Günün böyük bir hissəsini keçirdiyiniz iş yerlərində mühit çox önəmlidir. Bu səbəbdən də mühitə uyğunlaşmalı, iş yoldaşlarınızla əlaqələrdə diqqətli olmalısınız. Texnologiyanın inkişaf etdiyi bir zamanda iş yoldaşları ilə münasibət yaratmaq çox asan olsa da, müdirlə münasibətdə mütəxəssislər ən yaxşı yolun üz-üzə danışmaq olduğunu qeyd edirlər. Müdirlə danışanda necə davranmalı və hansı ifadələri işlətməməliyik?
İş yerləri üzrə ekspert olan Lindzi Pollak bu barədə 5 qızıl məsləhət verib.
"Qaynarinfo" xarici KİV-ə istinadən mütəxəssisin sözügedən tövsiyyələrini sizlərə təqdim edir:
1. "Mənim səhvim deyil" - İşinizə və probleminizə dair hər hansısa bir məsələni izah etdikdən sonra işəgötürən və ya menecerinizlə söhbət zamanı bu ifadəni dilinizə gətirməməyiniz tövsiyyə olunur. Çünki həmin anda problemi həll etmək daha vacibdir. Bu səbəbdən özünü izah etməyə və ya günahkar olmadığını sübuta yetirməyə çalışmağınız məqsədəuyğun deyil. Pollak hesab edir ki, belə bir vəziyyətdə problemin həlli ilə bağlı məsləhətlər vermək daha uyğundur.
2. "Maaşımı artırmağınızı istəyirəm" - Burada məsələ maaşın artırılmasını istəməkdən daha çox onu hansı şəkildə söyləməkdir. Maaşınızın artırılmasını istəyirsinizsə şirkətə verdiyiniz töhfələr barəsində danışmaq və bu istəyi öz üzərinizdən atıb, gördüyünüz işin üzərinə gətirməyiniz faydalı ola bilər.
3. "Mənə elə gəlir" - Hisslər önəmli olsa da söyləmək istədiyiniz bir məsələ ilə bağlı əlinizdə konkret bir fakt yoxdursa, müdirinizə və ya idarəçiyə "məncə", "mənə elə gəlir ki" ifadələri ilə heç bir şey təqdim etməməyiniz tövsiyyə olunur.
4. "Bunu daha əvvəl etmişik" - Pollak bu cümlənin rəhbərlərdə işçisi barəsində "tənbəllik" fikri yaratdığını hesab edir. Həmçinin o, qeyd edir ki, bu məsələdə rəhbər daha öncə görülmüş işin düzgün şəkildə yerinə yetirilmədiyi ehtimalını nəzərə alaraq bu tapşırığı verə bilər. Ekspert belə hallarda verilən işi müzakirə etməkdənsə əvvəlki işdə hansı çatışmazlıqların olduğunu soruşmağın və fikir mübadiləsi aparmağın daha düzgün ola biləcəyini bildirir.
5. "Bu, mənim işim deyil" - Bu xüsusiyyət işəgötürənlər üçün çox mənfi bir şeydir. Əlbəttə bu o demək deyil ki, ofisdəki hər kəs öz işlərini sizə gördürə bilər. Lakin istisna hallar ola bilər ki, belə hallarda həmin iş üçün daha məqsədəuyğun birini müdirinizə tövsiyyə edə bilərsiniz.