Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov həm də “Baku City Circuit”un (BCC) icraçı direktorudur.
53 yaşlı Azad Rəhimov 1981-86-cı illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb. 1986-1987-ci illərdə hərbi xidmət keçən gələcək nazir Azad Rəhimov 1987-1989-cu illərdə Bakı şəhəri Xətai rayon Komsomol Komitəsinin katibi işləyib. Daha sonra iki il Xətai rayon Komsomol Komitəsinin 1-ci katibi vəzifəsini tutub.
1990-1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri postunu tutmuş A.Rəhimov sonrakı fəaliyyətini biznes sahəsində qurub.
Belə ki, o, 1994-1998-ci illərdə "Ros-İmesko" MMC-nin baş direktoru, 1998-2006-cı illərdə isə "İtaldizayn" QTSC-nin baş direktoru işləyib.
2006-cı ildə ölkə başçısının sərəncamı ilə Azad Rəhimov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunub. Cənab Rəhimov artıq 11-ci ildir nazir postunu tutur.
Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır.
Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Azad Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib.
2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir.
Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır.
Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, "Baku Grand Prix" şirkəti artıq iki ildir Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula-1″in "Qran Pri" yarışının təşkilatçısıdır. Bakıda ən yüksək səviyyədə keçirilən müsabiqə ilə Azərbaycan postsovet məkanında Rusiyadan sonra "Formula-1" yarışına ev sahibliyi edəcək ikinci ölkə oldu.
Arif Rəhimovun bir qız övladı var
big.az