İdmanın ağırlıq qaldırma növündə güclü cinsin nümayəndələrini görməyə adət etmişik. Son dövrlərdə bu ağır və bir o qədər də təhlükəli idman növündə xanımlar da tez-tez rastımıza çıxır. Onlar arasında uğur qazananların sayı da az deyil. Ancaq bu uğur göstəricilərinin böyük hissəsi Amerika və Avropanın payına düşür. Bizim haqqında danışacağımız xanım isə öz uğuru ilə nəinki Azərbaycanda, hətta okeanın o tərəfində - Amerikada belə xeyli tərəfdar kütləsi qazana bilib. Gülnarə Abuzərova Gia Mendez adı ilə məşhurdur. O, crossfit (sırf ağırlıq qaldırma məşqidir) və fitnesslə məşğul olur. Bu idman növündə o, çox ağır çəkilərlə - ayaq məşqlərində 260-300-310 kq ilə, ştanq beldə oturub qalxmada (Squat) isə 110-120 kq-da məşq edir. Fitnesslə məşğul olan digər xanım idmançılardan fərqli olaraq o, tək Azərbaycanda yox, eləcə də Amerika və Avropada da məşhurdur. Bir faktı da qeyd edək ki, Gülnarənin instagram hesabı açıldığı 1 ay ərzində altmış mindən çox izləyici yığıb. Onların arasında məşhur Fitness modellər, UFC döyüşçüləri, ulduzlar var.
Mynews.az goal.az-a istinadən Gia Mendez ilə müsahibəni təqdim edir:
- Sizi bir az yaxından tanıyaq...
- Adım Gülnarədir, 26 yaşım var. Üç ildir ki, idmanla məşğulam. Ailədə məndən başqa idmanla məşğul olan yoxdur. Bu qərarımı ailəm də normal qarşıladı. Onların dəstəyi məni məqsədimə, hədəflərimə doğru addımlamaqda daha da cəsarətləndirdi.
- Necə oldu bu sahəyə maraq yarandı?
- Maraq uşaq vaxtlarından olub. 15-16 yaşlarında səhərlər qaçar, evdə isə press (Abs workout) edərdim. Sonra işləməyə başladım və fikirləşdim ki, mənə işimdən əlavə, yararıma olacaq hobbi lazımdır. Nəyə marağım oldğuma qəti qərar verdim və fitness zalı seçərək məşqlərə başladım. İlk vaxtlar bunu günüm darıxdırıcı keçməsin, həyatıma rəng qatım deyə edirdim. Ancaq hər dəfə güzgüdə baxdıqda bədənimdəki müsbət dəyişiklikləri hiss edirdim və daha ciddi məşğul olmağa başladım. Elə oldu ki, bu istək hobbidən də irəli getdi və mənim gündəlik həyat tərzimə çevrildi. Beləliklə davamlı olaraq idman edir və məşqləri buraxmırdım. İndi isə professional olmaq üçün əlimdən gələni edirəm. Ayaq məşqlərimi 260-300-310 kq ilə, ştanq beldə oturub qalxmada (Squat) isə 110-120 kq-la məşq edirəm. Bu qadın üçün kifayət qədər böyük rəqəmlərdir.
- Qarşınıza hansı hədəflər qoymusunuz?
- Əsas hədəfim bir idmançı xanım kimi təkcə Azərbaycanda deyil, bütün dünyada tanınmaq, böyük uğurlara imza atmaqdır. Bu tək mənim yox, ölkəmin uğuru olar. Bununla həm də, bizim ölkədən də professional xanım idmançıların çıxa biləcəyini sübut etmək istəyirəm. Məqsədimə nail olaraq onları təəccübləndirəcəyimə əminəm. Necə ki, bunun ilk mərhələsini etmişəm.
- Gia Mendez ləqəbi götürməyizin səbəbi nədir?
Adım, soyadım çox uzundur. Qarşımızdakı hədəfin dünyada tanınmaq olduğunu nəzərə alıb, ləqəbi də buna görə seçdik. Bu ləqəbin seçilməsi Amerikada olan menecerimin istəyi idi. Çünki, mənim İnstagram və Facebook hesablarım Amerika və Avropa da izlənir. Seçimimizdə yanılmadığımızı düşünürəm.
- Məşhur olmayan biri üçün 1 ayda 60 mindən çox izləyici yığmaq çətin olmadı?
- İllər əvvəl sosial şəbəkələrdən ancaq Facebook-da olmuşam. Ancaq mənə heç maraq olmadı deyə hesabımı bağladım. Hazırda instagramda 60 mindən çox izləyicim var və bu cəmi 1 aya yığılıb. İzləyicilər arasında Avropanın, Amerikanın tanınmış idmançılarına, məşhur müğənnilərə rast gələ bilərsiniz izləyici siyahımda. Səhifəmin rəngarəng olması, mənim də bu idmanı fərqli tərzdə izləyicilərə təqdim etməyim izləyicilərin davamlı və sürətli artmasına səbəb olur.
- Günlük qida rejiminiz necədir?
- Artıq neçə ildir xüsusi rejimdə qidalanıram. Çalışıram yüksək kalorili ərzaqlardan uzaq olum. Şirniyyatı həftə ərzində cəmi bir dəfə yeyirəm. Gün ərzində yalnız səhər yeməyində çörəkdən istifadə edirəm. Günorta yeməyini adi qaydada yeyirəm. Axşamları isə dietik tvoroq, meyvə və ağartı məhsulları yeyirəm. Sağlam qidalanmaya üstünlük verirəm.
- Ağır məşqlərdən sonra bədəninizi necə formada saxlayırsınız?
- Ağır məşqlərla yanaşı həftənin iki günü sırf Fitness trenajorlar ilə paralel olaraq bədənimi formada saxlayıram ki, kobudlaşmasın. Çünki, sırf ştanq məşqləri qadın bədənini kobudlaşdırır. Bir tərəfdən ştanq məşqləri, digər tərəfdən fitness məşqləri ilə balansa nəzarət edirəm. Ağırlıq məşqləri çox yorucu olduğundan əzələyə daim rahatlıq lazımdır. Bu yorğunluğu çıxarmaq üçün həftə sonları spa-massaj prosedurlarına da gedirəm.
- Yaxşı formada qalmaq istəyən xanımlara tövsiyəniz nədir?
- Qida rejimlərində dəyişiklik etsələr, ev şəraitində həftədə üç-dörd dəfə idman etsələr, fərqi bir-iki aya görəcəklər. Biz dieta dedikdə əksər insanlar bunu yalnış anlayırlar. Düşünürlər ki, gərək bütün günü heç nə yeməyəsən, ac qalasan. Bu, əslində, belə deyil. İstədiklərini yeyə bilərlər, lakin qətiyyətlə şirniyyat, çörək, bir sözlə un məmulatlarından uzaq dursunlar.
- Kumiriniz kimdir?
- Məşqlərə başlayanda kiməsə baxıb həvəslənməmişəm. Sadəcə özüm üçün həvəskar məşqlər edirdim. Özüm kimi olmağı sevmişəm, heç kəsə bənzəmək istəməmişəm. Bodibilderlərdən yeganə bəyəndiyim Arnold Şvardsnegerdir. Məşhurlar arasında bəyəndiklərim çoxdur, Monika Belluci, Beyons, Cennifer Lopez və başqaları.
- Boş vaxtlarınızda nə edirsiniz?
- Dəniz kənarında gəzirəm. Film izləməyi çox sevirəm. Qorxu, Triller janrında olan filmlər daha çox diqqətimi çəkir.
- Filmlərdən söhbət düşmüşkən, özünüz hansı janr filmlərdə çəkilmək istəyirsiniz?
Triller, Horror janrlı filmlərdə çəkilmək istərdim. Düzdür, bir az qorxuram, ancaq xoşuma gəlir.
- Hansı film və ya reklam təkliflərini qəbul edərsiniz?
- Bütün təklifləri qəbul edərəm. Əsas odur, qonorarı məni qane etsin.
- İdmanla məşğul olmağınız ətrafınızda necə qarşılanır?
- Məni müəyyən aradan sonra görən dostlarım, ətrafımdakı insanlar dəyişdiyimi söyləyirlər. Hətta, onlarla da məşqçi kimi məşğul olmağımı istəyirlər. Ancaq, məndə vaxt məhdudiyyəti olduğundan onlara yalnız proqram yazıb göndərməklə kifayətlənirəm.