“Aktrisalıqdan başqa heç bir peşə də xoşbəxt ola bilmərəm”
Mahsun Kırmızıgülün çəkdiyi “Hayat devam ediyor” serialındakı kiçik gəlin obrazı ilə tanındı. Ardınca mükafatlar, maqazin proqramları və “Adını kalbime yaz” serialı gəldi. Bəlkə də oynadığı obrazlara görədir, simasında qəribə bir hüzn var. Amma həyatda daha sevimli, səmimi və şirindir…
Publika.az Türkiyənin tanınmış aktrisası Meltem Miraloğlu ilə özəl müsahibəsini təqdim edir:
- Aktrisa olmağa nə vaxt qərar verdiniz?
- Özümü dərk edəndən hər fürsətdə səhnədə oynayırmışam kimi xəyal qurub, obraza girirdim. Evi təmizləyəndə musiqinin səsini artırıb rəqs edərək mahnılar oxuyurdum. İbtidai sinifdə özüm yazdığım şeirlə birinci olmuşdum. Yenə də ibtidai sinifdə müəllim ev tapşırığı olaraq Türkiyənin xəritəsini çəkməyimi istəmişdi, mən də kopiyalamaq üçün istifadə olunan qara kağızları işlətməyərək, xəritəni olduğu kimi çəkmişdim. Müəllimim də mənə inanmayıb, qulağımdan tutub dartdı. Qələm və kağız verdi ki, yenidən çək. Mən çəkəndən sonra məəttəl qaldı və hər kəsin qarşısında məndən üzr istədi. Nə vaxt biriylə dərdləşmək istəsəm, sözlərimi, hisslərimi kağıza tökürdüm. Xəyallarım da həmişəki kimi mənimlə bərabər idi, onları rəsm dəftərlərinə çəkməyə çalışırdım. Məktəbdaxili teatr bölməsində səhnəyə çıxırdım. Evdə davamlı olaraq kimisə təqlid edirdim. Bütün bunlar həyatımın aktrisalığa bağlı olacağını göstərirdi. Çünki aktrisalıqdan başqa heç bir peşə də xoşbəxt ola bilmərəm.
- Teatra necə gəldiniz?
- Bilirsiniz, məktəbdən sonra aktrisalıqla bağlı təhsil aldım. Teatrda əvvəlcə səhnəarxası daha sonra səhnəönü işə başladım. Ən böyük xəyalım sevdiyim peşəmdə qalıcı olmaqdır. Təzə başladığım dönəmlərdə bu işə həvəskar yanaşsaydım, işimi irəli apara bilməzdim. Sadəcə yerimdə sayardım.
- Teatrda işləmək sizin üçün çətin olmadı?
- Teatr elə bir yerdir ki, orada qayda-qanun və təhsil çox önəmlidir. Cəmiyyətin inkişafına, təhsilinə, dünya görüşünə çox qatqıları olan bir sahədə işləməyə başlayanda aldığım maaş ancaq yol pulumu qarşılayırdı. Bu şərtlərə rəğmən komandamızdakılarla çox böyük əziyyətlər çəkirdik. Teatrda çalışanlar bu peşəyə ürəkdən, safniyyətlə bağlıdır. Çox sevərək çalışdığım bu sənət xəyallarımdan əlavə, alnıma yazılan bir taledir. Bunu yuxularımdan və qarşıma açılan qapılardan hiss edirəm.
- Diyarbəkirdə doğulmusunuz. Oraların vəziyyətini və insanların həyata baxış tərzini nəzərə alsaq, valideynləriniz aktrisa olmağınıza qarşı çıxmalıdır. Sizdə də klassik “Atam və anam razı deyildi” hekayəsi var?
- Atam əvvəl razı olmadı. Amma anam dedi ki, “Biz edə bilməmişik, bizim qarşımıza belə fürsətlər çıxmayıb. Qızım, mən sənin doğru yolla gedəcəyindən əminəm. Ancaq məndən heç nə gizlətmə”, mən də onunla razılaşdım. Atam da bir müddət sonra qəbul etdi.
"Uşaqlarımın atası məsələsində çox həssasam"
- Mavi ekrandakı ilk macəranız “Hayat devam ediyor” serialı ilə başlayıb. Özü də baş rolda. Serialın komandasına necə daxil oldunuz?
- Mahsun Kırmızıgül şəklimi görüb demişdi ki, bu qızı tapıb yanıma gətirin. Kastinq direktoru Harika Uyqur sayəsində onunla tanış oldum. Mahsunla tanış olandan sonra “Hayat” sənsən dedi və həyatımın dönüş nöqtəsi başladı. Sonradan bu serialla bağlı xeyli mükafatlar aldım və onda xəbərim oldu ki, sən demə, minlərlə insanın arasından məhz mən seçilmişəm.
- 15 yaşında 70 yaşlı qocaya ərə verilən “Hayat”ı oynamaq sizin üçün çətin olmadı?
- Həmişə sosial layihələrə dəstək verən qadın olmuşam. Allah heç kimə bunu yaşatmasın. Biz bu layihələrlə erkən yaşda olan nə qədər evliliklərin, habelə qadına qarşı şiddətin qarşısını ala bilərik deyə çalışırıq.
- Sizə görə eşq və evlilik nəyi ifadə edir?
- Mənə görə eşq və evlilik iki tərəfin gələcəyi yaxşı və pis gündə, xəstəlikdə, üzqızaradan hadisələr olmadan, mücadilə verərək, sevgi və hörmətlə bərabər paylaşması, bütün bunlara görə riskə gedə bilməsidir. Evlilik müqəddəs bir qurumdur, insanın evləndiyi adamla birlikdə yaşlanması, ona aid olaraq ölməsi bizim üçün ən önəmli hədiyyədir. Tövsiyə edirəm ki, hər kəs Allahın ədalətinə güvənib, sonra evlənsin.
- Bu qədər evlilikdən gözəl sözlər deyirsiniz, yenidən evlənmək istəyiniz varmı?
- Təbii ki, istəyirəm. Evləndiyim adamla bərabər yaşlanıb, övlad sahibi olmaq xəyallarımdan biridir. Ancaq mən ata və uşaqlarımın atası məsələsində çox həssasam.
"Azərbaycanlı bir xanım obrazını canlandırmaq istəyərəm"
- Bu gün öndə olan və çox sevilən hansı qadınları bəyənirsiniz?
- Teatra, sənətə və sənətçiyə dəyər verən, yetimlərin oxumasına şərait yaradan, qanadı qırılmış quşların uçmasına səbəb olan hər kəsi ekranda və səhnədə izləmək məndə xoş aura yaradır və bundan çox böyük həzz alıram. Və bir də Kimya üzrə Nobel Mükafatanı alan Aziz Sancarı heyranlıqla izləyirəm.
- “Adını kalbime yazdım” serialı reytinq məsələsinə görə yarımçıq dayandırılanda intihar etmənizlə bağlı xəbərlər yayılmışdı…
- Qəzetlər tirajlarının artmasına görə bir-biri ilə yarışır. "İntihar etmişəm" deyə yalan xəbər çıxartmışdılar. Təbii ki, pis oldum. Belə bir hadisə yaşanmayıb. “Adını kalbime yazdım” bir mövsüm davam etdi və ondan sonra həmin serial görə xeyli mükafat aldım. Bura Konya Səlcuq Universiteti, Elazığ Film Festivalı, Ana Kültür Dərgisi, Türk Sinemasının 100-cü il gecəsində və Mardin tanıtım gecəsində, Antalya Televiziya Mükafatlarında “İlin ən yaxşı qadın aktrisası” mükafatlarım daxildir. Bundan başqa dünyanın ən pristijli sənədli film festivalında “Hayat devam ediyor” serialındakı mövzu da yer alıb. Bu da mənim üçün uğurdur. Daha çox bunlarla yaddaşlarda iz buraxmaq istəyirəm.
- Niyə seriallarda sizi görmürük?
- Mənimlə əlaqəsi yoxdur, doğru təkliflər və ssenarilər olmadığına görə ortaqlıqda yoxam. Mənə qalsa, bir il belə fasilə vermərəm (gülür).
- Xarici ölkələrə ixracdan dolayı seriallarınız artıb və məcburən ssenarilər demək olar ki, çoxunda eyniləşib. Ekranlarda olmamağınızda bunun da bir təsiri var?
- Seriala çəkilirsən baxırsan ki, bir müddət sonra yenə eyni şeylər – təcavüz, qadına şiddət, erkən yaşda evliliklər meydana gəlir. Buna diqqət çəkmək üçün də ssenarilər bir az dəyişdirilərək, yeniləri çəkilir.
- Heç vaxt oynamaram dediyiniz bir obraz varmı?
- Elə bir obraz yoxdur. Peşəmə hörmət edirəm və fərqli obrazlarda oynamağı sevirəm. Gələn təkliflərdə sadəcə rol yox, hekayə və ssenarinin məqsədi də mənim üçün önəmlidir. Xəyalım dünyanın taleyini dəyişdirən məşhur qadın obrazı canlandırmaqdır. Yetimxanada böyüyən uşaqların həyatını, müğənni rolunu, qaraçı qızı, azərbaycanlı bir xanım obrazını canlandırmaq istəyərəm. Bir də xüsusi olaraq, sosial layihələrə çox önəm verirəm.
"İlk dəfə suşini Bakıda yedim"
- Çox qəşəng dodaqlarınız var. Silikon deyil ki?
- Heç bir yerimdə silikon, dolğu, linza və kimyəvi maddələrdən ibarət olan heç nə yoxdur. Doğulan gündən saçlarımı rəngləməmişəm, qaşlarımı almamışam. Sırf bunlara görə həkimə gedib, Meltemin dodağı kimi, qaşları kimi və s. düzəltsinlər deyə məni göstərirlər. Bu həm də genetika ilə bağlıdır. İdmanla məşğul oluram, bunun də təsiri var.
- Azərbaycanda və azərbaycanlılarda ən çox nəyi bəyəndiniz?
- Azərbaycan tarixi məkanları ilə qonaqpərvər və röya kimi bir ölkədir. Məni ən çox sevindirən yeni inşa olunan binaların tarixi görüntüyə daha çox üstünlük verib, digər köhnə binalarla ahəng təşkil etməsidir. Bu, Bakıya ikinci gəlişimdir. Birinci də səyahət üçün gəlmişdim. Budəfəki isə işə görə oldu. İnsanların səmimiliyi bizə öz evimizdəymişik kimi hisslər bəxş etdi.
- Bizim filmlərdən hansını izləmisiniz?
- Yox, izləməmişəm, amma mütləq Türkiyəyə qayıdandan sonra izləyəcəm.
- Bəs Azərbaycan musiqisi necə?
- Fərqli musiqi tərziniz var. Qulağıma xoş gəlir, dinləyirəm. Cahangir Cahangirovun “Ay qız” mahnısını çox bəyənirəm.
- Sonuncu klassik bir sualı verim, Azərbaycanda hansı yeməyi bəyəndiniz?
- İlk dəfə suşini Bakıda yedim. Çox bəyəndim.