Sevgi yataqda başlayır, yoxsa bitir? QIZIL QAYDALAR

1666
Sevgi yataqda başlayır, yoxsa bitir? QIZIL QAYDALAR

Belə bir qəbul edilmiş həqiqət var: qadınlar cinsi münasibətdən sevgi qazanmaq üçün, kişilər isə əksinə, sevgidən cinsi münasibətə nail olmaq üçün istifadə edirlər. Fikrin kimə məxsus olduğunu bilməsəm də, bu, dövrümüzün aktual probleminə çevrilib artıq. İntim münasibət hər bir insanın həyat tərzinin gizli aparıcı qüvvəsidir. İntim münasibətlərə meyl insanların davranışını tənzimləyən ən güclü və ən gizli instinktdir.

Çox zaman deyirlər ki, “sevgi yataqda başlayıb, yataqda bitir”. Yəni illər boyu bir-birini sevən insanlar qovuşduqdan sonra bir-birindən bezir, yorulur, bəzən düşmən kimi ayrılırlar. Həqiqətənmi yataq – seks  insanlar üçün bu qədər vacibdir? Aile.lent.az bu dəfə “Sevgi yataqda başlayıb, yataqda bitirmi?” sualına cavab tapmağa çalışıb.

Qadınlar və kişilər bu mövzuda fərqli düşünür. Mütəxəssislər isə tamam başqa düşüncədədirlər.

35 yaşlı Nailə Quliyevanın sözlərinə görə, sevgini yataq – seks səviyyəsində alçaltmaq olmaz. Yəni qadın və kişi evlənməmişdən bir-birinin ruhunu sevməyi bacarmalıdır: “Sevgi yoxdursa, sabah xəstə olsan, kişi mütləq qadından imtina edəcək. Bir başqasını axtarmağa başlayacaq. Və ya uşaqların xatirinə boşanmayıb, kənarda qadın saxlayacaq. Düşünürəm ki, sevgi ülvi hissdir və o varsa, bitməyəcək, sonsuza qədər davam edəcək. Təəssüf ki, indiki dövrdə əsl məhəbbətlə sevməyi bacaran çox az insan var. İnsanlar münasibətlərini mənfəətlər üzərində qururlar”.

40 yaşlı Zaur Fətullayev isə sevginin yataqda başladığını iddia edir: “Biri ilə tanış olursan, xarici görkəmi xoşuna gəlir. Görüşməyə başlayırsan, ilk yaxınlıqdan sonra səndə hansı hiss yaranırsa, sevgi odur. Yəni kişi qane olursa, bu münasibət davam edir. Kişini qadının yatağı qane etmirsə, o münasibətdən soyuyur və başqa “sevgi” axtarmağa başlayır”.

Həmsöhbətimiz deyir ki, “kişilər gözləri ilə sevir” ifadəsi yanlışdır: “Kişilər gözləri ilə bəyənir, duyğuları ilə sevirlər. Göz bəyənməsə də olar, o qadınla intim münasibət səni qane edirsə, həm ruhən, həm də maddən yüksəklərə can atırsan”.

Psixoloq Rafiq Allahverdiyevin fikrincə, cinsi münasibət, sevgi yataqda başlayıb, yataqda bitir anlayışı bir qədər birtərəfli yanaşmadır. Əksinə, cinsi münasibətlər iki sevən arasında daha da yüksək bağlılıq əmələ gətirir. Hər şey qarşılıqlı münasibətlərdən asılı olduğu kimi, burada da əsas vəzifə münasibətlərin üzərinə düşür. Necə deyərlər, könül sevən göyçək olar...

Lakin bəzi psixoloji nüansları nəzərdən qaçırmaq olmaz: “Kişilərdə onların təbiətlərinə uyğun olaraq eyni zamanda birdən iki xüsusiyyət mövcud olur – bu, lazımlı olmaq və sərbəst olmaq istəyidir. Özlərinin əvəzolunmaz, lazımlı olduqlarını hiss etmələri üçün kişilərə müəyyən müddət lazımdır ki, bu da kişi psixikasında özünü kənarlaşma, sərbəst olmaq davranışı kimi təzahür olunur. Hətta əgər kişi öz qadınını həddindən çox sevirsə belə, bu tələbat heç vaxt itmir. Qadınlar bundan əmin olmalıdırlar. Əgər qadın bu tələbatın mövcudluğunu qəbul etsə, onda o, ərinə bir az kənarlaşmaq (sərbəstlik) imkanı yaratmalıdır. Beləliklə də, kişi öz qadınına əvvəlkindən də yüksək sevgiylə qayıdır. Kişilər bir az kənarlaşan kimi, özlərində mənəvi güc, yüksək inam, sabit həyat tərzi hiss etməyə başlayırlar. Onlar dərhal da bu hissi öz yaxınlarıyla bölüşmək, onlara daha çox sevgi bəxş etmək, qayğı göstərmək istəyirlər. Hərdən kişilərə özləriylə tək qalmağa imkan vermək vacibdir. Uzaqlaşıb-yaxınlaşmaq kişilər üçün təbii bir psixoloji mərhələdir. Ən əsası da odur ki, o, tədricən uzaqlaşsın, lakin tezliklə, dərhal qayıtsın”.

Amma burada digər bir məsələ mövcuddur - qadınlar kişilərin belə psixoloji xüsusiyyətlərinin olmasını qəbul etmək istəmirlər. Onlar öz həyat yoldaşlarının həmişə yanlarında olmasını tələb edirlər. Kişilərin müvəqqəti uzaqlaşması onlarda narahatlıq, tənhalıq, qısqanclıq hissi yaradır. Qadınların əksəriyyəti hesab edir ki, əgər onun əri ondan uzaqlaşıbsa, deməli, ya o pisdir, ya da ki, nəsə var... Bir sözlə, qadın özünü günahlandırmağa başlayır. Kişi öz “yuvasına” qayıdandan sonra isə qadın guya heç nə olmadığını göstərsə də, onların münasibətlərinin istiləşməsi üçün müəyyən vaxt tələb olunur: “Kişi və qadın psixologiyası tamamilə fərqlidir. Kişi ən gözəl yatağı, ən gözəl xarici görkəmi olan qadınla yaşasa belə, yenə ondan yaxşısını axtarmağa başlayır. Amma əlindəkini də buraxmır ki, birdən daha yaxşısını tapmaram... Bu, ötəri hisslər zamanı belə olur. Kişilər həqiqətən sevəndə isə qadınlardan daha etibarlı olurlar. Amma təəssüf ki, sevməyi hər kişi bacarmır”.

Qadınlardan fərqli olaraq, kişilər psixoloji dövrləri də başqa formada keçirirlər. Məsələn, kişilər stresi “üfiqi” formada keçirir, yəni belə halda onlar təkliyə daha çox üstünlük verir, yaxınlarından bir müddət kənarlaşmaq istəyirlər. Qadınlar isə stresi “şaquli” keçirir, yəni onlarda emosional gərginlik yaranan kimi tək qalmağa imkan vermək olmaz. Mütləq yaxınlarının əhatəsində olmalıdırlar: “Çox vaxt kişilərin təklikdə bir az dincəlmələrini istəməyən qadınlar münasibətlərin korlanacağından qorxurlar. Əksər qadınlar belə hallarda kişiləri uzaqlaşmağa qoymur, onları “izləməyə” başlayırlar. Bunun isə üç “izləmə” variantı mövcuddur. Birinci - fiziki izləmə. Kişinin arxasınca otaqbaotaq gəzir, tez-tez qapını açıb “əzizim, sənə nəsə olub? Bəlkə nəsə lazımdı?” deyə əl çəkmir. İkincisi - emosional izləmədir. Ona görə bütün günü narahatçılıq keçirir, ona yazığı gəlir, həddindən artıq diqqət göstərməyə başlayır. Üçüncü izləmə variantı – mənəvi izləmədir. İfadələrlə günahkarlıq hissini ifadə etmək: “Sən niyə mənə qarşı belə davranırsan? Niyə mənə belə əziyyət verirsən?””

Yadda saxlayın ki, qadınlar nə qədər çox ərlərinin yanında olsalar, özlərini bir o qədər sevimli, xoşbəxt hesab edirlər. Kişilər isə onlara bir az sərbəstlik hüququ veriləndə daha çox sevgi hissini yaşayırlar. Narahat olmayın, hərdən ərinizə daha güclü sevgi hissini yaşamaq üçün ona öz problemlərilə baş-başa qalmağa bir az sərbəstlik imkanı verin.

Hətta ən yüksək sevgi münasibətləri olsa da, qadınlar yataqda bunları etməməlidirlər:

1. Duş qəbul etmədən yatağa girmək.

2. Zövqsüz alt paltarı geyinmək.

3. Onu lağa qoymaq.

4. Yataqda ağlamaq

5. Keçmiş uğursuzluq barədə danışmaq.

6. Tənqid etmək. (xoruldayır, və s.)

7. Məişət problemlərini müzakirə etmək.

8. Müəyyən münasibətlərə izahat tələb etmək.

9. Onu qıdıqlamaq. (yuxudan qıdıqlayaraq, qəflətən silkələyərək, üzünə su çiləyərək və s. oyatmaq).

Balaca bir intim ehtiyatsızlıq ərinizdə sizə qarşı soyuqluq yarada bilər... Buna yol vermək olmaz!

Çox zaman deyirlər ki, qadınları başa düşmək çətindir, onlar nə istədiyini anlamır. Bunlar fikirlər qadınlara istədiyini verə bilməyən kişilərin düşüncələridir. Qadın bir az sevgi, bir az nəvaziş, bir az da sədaqət istəyir. Kişilər isə bir-birindən fərqli bədənlər və bir-birindən üstün seks. Elə sevgini də bitirən budur. Kişi qadını yatağa salana qədər sevgi dilində danışır, qadın isə kişidən bu mərhələdə sevgi, nəvaziş, sədaqət umur. Umduğunu görməyəndə isə mübahisələr başlayır. Kişi başqa bədən tapır və keçmiş “sevdiyini” uzaqlaşdırmağa başlayır.

“Sevgi yataqda başlayıb, yataqda bitirmi?” sualına isə hələ uzun illər cavab axtarmalı olacağıq. 

Xəbər lenti