Azərbaycanda qeyri-adi bacarığa malik olan müxtəlif insanlar var. Belə insanlardan biri də Qusar rayon sakini Arif Ramazanovdur.
Mynews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Arif Ramazanov 1963-cü ildə Həzrə kəndində anadan olub. Onun qeyri-adi istedadı isə ağzı ilə quşların və həşəratların səslərini çıxarmasıdır.
Bacarığı barədə danışan Arif Ramazanov bildirir ki, bunu uşaq yaşlarından özündə inkişaf etdirib: "Uşaqlıqdan təbiətə vurğun olmuşam. Saatlarla quşların, böcəklərin və həşəratların səslərinə qulaq asırdım. Sonradan onların səslərini ağzımla çıxarmağa başladım. Artıq bu istedad mənim üçün ən sevimli hobbidir".
İndi kənd uşaqları onun başına yığışıb, bu səsləri çıxarmağı xahiş edirlər. Qohumları və kənd camaatı da bir yerə toplaşan zaman ondan bu səsləri çıxarmağı istəyirlər.
Arif Ramazanov deyir ki, əvvəllər çıxartdığı səsləri daha yaxşı olurmuş. İndi isə bir az yadırğadığını söyləyir və bunu qocalığın əlaməti olaraq göstərir.
Maraqlı məqam odur ki, bu qabiliyyət Arif kişidə təsadüfən yaranmayıb. Onun atası musiqi ilə məşğul olub. Arif Ramazanov da gözəl musiqiçidir. O, həm qarmonda, həm gitarada, həmdə qoşa nağarada məharətlə ifa edir.
Yaşadığı Həzrə kəndində və ətraf kəndlərdə keçirilən toyların əksəriyyətində musiqiçi kimi iştirak edir. İrsən keçən musiqi həvəsi isə onda quşları, həşəratları yamsılama kimi nadir qabiliyyətə gətirib çıxarıb.