Qədim əşyalara marağı olan insanlar çoxdu. Bir çoxları bunu eksponat kimi saxlayır.
Publika.az bildirir ki, Xəzər TV-nin təqdim etdiyi şəxsin sahib olduğu əşyalar isə nəyinki qədimdir eyni zamanda işlək vəziyyətdədir və gündəlik həyatında bunlardan istifadə edir.
Bərdənin Alpout kənd sakini Əvəz Əliyev atasından və babasından qalan bu əşyaları hələ də qoruyub saxlayır. 63 ildir ki, işlək vəziyyətdə olan soyuducu bu günə qədər bir dəfə də təmir edilməyib. Yay-qış dayanmadan fəaliyyət göstərən bu məişət texnikası enerjiyə də qənaət edir.
1963-cü ildə istehsal edilən Volqa avtomobili də işlək vəziyyətdədir. Sahibinin sözlərinə görə, 54 ilin avtomobilində yalnız bir dəfə rəngləmə işi və salonunda bir qədər yeniliklər aparılıb. Başqa heç bir detalı dəyişilməyib. Avtomobillə şəkil çəkdirmək istəyənlərlə yanaşı, toy edən cütlüklər də bu Volqada gəlin gətirmək istəyirlər. Əvəz Əliyev deyir ki, son bir neçə ildə bu avtomobili gəlin maşını kimi istifadə edənlərin sayı artıb.
Yüksək məbləğə avtomobili satın almaq istəyənlər də olub. Lakin, Əvəz Əliyev atasından yadigar qalan bu avtomobili satmaq istəmir.
Bu qədim xalça da Əvəz Əliyevin sevdiyi əşyalardan biridir. Uzun illərdir ki, evində saxladığı bu Qarabağ xalçasının 2 əsrdən artıq yaşı var.
Xalçanı satın almaq istəyənlər çox olsa da, sahibi onu satmaq istəmir və yaxın vaxtlarda Tarix muzeyinə təhvil vermək niyyətindədir.