Tanınmış ilahiyyatçı Elşad Miri “facebook” sosial səhifəsində yazdığı açıqlama ilə gündəm olub.
Belə ki, ilahiyyatçı hər kəsin bildiyi və qəbul etdiyi lakla dəstəmaz almağın mümkün olduğunu yazıb.
“A24.az” ilahiyyatçının paylaşdığı statusu təqdim edir:
“Deyirlər ki, lakla dəstəmaz olmaz. Əziz qadınlar, lakla da dəstəmaz olar!”
Elşad Mirinin statusuna gələn şərhlər arasında yazılanları qəbul etməyənlərlə yanaşı, bu haqda “modern.az”a danışan Hacı Şahin Həsənlinin açıqlamasını da paylaşıblar.
Açıqlamasında Məşədi Dadaş Məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli lakla dəstəmaz almağın doğru olmadığını bildirib:
“Doğrudur, dəstəmazla bağlı ayə var. Lakin lakın dırnaqdan silinməsi insan üçün çətinlik yaradan bir nüans kimi qiymətləndirilməməlidir. Lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddədir. Dəstəmaz zamanı su bədənə təmas etməlidir, etmirsə, dəstəmaz düzgün deyil”.
Lakin yazdığı statusla bağlı sualları cavablandıran ilahiyyatçı Elşad Miri “İslamda bütün qadağalar elə qadınlar üçün imiş?! Filan cür olanda oruc tutma, lak sürtəndə dəstəmaz alma. Quranda dəstəmazla əlaqəli yeganə ayə “Maidə” surəsinin 6-cı ayəsidir. Ayənin sonuncu cümləsi də bu cürdür: “Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər”. Peyğəmbərin dövründə lak var idimi? Peyğəmbər laka deyil, xınaya icazə verdi? Xınanın özü lak kimi olmasa da, dəridə təbəqə formalaşdırırmı? Yəni peyğəmbərin dövründə lak olmasa da, xına var idi və ələ xına qoyulduğu zaman dərinin üzərində təbəqə yaradır. Eləcə də lak çəkdiyimiz zaman dırnağın üzərində təbəqə yaranır. Məgər laklı dırnaqlarımızı yumuruq? Əlbəttə, yuyuruq” deyə qeyd edib.