Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun iki alimi 1982-ci ildə əfsanəvi “Bermud üçbucağı”nda olub. Onlardan biri – geologiya-mineralogiya elmləri doktoru Xəlil Əliyulla dünyasını dəyişib.
Digəri isə İnstitutun baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Rüstəm Babayevdir. Azens.az saytı onun danışdıqlarını sizə təqdim edir. Səfər 1982-ci ildə olub. Hazırda çalışdığım Geologiya İnstitutunda geologiya-mineralogiya elmləri namizədi kimi böyük elmi işçi vəzifəsində işləyirdi. Keçmiş SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Cənub bölməsindən məktub gəldi ki, bölmə SSRİ Elm və Texnika Dövlət Komitəsinin (SETDK) qərarına əsasən, elmi-tədqiqat aparmaq məqsədi ilə Bermud adalarına 3 aylıq ekspedisiya təşkil edir və Azərbaycandan iki alim səfərə dəvət olunur.
Ekspedisiyanın məqsədlərindən biri okeanın atmosferlə əlaqəsini öyrənmək idi. Okeanla atmosfer arasında ən sıx və güclü əlaqə, böyük enerji “Bermud üçbucağı”ndadır. Ümumiyyətlə, həmin ərazi dünya okeanının ən enerjili və təlatümlü hissəsidir. Bu əlaqənin sirrinin açarı oradakı Qolfstrim cərəyanındadır. “Açarı” tapmaq üçün onun səthndən dərinliyinə kimi kəsilişinin hansı hidrogeoloji hissələrdən ibarət olduğunu öyrənmək idi. Rüstəm Babayev və mərhum Xəlil Əliyullanın bu ekspedisiyada iştirakları məsləhət görüldü.
Mən (Rüstəm Babayev) aprelin 17-i Novorossiysk limanında idik. Üçüncü dəfə idi okeana səfəri çıxırdım. Polşada yenicə hazırlanmış qəhrəman “Vityaz” gəmisi ilk reysini bu limana etmişdi ki, bizi Şeytan üçbucağı”na aparsın. Beləliklə, yola düşdük. “Qara dənizlə gedərək Cəbəllütariq boğazından Atlantik okeanınşimalına keçdik. Nəhayət, möcüzələr məkanı hesab olunan “Bermud üçbucağı”na çatdıq. Hələlik sakitlik idi. Amma biz yenə də qorxu hissi keçirdirdik. Tək güvənimiz kapitanın peşəkarlığı idi. Lakin möcüzəli üçbucaq özünü ilk gündən göstərdi. Əvvəlcə küləksiz hava şəraitində sunami dalğaları nəhəng “Vityaz”ı yellədi. Biraz sonra tayı-bərabəri olmayan, dəhşətli fırtınanın yaxınlaşdığı xəbər verildi. Gəminin dörd tərəfinə dəyən zərbələri eşidə bilirdik. Sunamidən sonra dəhşətli fırtına başladı. Hər kəsin yaşamaq ümidi azalardı. Bu vəziyyət 3 gün davam etdi. Peyk vasitəsilə daim hava haqqında proqnozu izləyirdik. Kapitanın artıq təhlükənin uzaqlaşdığını deyənd hamı bir-birini təbrik etdi. Doğurdan da “Bermud üçbucağı”ndan sağ çıxmaq mümkün imiş. Üçbucağa yaxınlaşdığımız an gəminin radisti infarkt olmuşdu.