Diş məcunları ən çox istifadə olunan gigieynik vasitələrdən sayılır.
Mynews.az axar.az-a istinadən bildirir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla AKP-dən olan millət vəkili Əli İhsan Yavuzun diş məcunları haqqında iddiasına münasibət bildirərkən deyib. O bildirib ki, bu çox ciddi ittihamdır:
"Çünki hazırda hər ailədə bu vasitədən istifadə olunur. Əgər diş məcunları ilə bağlı belə ciddi bir iddia səsləndirilirsə, ilk növbədə əsaslandırılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının müvafiq strukturları bu işlə məşğul olmalı və ümumi qərar verilməlidir".
A.Qeybulla bu tip xəbərlərin bəzən anti-reklam xarakterli də ola biləcəyini qeyd edib:
"Belə iddialar bəzi şirkətləri vurmaq, onların fəaliyyətinə kölgə salmaq üçün də ictimailəşdirilə bilir. Digər tərəfdən ortada konkret fakt varsa, diş məcunlarının tərkibi üzərində tədqiqat işləri aparılmalıdır. Ancaq bir açıqlamaya görə biz bu faktı təsdiq edə bilmərik".
Qeyd edək ki, AKP-dən olan millət vəkili Əli İhsan Yavuz sosial şəbəkədə diş məcununun tərkibində olan florürün insan beyninə təsir etdiyini, Qərbin bu vasitədən insanları qoyun kimi idarə etmək üçün istifadə etdiyini yazıb.