Bakıda danışan tutuquşu fantastik qiymətə satılır. Beləki, sahibi tutuquşuna nə az nə çox düz 100 min manat qiymət qoyub. Əsasən dini kəlimələr, məsələn "Allahu Əkbər", "Ya Allah" deməyi bacaran quşu sahibi niyə bu qədər baha qiymətə satır? Onu tapıb özündən soruşmuşuq.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bu tutuquşu 100 min manata satılır. Onu bu qədər bahalı edən nitq qabiliyyətinin olmasıdır.
'Qu-Qu' adlı tutuquşu 30-35 söz bilir. Quşun sahibi Ramil Qədimov 6 yaşlı tutuquşunu 4 il əvvəl başqa birindən alıb. Danışmağı sevən quş, çox vaxt evdə tək qalır. Bərbər işləyən Ramil Qədimov, bunun quşun sağlamlığına və nitqinə pis təsir etdiyini deyir. Məhz bu səbəbən də onu satmaq istəyir. Saytlara elan verən Ramil Qədimovun dediyinə görə, ona daha çox türkiyə vətəndaşları zəng edir.
Tutuquşu günəbaxan tumu, giləmeyvələrlə qidalanır. Çəhrayı quyruqlu, boz quş kaprizləri ilə də diqqət çəkir. Qəfəsdə dəyişiklik etdikdə küsəyənliyini və etirazını günlərlə yemək yeməməklə bildirir.
Tutuquşunun sahibi onu bilərəkdən bu qiymətə satır. Quşun gələcək taleyindən narahat olan Ramil Qədimov, maddi dəyəri çox olduğundan yeni sahibinin ona yaxşı baxacağını deyir. Onu satın alan şəxs, Ramil Qədimovla müqavilə imzalamalıdır. İndiki sahibi tutuquşunu satdıqdan sonra da ziyarət etmək şərtiylə satır.