Azərbaycanın İsmayıllı rayonunun yüksək dağlıq ərazidə yerləşən Lahıc kəndi qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidəsidir. Tarixi çox qədimlərə gedib çıxan bu şəhər möhtəşəm küçə və meydanları ilə Qafqazda və ondan kənarda ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biri sayılır.
Hesab olunur ki, əsrlər boyu rus çarlarının geydikləri əfsanəvi Manomax papağını məhz burada - Lahıcda hazırlayıblar.
Mynews.az sputnik.az-a istinadən bildirir ki, kənd xüsusilə də oyma ornamentlə bəzədilən soyuq silah və mis qabların hazırlanmasıyla məşhurdur. Dədə-baba sənətini bu günə qədər davam etdirən ustalar emalatxanalarda onların işinə heyranlıqla baxan turistlərin gözü qarşısında məişətdə istifadə edilən müxtəlif əşyalar hazırlayırlar.
Lahıcın ilk məhəlləsinin əsası III-IV-ci əsrlərdə qoyulub. Maraqlıdır ki, şəhərdə min beş yüzdən artıq yaşı olan su və kanalizasiya sistemi fəaliyyət göstərir. Mərkəzi küçənin altında, 1 metr dərinlikdə 2 km uzunluğu olan üçsəviyyəli kollektor çəkilib. İlk iki səviyyədə xətlərlə içməli su və texniki işlərin görülməsi üçün su axır. Kollektorun aşağı hissəsi - çay daşından düzülmüş düzbucaqlı novça hər bir evin həyətində olan dəliklərdən daxil olan çirkab sular üçün nəzərdə tutulub. Sakinlərdən heç kim kanalizasiyanın harada başlayıb harada qurtardığını, hansı prinsiplə işlədiyini bilmir. Lakin bu, kollektorun uzun əsrlər boyu işləməsinə mane olmur. Bu gün Lahıc dövlət tərəfindən qorunan tarixi-memarlıq abidəsidir və məskənin zahiri görünüşü əvvəlki vəziyyətdə saxlanılıb.
Lahıcın ən möhtəşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahicın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunub. Binaya giriş iki tərəfdən mümkündür: birinci istiqamət Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikinci istiqamət Girdiman çayının sol sahili tərəfdən. Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırır.
Lahıc həmdə uzun ömürlülər diyarı kimi tanınır. Hələ qədim zamanlardan buralara insanların uzun ömürlü olmasının sirlərini açmaq və onların nəylə qidalanmasının öyrənilməsi üçün gəlirdilər. Bu insanlar təbii qidalara üstünlük verdikləri, həmişə açıq havada işlədikləri üçün uzunömürlü olublar. Dünyanın 100 ildən çox yaşayan insanları siyahısında ön sıralarda olan azərbaycanlılar da var. Bunun əsas səbəbi isə təmiz, ekoloji pak məhsullarla qidalanmanı göstərirlər. İndinin özündə də bu məkan turistləri özünə cəlb edir. Burda hazırlanan bütün məhsulların özünəməxsus tamı, gözəlliyi və görünüşü var. Məhz buna görə də, hazırda ölkəmizə axın edən ərəb turistlərində ən çox ziyarət etdikləri məkanlardan biri Lahicdır. Gün ərzində kəndə 800-1000 arası turistin gəldiyi vurğulanır.
Turistlərin diqqətini ən çox cəlb edən buranın sənətkarlıq nümunələridir. Lahıc əbəs yerə "qırx sənət şəhəri" adlandırılmır. Əzəldən bəri Lahıcda metal emalından sonra ən inkişaf etmiş sənət dəri istehsalı olub. Lahıc dabbaqları şaqren, tumac, yufu aşılamağı bacarırdılar və sonra bunlardan incə zövq və məharətlə cürbəcür məmulatlar - ayaqqabı, qayış, dəri canlıq, kitab cildi, yüyən hazırlanırdı. Kustar xarakterdə olan yerli dəri istehsalının bazasında digər sənət növləri də inkişaf edib: sərraclıq, pinəçilik, papaqçılıq, xəzçilik. Burada həmçinin xalça toxuyur, suvenir və milli geyim hazırlayırlar. Yeniyetmə vaxtından gözünün nurunu itirən qocaman usta Azad Manafov bu yerlərin fəxridir. Görmə qabiliyyətinin itməsi ona yəhər qayışı, yəhər, üzəngi və s. düzəltməyə mane olmayıb.
Bir sözlə, Lahıc bütün sahələrdə sizdə xüsusi hisslər oyada biləcək başqa bir aləmdir.