Uşağın cinsi kimdən asılıdır ANADAN yoxsa ATADAN?

757
Uşağın cinsi kimdən asılıdır ANADAN yoxsa ATADAN?

Uşağın doğulması böyük bir sevinc və xoşbəxtlikdir. Təəssüf ki, heç də hər ailəyə bu sevinci yaşamaq qismət olmur.

Lakin bunu anlamayan və uşağın cinsinə görə “narazı” olanlar da tapılır. Belə narazı olnaların əksəriyyəti kişilərdir – “filankəsin 2 oğlu var, mənim isə…”, “oğlan olmalıdır”, “oğlan istəyirəm” və s.

Qadınlar belə vəziyyətdə sıxılır, özünü günahkar hesab edir, buna görə qınaq və bəzən hətta şiddət  obyektinə çevrilir. Bu “rüsvayçılıqdan” qurtulmaq üçün yazıq qadınlar nələrə əl atır – saysız selektiv abortlar, riskli hamiləliklər, hətta ölüm. Yaxın günlərdə Respublika Perinatal Mərkəzində baş vermiş dəhşətli hadisə məhz bunun növbəti sübutudur…

Bu məqalədə biz uşağın cinsinin necə formalaşdığını və əslində kimdən asılı olduğunu sizə izah edərik.

Beləliklə, insan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir. Xromosomlar genlərdən ibarətdir. Məhz genlər bizim göz, dəri, saç rəngi, maddələr mübadiləsinin xüsusiyyətləri və s. özəllikləri haqqında bütün məlumatları başıyır. Genlər gen toplusunu (genotip) yaradır. Gen toplusu hər bir insanda fərqlidir.

Qadınların xromosom dəsti 46XX kimi, kişilərin – 46XY kimi işarə olunur. 44 xromosom qeyri-cinsi (dediyimiz kimi, göz, saç, dəri rəngi və s.), 2 xromosom isə cinsidir. Qadınlarda cinsi xromosomlar XX, kişilərdə XY kimi işarə olunur.

Spermatozoid və yumurta hüceyrəsinin hər birisində yalnız xromosomların yarısı, yəni 23 olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom, ki sonra bu hücerələr birləşəndə yeni orqanizmin tam xromosom dəsti (23+23=46) alınsın.

Qadınlarda bütün yumurta hüceyrələrində yalnız X cinsi xromosomları (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidləri isə fərqlidir – onlar ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).

Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.

Yumurta hüceyrəsi X-xromosomuna malik olan spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (23X+23X=46XX), Y-xromosomuna malik olan spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (23X+23Y=46XY) inkişaf etməyə başlayır.

Beləliklə, fiziki olaraq uşağın cinsinin formalaşmasında yalnız atanın “rolu” var, ananın isə heç bir rolu yoxdur.

Lakin bunu da demək tam düzgün deyil. Bəli, uşağın cinsini spermatozoid formalaşdırır, ancaq hər bir konkret halda hansı spermatozoid (X və ya Y) bunu edəcək nə kişi, nə də qadından asılı deyil və bunu qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Məhz bu səbəbdən uşağın cinsinə aid olan heç bir “hesablama” dəqiq nəticə vermir və verə də bilməz.

Bunu yalnız Uca Allahımız təyin edir.

Müqəddəs Quranda bu haqda konkret olaraq deyilir:

“Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan bəxş edir” (əş-Şura, 49).

Allahınmı qərarına qarşı çıxacaqsınız?

Xəbər lenti