Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, oliqarx və keçmiş KQB agenti Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zumaya bir təyyarə dolu nəğd pul göndərib.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin pullar aerportda müsadirə olunandan sonra yoxa çıxıb.
Bu fakt jurnalist-təhqiqatçı Jak Paunun "Prezidentin hamiləri: Zumanı hakimiyyətdə və həbsxanadan kənarda saxlayanlar kimlərdir” adlı kitabında yer alır. Kitabdan həmin hissəni "The Times” dərc edib.
Bildirilir ki, pullar 2011-ci ildə Ceykoz Zumanın şəhərətrafı malikanəsinə tibbi ləvazimatların və dərmanların çatdırılması üçün Rusiyadan göndərilən özəl təyyarədə olub. Təyyarə prezidentin paytaxt Durban ətrafındakı Nikandla qəsəbəsi ətrafındakı malikanəsinə yaxın aerportda yerə enib.
"Təyyarə və içərisindəki yük zəngin rusiyalı biznesmen, keçmiş KQB agenti və Putinin yaxın tərəfdaşı tərəfindən göndərilmişdi”-məqalədə deyilir.
Pau bildirir ki, prezident Ceykoz Zumanın yaxın dostu təyyarədəki yükü almaq üçün aerportla əlaqə saxlayıb. Lakin dövlət təhlükəsizliyi naziri Siyabonqa kvele bildirib ki, yükün məzmunu dövlət təhlükəsizliyi məsələsidir və yük müsadirə olunur.
"Təyyarədə böyük həcmdə nəğd pul, paçkalarla pul var idi. Olduqca çox idi”-Cənubi Afrika Respublikasının vergi xidmətindəki mənbə Pauya bildirib.
Bundan bir neçə ay sonra rusiyalı biznesmen CAR-a gedir və prezident Zuma ilə onun şəhərətrafı iqamətgahında görüşür, prezidentə həmin təyyarədəki mobil klinikanı hədiyyə edir.
"Zumanın Rusiya ilə əlaqələri diqqəti cəlb edir. Hesab edilir ki, Zuma 2010-cu ildə Moskvaya səfəri zamanı Putinlə görüşündə CAR-da 8-ə qədər Atom Elektrik Stansiyasının tikilməsi barədə razılaşma əldə edib. Bu stansiyalar CAR-ın köhnəlmiş kömür elektrik stansiyalarını əvəz etməliydi. Bir sıra nazirlər bu planı əngəlləməyə çalışıb, onlar bərpa olunan enerji mənbələrindən istifadədə israr edib. Lakin Zuma onları başqa vəzifələrə keçirib və ya işdən çıxarıb”-kitabda deyilir.