USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Güzgü qarşısında namaz qılmaq olarmı?

23:20 11.02.2017
Güzgü qarşısında namaz qılmaq olarmı?
23:20 11.02.2017

Ümumiyyətlə ayna qarşısında namaz qılmağa gəldikdə, bu barədə şəriətdə bunu qadağan edəcək bir dəlilə rast gəlinməyib. Yəni güzgü qarşısında namaz qılmaq haramdır deyə bir əmrə rast gəlinməyib. Ancaq bir məsələ var ki, o da namazda xüşu halında olmaq əmridir. Xüşu namazda qəlbi Allaha yönəltmək deməkdir: "Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) mütfi olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)" (əl Muminun, 1-2).
Mynews.az zikr.az-a istinadən bildirir ki, namazın bəzi şərtləri var. Namaza mane ola biləcək hər bir əngəl ortadan qaldırılmalıdır. Məsələn, namaza əngəl olan bədənin natəmizliyi qüsl və dəstəmaz almaqla ortadan qaldırılır. Namazda övrət yerinin örtülməsi şərti paltar geyinməklə gerçəkləşir və bununla da əngəl ortadan götürülür və s.
Məlum olduğu kimi, namaz yalnız bədən hərəkətindən ibarət olmayıb, bədən, dil və qəlbin sintezindən meydana gələn mürəkkəb bir ibadət şəklidir. Buna görə yuxarıda qeyd edilən namazın zahirinə mane olan əngəllərin götürülməsi kimi, eyni zamanda insanın namazda yaşanacaq daxili aləminə mane ola biləcək əngəllərin də ortadan qaldırılması gərəkdir.
Xəbərlərdən bizə məlum olduğu kimi, Rəsulullahın (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) həyatında çox hadisələr olub ki, o, namazda xüşuya mane ola biləcək əngəlləri aradan qaldırmışdır. Ənəs (Allah ondan razı olsun) rəvayət edir: "Aişə (Allah ondan razı oısun) naxışlı və bəzəkli örtünü evin bir kənarından asmışdı. Rəsulullah (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurdu: "Bu örtünü buradan götür. Çünki onun naxış və bəzəkləri namazda məni məşğul edir". (Buxari).
Digər bir hədisdə möminlərin anası Aişə (Allah ondan arzı olsun) belə anladır: "Rəsulullah (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) ağ-qara cizgili bir köynək ilə namaz qıldı. Namazdan sonra: "Bu cizgili köynəyi Əbu Cəhmə aparın və mənim sadə köynəyimi gətirin. Çünki bu köynək fikrimi namazdan yayındırır". (Buxari).
Yenə namazın vaxtı, ac ikən yemək hazır olduğu zamana təsadüf edərsə, birinci namazmı yoxsa yeməkmi seçiminə gələrkən Rəsulullah (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) birinci yeməyin yeyilməsini tərcih etdi. Bu hər halda namazda firkin yeməyə yönəlməməsi üçündür.
Allah Rəsulu (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə buyurur: "Yemək hazır olunca namaz yoxdur. Ayaqyoluna getmək ehtiyacı olduqda da namaz yoxdur". (Müslim).
Yenə, namaz qılmaqdan qabaq sakitliyi təmin etməyi də buyurmuşdur: "Nə yatanın, nə də danışanın qarşısında namaz qılma". (Əbu Davud).
Sizin "ayna qarşısında namaz qılmaq olarmı?" sualınıza gəldikdə isə bilmək lazımdır ki, bütün yuxarıdakı Allah Təalanın əmrlərinə və Rəsulullahın (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) uyğulamasına baxdıqda bu qənaətə gəlmək olar ki, əgər güzgü insanı əks etdirəcək və namaz vaxtı onun fikrini yayındıracaqsa, bu halda ya güzgü götürülməli, ya üstü örtülməli, ya da namaz qılınan yer dəyişdirilməlidir. Yox əgər mane olmursa, onda güzgü tərəfə namaz qılmaqda bir zərər yoxdur.


Xəbər lenti

300x200r