Sparta dünya tarixinin ən sərt və amansız cəmiyyəti olub. Spartalılar hesab edirdilər ki, şəhər sakinləri istənilən düşmən işğalının qarşısını alacaq qədər güclüdürlər. Odur ki, sərhədlərini qorumaq üçün hündür divarlar tikmirdilər.
Tarixi mənbələrə görə, Makedoniyalı İskəndər məğlubiyyətdən qorxaraq, heç vaxt Spartanı işğal etmək barədə düşünməyib. Tarixi tədqiqatçılar bu cəsur şəhərin əsas sirrini spartalıların çağdaş insanı dəhşətə gətirən sərt tərbiyə üsulu ilə əlaqələndirirlər.
Mynews.az Sparta ailələrinin ən qəribə və ağılasığmaz tərbiyə metodlarını təqdim edir:
Zəif uşaqlara ölüm yolu
Sparta ailələrində zəif, xəstə və qüsurlu doğulan uşaqları taleyin ümidinə buraxırdılar. Bu şəhərdə ata yeni doğulan körpəsini məsləhət şurasına verirdi. Uşaq bir müddət yoxlanışdan keçirdi. Əgər hər hansı xəstəliyi və ya qüsuru aşkarlanarsa, ataya körpəsini özünün qazdığı quyuya atmaq əmr olunurdu. Uşaq bir müddət aclıqdan ölmürdüsə, valideynlərə övladını böyütməyə icazə verilir, hətta boş torpaq sahəsi ilə mükafatlandırılırdılar.
Təəssüf ki, bu çox az hallarda mümkün olurdu.
7 yaşdan etibarən kazarma həyatı
Analar övladlarının qayğısına uzun müddət qala bilmirdilər. Oğlan uşaqlarının 7 yaşı olan kimi "sparta tərbiyəsinə" hazır hesab olunur və ailələrindən alınıb, kazarmalara aparılırdılar. Burada onlar nəzarətçilər tərəfindən tərbiyə olunurdular. Nəzarətçilər oğlanları döyüşə alışdırmaq üçün, bir-birinə qarşı qəzəbləndirir və döyüşdürürdülər.
Uşaqlar özlərini layiqli aparmayanda nəzarətçi onları qamçılayırdı. Bundan xəbər tutan ata da, mütləq öz övladını qamçı ilə döyməli idi. Bununla tərbiyəçilər digər uşaqların gözünü qorxudurdular ki, eyni hal bir daha yaşanmasın.
Sağ qalmağın əsas yolu
Sparta tərbiyəsində oğlan uşaqları yalnız ən zəruri əşyalarla təmin olunurdular. Ayaqqabısı olan uşaq yoldaşları arasında ən şanslı hesab edilirdi, çüki adətən oğlanlar ayaqyalın gəzirdilər. Onların hamısının əynində sadə nazik plaş olurdu.
Kazarmada tərbiyə alan uşaqlar çox zəif qidalanırdılar. Onlara aclıqdan ölməsinlər deyə gündəlik yemək verilirdi. Bununla tərbiyəçilər uşaqları qəsdən çörək və ərzaq oğurluğuna sövq edirdilər. Nəzarətçilər uşaqları oğurluğa öyrədərkən onlarla şərt kəsirdilər. Oğurluq üstündə yaxalanan oğlanlar möhkəm döyülür və bir tikə çörəkdən də məhrum edilirdilər.
Ac uşaqların pendir davası
Spartalıların qeyri-adi və amansız adətləri var idi. Onlar ilahə Artemidanın heykəlinin önünə bir dilim pendir qoyurdular. Ac kazarma uşaqları həmin pendir uğrunda savaşa çıxırdılar. İnsanlar isə oturub, onlara tamaşa edirdilər. Şəhərin ağsaqqaları isə uşaqları daha da qızğın davaya sövq edirdilər. Heykəlin ətrafına toplaşan şəhər əhalisi uşaqların pendir uğrunda mübarizəsindən zövq alır, heyrətlə baxıb gülürdülər.
Spartanın bərbad milli mətbəxi
Spartada səfərdə olub, milli mətbəx nümunələrini dadan italiyalı səyyah öz xatırələrində yazırdı: "Mən indi anlayıram ki, spartalılar ölümdən niyə qorxmurlar. Buranın ən ləziz xörəyi sayılan qanlı, sirkəli qara ət bulyonunun görüntüsü də, insanda ikrah oyadır. Təsəvvür edirsinizmi, bu qanlı bulyonu yeyən oğlanlar necə qəddar və güclü böyüyürlər?! Onlar üçün ölüm belə qorxulu deyil".
Sual-cavab və cəza
Uşaqlar şam yeməyi yedikdən sonra, nəzarətçi onların yanına gəlib, sullar verməyə başlayırdı. Bu suallara uşaqlar tez və ağıllı cavablar verməli idilər. Əks halda çubuqla barmaqlarına vururdular. Cəzalandırma prosesi bitəndən sonra nəzarətçi öz rəhbərinin yanına göndərilirdi. Uşaqlara verdiyi cəzanın sərtliyi və yumşaqlığı nəzərə alınaraq nəzarətçiyə də cəza kəsilirdi.
Amansız ictimai işgəncələr
Spartada dünyaya gələn oğlanların peşə seçimi yox idi. Onlar hamısı hərbçi olmaq məcburiyyətində idilər. Hər il Spartada "Diamastigosis" adlı amansız festival keçirilirdi. Yeniyetmə oğlanları insanların qarşısına gətirirdilər. Hər kəs bir-bir qamçı ilə oğlanları döyür, onlara ağır xəsarət yetirirdilər. Kazarmada böyüyən cəsur oğlanlar bu festivala öz istəkləri ilə qatılır, fiziki işgəncələrə digərlərindən daha çox dözə biləcəklərini sübut etməyə çalışırdılar.
Digər mədəniyyətlər üçün bu festival o qədər qəribə sayılırdı ki, hər il "Diamastigosis" mövsümündə Spartaya axışıb, ictimai işgəncələri öz gözlərilə görmək istəyirdilər. Bundan xəbər tutan spartalılar tezliklə bu festivalı teatr tamaşasına çevirib, yaxşıca pul qazanmağa başladılar.
"Möhkəmləndirmə" ayini
Spartalılar öz qullarını "ilot" adlandırır və onlarla çox amansız davranırdılar. Onlar böyütdükləri yeniyetmə hərbçiləri yedirdib, əllərinə qılınc verir və əkin sahələrində işləyən ilotların üzərinə göndərirdilər. Gənc döyüşçülər amansızca qulları qətlə yetirdir, bununla təcrübə qazanıb, biliklərini möhkəmləndirdiklərini düşünürdülər. Buna görə də bu ayin "möhkəmləndirmə" adlanırdı.
Spartalıların dəfni
Ahıl yaşında dünyasını dəyişən spartalı şəhər əhalisi üçün heç bir əhəmiyyət daşımırdı. O, adsız qəbirdə dəfn olunurdu. Bir spartalı üçün ən böyük şərəf müharibə zamanı ölmək idi. Yalnız bu halda hərbçi dərin hörmətlə dəfn olunur və məzar daşı üzərində adı həkk edilirdi.
Bu qanun qadınlara da, şamil edilirdi. Müharibədə və ya doğum zamanı dünyasını dəyişməyən qadını basdırmağa da, icazə verilmirdi. (publika.az)