Əksər valideynlər doğulacaq övladının cinsiyyəti ilə bağlı müəyyən maraq içərisində olur. Bununla yanaşı bəzi cütlüklər gələcəkdə planlaşdırdıqları övladlarının cinsiyyətini də əvvəldən müəyyən etmək istəyirlər. Məsələn, kimisi qızının, kimisi də oğlunun olmasını arzulayır. Bu səbəblə də onlar müxtəlif türkəçarələrdən istifadə edirlər. Bunların arasında yatağın altına taxta qaşıq və ya uşaq paltarları qoymaq kimi absurd inanclar da yer tutur. Mynews.az ailem.az-a istinadən bir ananın qızı olması üçün istifadə etdiyi qəribə üsuldan danışacaq.
Belə ki, Bronwyn Brady adlı iki oğul anası üçüncü uşağının qız olması üçün qidalanma tərzini dəyişib. O, hamiləliyi boyunca pomidor, kartof və banan yeməyərək üçüncü uşağının qız olmasına vəsilə yaradıb. 32 yaşlı Bronwyn əvvəlki hamiləliyi dövründə necə qidalandığını da açıqlayıb: "Bir az araşdırdıqdan sonra insanların oğlan sahibi olmaq üçün yedikləri nə varsa, onları yediyimin fərqinə vardım. Bolluca qırmızı ət və enerji verən, tərkibində dəmir yüksək olan qidalardan ibarət bir pəhrizim var idi. Düşündüm ki, çox yediyim kartof və banan kimi qidalar mənim oğlan uşağına sahib olmağıma səbəb olub. Bu qidaların tərkibindəki potasium mineralının uşağın oğlan olmasına köməklik etdiyini öyrəndikdə hamiləlik ərəfəsində onları yeməkdən imtina etdim. 2008-ci ildə aparılan bir araşdırmaya görə, hamilə qalmaq istəyərkən daha çox kalori alan və daha çox banan yeyən qadınların əksəriyyətinin övladları oğlan olub".
Gənc ananın araşdırmasına görə, "az ye, hər şeydən ye" pəhrizi qız uşağına sahib olmanın ən təsirli yoludur: "Tarixdə aclıq çəkən və ya müharibə zamanındakı qadınların daha böyük faizlə qız uşağı sahibi olmasının səbəbi budur. Tarixən daha çox və daha kalorili qidalanan varlı qadınların əksəriyyəti oğlan uşağı dünyaya gətirirlər".
Qeyd edək ki, Bronwyn hamiləliyi boyunca kartof, pomidor, banan, duzlu qidalardan və qırmızı ətdən də uzaq durub. Daha çox süd və qarağat suyu içməyə başlayıb.