Çoxlu səfalı, axar-baxarlı kəndləri olan Dağıstanda təkcə Rusiyadan deyil, Azərbaycandan da insanları cəlb edən bir kənd var. Bu, şəfaverici qaynar bulaqları ilə məşhur olan Axtı kəndidir. Azərbaycanla sərhədin yaxınlığında yerləşən Axtı ölkəmizin şimal bölgələrinin sakinləri arasında xüsusilə populyardır. Bura müalicə olunmağa gələn turistlər dağ mənzərələrinin möhtəşəmliyinə, bağ-bağata, qədim memarlıq üslubuna və yerli sakinlərin hədsiz qonaqpərvərliyinə valeh olurlar.
Dağlarda şəfa ocağı
Axtı rayonunun inzibati mərkəzi – Axtı kəndi Azərbaycanla sərhədin cəmi 35 kilometrliyində, Axtıçay və Samur çaylarının qovuşduğu yerdə, dəniz səviyyəsindən min metrdən çox yüksəkdə, mənzərəli dağ zirvələrinin əhatəsində yerləşir. Təqribən 15 min əhalisi olan bu ləzgi kəndi Dağıstanın əsas mədəniyyət və turizm mərkəzlərindən biri hesab edilir. Axtı kəndinin minimum 3 min il yaşı var. Bunu yerli Diyarşünaslıq Muzeyində saxlanılan çoxsaylı tapıntılar təsdiq edir. Axtı tarixin müxtəlif dönəmlərində Qafqaz Albaniyasının, Sasanilər İmperiyasının, Şirvanşahlar dövlətinin və digər dövlətlərin tərkibinə daxil olub.
Axtı əsrlər boyu şəfalı qaynar bulaqları ilə şöhrət qazanıb. Tarixi sənədlərdə bu bulaqlar barədə ilk məlumat eramızın VI əsrinə aiddir. Axtı bulaqları 1400-1700 metr dərinlikdən dağların şist laylarını yararaq böyük təzyiq altında səthə çıxır. Bu suların tərkibi hələ çar Rusiyası dövründə tədqiq edilib və bir sıra xəstəliklərin müalicəsində çox səmərəli olduğu təsdiq edilib. Bulaqların yerində dəfələrlə hamamlar tikilib, yenidən qurulub. Sovet dövründə bulaqların infrastrukturu inkişaf etdirilib, burada pansionat, mehmanxana, “Axtı” müalicəvi süfrə suyunun qablaşdırılması üzrə zavod tikilib.
“Axtı” balneoloji kurortu hazırda ümumi ərazidə yerləşən 14 hidrogen sulfitli, yodlu-bromlu və radonlu bulağı əhatə edir. Bu bulaqlar şərti olaraq “Hamam” adlanan yuxarı və “Jeni” adlanan aşağı hamamlara bölünür. Temperaturu 50-52 dərəcə olan ən qaynar sular yuxarı hamamları təchiz edən “əsgər”, “zabit”, “kişi”, “qadın” adlanan bulaqlarındır. Yuxarıdakı bulaqların bir kilometrliyində yerləşən “Jeni” bulaqlarında suyun temperaturu 43 dərəcə civarındadır. Məsələn, “Буругъ Яд” bulağının hidrokarbonat-xlorid-natriumlu suyu mineral tərkibinə görə Yessentukidəki duzlu-qələvili sulara yaxındır.
Qaynar Axtı bulaqlarının suları oynaq revmatizminin və radikulitin müalicəsi üçün vanna şəklində, yüksək turşuluqlu qastritlərin, mədə xorasının, onikibarmaq bağırsaq və bir çox digər xəstəliklərin müalicəsində daxilə qəbul şəklində əvəzolunmazıdır. Hidrogen sulfid dəri və tənəffüs yolları vasitəsilə orqanizmə fəal daxil olur. Mineral vannalar onurğa, sinir və ürək-damar sistemləri xəstəliklərinin müalicəsində də səmərəlidir.
Axtıda sərin sulu bulaqlar da var. Məsələn, onlardan biri Axtıdan kimsəsiz Kudçax kəndinə gedən yolda yerləşir. Bulağın suyu ( 27,5 dərəcə) maqneziumla zəngindir. Axtı qalasının qarşısında suyunun temperaturu 32,7 dərəcə olan sodalı bulaq yerləşir. Onun suyunu mədə-bağırsaq traktı, qaraciyər, öd yolları xəstəliklərində və maddələr mübadiləsinin pozulması zamanı içmək tövsiyə olunur. Bu suda çimmək qan dövranını yaxşılaşdırır, sinir sistemini möhkəmləndirir, yuxunu və iştahanı yaxşılaşdırır.
Palçıqla müalicə Axtıda daha bir unikal müalicə metodudur. “Jeni” bulaqlarının yanında eyniadlı palçıq müalicəxanası yerləşir. Onun ərazisindəki müalicəvi təbii palçıq gölü revmatizmin, dayaq-hərəkət aparatı xəstəliklərinin, idman travmalarının, dəri xəstəliklərinin və bir çox digər patologiyaların müalicəsində əvəzolunmazdır. Müalicəxananın müdiri Palmira Bursalova bizə dedi ki, pasiyentlər isti müalicəvi palçığın içinə girməklə bərabər, bədənin zədələnmiş nahiyələrini palçıq applikasiyaları ilə müalicə edən kabinet prosedurlarından keçə, habelə bulaq suyu vannası qəbul edə bilərlər. Bu cür müalicənin səmərəsi hətta ən ümidsiz hallarda da dərhal nəticə verir və uzun müddət təsirini itirmir.
Müalicəxanaya gələnlərdən biri, mahaçqalalı bədən tərbiyəsi müəllimi Murad Əmiraslanovun sözlərinə görə, o, xroniki artrozun müalicəsi və profilaktikası üçün dalbadal 4 ildir Axtıya gəlir. Palçıq vannaları ilə su prosedurları sağlamlığına dərhal təsir göstərir və onu gümrahlaşdırır. Artıq ikinci və üçüncü prosedurdan sonra ağrılarını unudur və yarım ilə qədər müddət ərzində özünü dərmansız çox yaxşı hiss edir.
Kurortun daimi müsafirlərindən biri, bakılı tibb bacısı Elmira Əliyeva isə deyir ki, Axtıda müalicənin çox güclü səmərə verməsini yalnız suyun tərkibi və ya müalicəvi palçıqla bağlamaq olmaz. Bu diyarın qeyri-adi havası, büllur kimi suyu və ekoloji təmiz məhsulları var. Məhz bu faktorların hamısının birləşməsi pasiyentlərin qısa müddətdə şəfa tapmasına kömək edir, haqlı olaraq Axtıya beynəlxalq səviyyəli müalicəxana şöhrəti qazandırır.
Çar qalası və yaraşıqlı körpü
Axtı kəndinin turizm infrastrukturu yenicə formalaşır. Buna baxmayaraq, yaxşı müalicə almaq və mənalı vaxt keçirmək üçün burada geniş imkanlar var. Axtıya gələnlər ya pansionatlarda, ya da hotellərdə qala bilərlər. Məsələn, “Jeni” bulaqları zonasında “Axtı” hotel-pansionatı işləyir. Hotelin 7 otağında hər cür rahatlıq yaradılıb. Hotelin birinci mərtəbəsində yeddi hamam nömrəsi yerləşir. Bulaqların şəfalı suyu bu nömrələrin hər birində yerləşən hovuzlara daxil olur. Pasiyentlər “Jeni” palçıq müalicəxanası nəzdindəki ayrı-ayrı nömrələrdə də yerləşə bilərlər. Axtıda “Samur” əyləncə kompleksi və hoteli fəaliyyət göstərir. Onun haqqında ayrıca danışacağıq.
Axtının tarixi ilə tanış olmaq üçün ilk növbədə 1937-ci ildə yaradılmış Axtı Diyarşünaslıq Muzeyinə getmək lazımdır. Rayonun və ləzgi xalqının tarixi-mədəni və coğrafi özünəməxsusluğunu əks etdirən 12 mindən çox eksponatı olan bu muzey Rusiyanın ən yaxşı kənd muzeylərindən biri sayılır. Eksponatlar daş dövründən tutmuş zəmanəmizə qədər olan dövrü əks etdirir. Muzeyin birinci mərtəbəsində rayon ərazisində tapılmış tarixdən əvvəlki heyvanların daşlaşmış qalıqları, qədim insanların əmək alətləri, qədim sikkələr, memarlıq elementləri, müxtəlif silahlar, bəzək əşyaları, əlyazmalar kolleksiyası təqdim edilib. İkinci mərtəbədə Axtını şöhrətləndirən şəxsiyyətlərin, o cümlədən adlı-sanlı idmançıların portretlərini və şəxsi əşyalarını, milli geyim nümunələrini və digər maraqlı eksponatları görmək olar. Muzeyin ekspozisiyası Axtıya yaxından bələd olmağınıza və görməli yerlərin marşrutunu cızmağınıza kömək edəcək. Məsələn, belə yerlərdən biri maketi muzeyin zallarından birində nümayiş etdirilən Axtı qalasıdır.
1839-cu ildə çar generalı Y.A.Qolovin tərəfindən inşa edilmiş Axtı qalası Rusiya ərazisində ən cənub qaladır. Samur vadisində Rusiya İmperiyasının dayaq bazası olan bu qala möhkəm divarlardan, əsgər kazarmalarından və barıt anbarından ibarətdir. 1848-ci ildə imam Şamilin qoşunları axtılılarla birlikdə onu ələ keçirməyə çalışıblar, amma taktiki məğlubiyyətə uğrayıblar. Sovet dövründə qaladan müxtəlif ehtiyaclar üçün istifadə olunub. Hazırda burada tarix-mədəniyyət kompleksi yaratmaq planlaşdırılır.
Axtı kəndinin bir çox baxmalı-görməli yerləri arasında məşhur bir körpü diqqəti cəlb edir. Əcnəbi mühəndislər - belçikalı Ciors və italyan Debernardi tərəfindən layihələndirilən bu körpünün tikintisi 1915-ci ildə başa çatıb. Coşqun Axtıçay üzərindən salınmış yaraşıqlı tarixi körpüdən indiyə kimi istifadə olunur. Yerli mühəndis İdris Yunusov tərəfindən 1936-cı ildə tikilmiş “УстІа Идрисан Муьгъ” körpüsü də yüksək mədəni dəyər kəsb edir.
Əsası 1300 ildən çox əvvəl ərəb sərkərdəsi Əbu Müslim tərəfindən qoyulan və hazırda Axtıda fəaliyyət göstərən 5 məsciddən biri olan gözəl Cümə məscidini xatırlatmamaq olmaz. XIX əsrin sonunda məscid əsaslı şəkildə yenidən qurulub. Günbəzin parıltısı kəndin ən uzaq guşələrindən aydın görünür.
Dar-dolanbac Axtı küçələrində dolaşarkən hər birinin 200-300 il yaşı olan qədim evlərin bir-birini əvəzlədiyini görürsən. Bu evlərin bəziləri başlı-başına buraxılıb, bəzilərində isə indiyədək adamlar yaşayır. Çayboyu uzanan dik qayaların üstündəki evlər xüsusilə maraqlıdır. Bu evlərin zamanın sınağından keçən arxitekturası təəccübləndirməyə davam edir.
Ləzgi pəhləvan və Afrika dəvəquşuları
Turistlər Axtıçayın hər iki sahilində yerləşən Axtı kəndinin tam mənzərəsini seyr etmək üçün Kelezhev dağının zirvəsində yerləşən Şarvili memorialına qalxırlar. Kəndin məscidləri, körpüləri, evləri və küçələri, habelə qala buradan ovuc içi kimi görünür.
Şarvili qeyri-adi gücə malik ləzgi pəhləvan, 20 rəvayətdən ibarət eyniadlı dastanın qəhrəmanıdır. Hər yay Axtıda Şarvili bayramı keçirilir. Yaxşı olar, Axtıya məhz həmin dövrdə gələsiniz. Bayram vaxtı kəndin küçələri al-əlvan rənglərə bürünür. Cənubi Dağıstandan və Şimali Azərbaycandan minlərlə qonaq Axtıya axışır. Kəndin girəcəyində onları milli geyimli müğənnilər və rəqqaslar, yapıncılı atlılar qarşılayırlar. Bayramın ən maraqlı məqamı Kelezhev dağına qalxmaqdır. Rəvayətə görə, xalq qəhrəmanının “məğlubedilməz” qılıncı buradadır. Zirvəsində rodonda (girdə və ya yarımgirdə qübbəli kiçik bina) inşa edilmiş dağa 222 pillədən ibarət pilləkənlə qalxırsan.
Həmin gün Axtının musiqi meydanlarında qədim və müasir mahnı və rəqslər ifa olunur, milli idman növləri olan daşqaldırma, diskatma, qol güləşi, güləş yarışları keçirilir, parklarda kəndirbazlar və jonqlyorlar çıxış edirlər. Həmin gün Axtı muzeyləri pulsuz işləyir.
Böyük, şirəli və şirin Axtı almaları ayrıca söhbətin mövzusudur. Dağıstan ərazisində günəş işığının davamiyyəti Axtıda daha uzunmüddətlidir: ildə 2553 saat. Yumşaq iqlim, təmiz hava və su, kimyəvi maddələr istifadə edilməyən ənənəvi bağçılıq və bostançılıq sayəsində yerli meyvə-tərəvəz çox dadlı və faydalıdır. Buna əmin olmaq üçün yerli bazara baş çəkmək kifayətdir!
Axtının ən qəribə görməli məkanlarından biri isə “Samur” əyləncə kompleksi ərazisində yerləşən dəvəquşu fermasıdır. Dağıstan dağlarında dəvəquşulara rast gəlməyin özü ağlasığmaz məsələdir. Amma burada dəvəquşu var, özü də bir dəstə. Sən demə, dəvəquşu yetişdirmək elə də çətin deyil və praktiki olaraq, istənilən ölkədə mümkündür. Afrikada yaşayan bu quşlar dünyada ən böyük quşlar sayılır, xüsusi qulluq tələb etmir, 60-70 il yaşayır və Axtı kəndində də özlərini çox rahat hiss edirlər.
Doğma kənddə dəvəquşu ferması yaratmaq ideyası yerli sahibkar və mesenat Cigərxan Süleymanova məxsusdur. Hazırda kompleksin ağılında təqribən 25 quş var. İstənilən adam gedib onlara tamamilə pulsuz tamaşa edə bilər. Dəvəquşular hər birinin çəkisi 1000-1400 qram olan yumurta yumurtlayır.
Doğrudur, dəvəquşu ətinin dadına baxmaq istəyənlər həmişə tapılar, amma “Samur” kompleksinin restoranının menyusunda nə dəvəquşu ətindən, nə də yumurtasından hazırlanmış yeməklərə təsadüf etdik. Kompleksin əməkdaşlarının sözlərinə görə, C.Süleymanov dəvəquşuları daha çox özü üçün saxlayır, çünki canlı təbiətin vurğunudur. Kompleksin ərazisində tovuz quşu, firəngtoyuğu, qırqovul və digər maraqlı quşlar da saxlanılır. Əlbəttə, bəzən dəvəquşuları da kəsirlər. Kompleksin sahibi dəyərli müsafirlərini bu quşun ətinə qonaq edir.
Ola bilsin, yaxın gələcəkdə restoranda dəvəquşu ətindən yeməklər, on-on iki adamı doyurmağa kifayət edən yumurtasından qayğanaq bişirməyə başlayacaqlar. Hələlik isə ferma yerli sakinlər və turistlər üçün bir növ pulsuz attraksion rolu oynayır.
Axtılılar gəlmələrin diqqət mərkəzində olmağa çoxdan alışıblar. SSRİ dövründə burada hətta aeroport fəaliyyət göstərirdi. Bu ümumittifaq şəfa ocağı o qədər populyar idi ki, bura Bakıdan, Mahaçqaladan, Tbilisidən, Krasnavodskdan müntəzəm reyslər həyata keçirilirdi. Əvvəllər olduğu kimi, bu gün də Axtı qonaqlarını qeyri-adi mehribanlıqla və ehtiramla qarşılayır.
E