət olsun! Toyda masa arxasında əyləşənlərin qəlbi aram olsun, bu gün "yazdıracaqları" 100 manatı sabah hardan, hansı vasitələrlə kompensasiya edəcəklərini düşünməsinlər! Yəni hər imkan düşdükdə aradığımız SƏMİMİYYƏT bərqərar olsun!
Kimsə deyə bilər ki, bu artıq bizim milli adətimizə çevrilib, mentalitetimizin bir hissəsidir və s. Amma gəlin etiraf edək: həmən bu adətlərdən, mentalitetimizdən nələr qalıb ki? Əslində qorumalı olduğumuzu sürətlə itiririk, bəziləri tam itib, bəzilərinin də yaxın zamanlarda isi-tozu qalmayacaq, bircə bu "toy dəftəri" ilə bacarmayacğıq?
Əlbəttə, ilk addımı atmaq həmişə çətindir. Bunu etmək bəlkə də heç kimin biləvasitə vəzifəsi deyil. Amma olsa nə olardı e! Yox?