Cəngəllik ruhlu tanınmış azərbaycanlının tükürpədən dünyası - FOTOLAR

1034
Cəngəllik ruhlu tanınmış azərbaycanlının tükürpədən dünyası - FOTOLAR

Dünya şöhrətli azərbaycanlı ovçu Faiq Babanlının Milli.Az-ın əməkdaşı ilə söhbəti:

Dosye: Babanlı Faiq Fuad oğlu 1977-ci il yanvarında 9-da anadan olub. Ali təhsillidir. Uzun müddət güləş və qaydasız döyüşlə məşğul olub və bir sıra ciddi uğurlar qazanıb. Lakin artıq böyük idmandan uzaqlaşıb. İndi əsasən dünyanın müxtəlif ölkələrində ov etməklə məşğuldur. Onun ovladıqlarının arasında balıq və quşlardan tutmuş timsah, pələng, şir, leopard, filə kimi saysız-hesabsız heyvanlar var..

"Ovçuluq kişilik normatividir" 

- Faiq, sizdə ovçuluğa həvəs haradan və necə yaranıb?

- Bir var ovçuluq həvəsdir, bir də var ruhun ona yaxın olması. Özümü tanıyandan məndə bu hiss var. Vaxtilə buna idmanla başladım. O vaxt başa düşmürdüm ki, həyat nədir, adrenalin nədir, risk nədir. Bunların heç birini düşünərək etməmişəm. Sadəcə, bu, mənim həyatım olub. Yolun ortasında isə dünya məni görüb. Nə bacarırdımsa edirdim. Mən həyatın çıxış yolunu keçilməzliklərdə gördüm. Ağılla ona doğru getdim. Çünki bir şansım var idi. Həyatda hər tərəf bağlı olduğu halda müəyyən xətti keçmək üçün düşünərək getmişəm. Deyirdim ki, keçilməzlik nədir? Deyirdilər ki, onlar sənlik deyil. Amma etdim də, keçdim də.
İnsanın cismi ilə ruhu ayrıdır. Mən insana baxanda təkcə onun cismini görmürəm. Mən həm də onun ruhu ilə danışıram. İnsanın ruhu sənə yaxın olanda özü ilə aparır. Qalır, sadəcə, sən oradan necə çıxacaqsan. Onu da mən bacarıram.
İşlərimin çoxuna baxılırsa və yüksək qiymət verilirsə, buna Allahın işi kimi baxıram. Çünki bu, bir dəfə təkrar olunmur.

Əslində, mənim bir həyatım var camaat üçün, bir həyatım da pərdəarxası dünya üçün. O pərdəarxası dünyanın müəyyən şəxsiyyətlərinin qarşısında açılır. Amma stop deyirəm. Bu, bir il, beş il davam eləmir. Bu 15 ildir beləcə dayanmadan davam edir. Hər ay müəyyən yeniliklərlə. Adi nəyisə göstərmək üçün edən insan bunu 1,2,3 dəfə edir, sonra gedir öz işinin-gücünün dalınca. Şərt bu deyil, başqa şeydir. Dünyanın hər ölkəsinin öz qanunları, adət-ənənələri var.

Mən belə görürəm, ovçuluq kişilik normatividir. Bu olmalıdır.

- Sualın cavabına gələk. Deməli, ovçuluğa meyl sizin ruhunuzdan irəli gəlir. Eləmi?

- Birmənalı elədir. Çünki mən bunu özüm elə-belə edə bilməzdim.

- Konkret olaraq neçə yaşından başladınız?

- Nə bilim? Mən uşaq yaşından hər şeyi edirdim.

- Harda?

- Qazax rayonunda.

- Harasında?

- Özündə. Əslim Şıxlı kəndindəndir. Orada kəpənəklər yığırdım (gülür). Həmin kolleksiyalarım hələ də qalır. Balıq da tuturdum. Mən 11 il orda yaşamışam. Evdən səhər çıxırdım, axşam gəlirdim. Həm də orda idmanla məşğul olurdum. Sonra Bakıya gəlmişəm. Güləş üzrə yığma komandaya düşmüşəm. Atam Fuad Babanlı da idman ustası olub. Amma heç kimə idmana get deməyib. Mənə deyirdilər oxu. Mən həm oxuyurdum, həm idman edirdim. Daha sonra ali təhsil də aldım.

- Bu vaxta kimi neçə ölkədə ov eləmisiz?

- Tam səmimi deyirəm, həqiqətən də, ölkələrin sayı yadımda deyil. Çünki mənim buna marağım yoxdur. Mən saymamışam. Mən bunu neylirəm ki? Mən dünyanı demək olar ki, gəzmişəm. Mən onu bir dəfə gəzməmişəm, dövr edirəm (gülür). Həqiqətən, bilmirəm neçə ölkədə olmuşam. Bəlkə 50-dir, bəlkə 60-dır. Doğrudan, gərək oturub sayam e (gülür).

- Deməli, nə olduğunuz ölkələrin, nə də ovladığınız heyvanların sayını bilmirsiz.

- Nə ovladığımı bilirəm, amma sayını bilmirəm (gülür).

- Yəni elə heyvan var ki, birini, eləsi də var ki, 5-ni vurmusuz...

- Çox da vurmuşam.

- Ən çox yadda qalan ov harada və hansı olub?

- Amazon cəngəlliyində.

- Braziliyada yox, digər ölkələrdə.

- Bütün ölkələrdə. Mən Amazon cəngəlliyi hövzəsinin hamısını başdan-ayağa keçmişəm - Boliviya, Kolumbiya, Paraqvay, Peru. Daha hansı qaldı? (gülür)

"Mən vəhşinin nəfəsini duyuram, onu hiss edirəm"

- Hansı daha yaddaqalan olub?

- Sizə bir şey deyim. Hər insanın həyatda öz yeri var. Mən bütün dünyanı gəzəndən sonra öz yerimi tapmışam. İndi niyəsini deyəcəm. Mən o çöllərin hamısını gəzmişəm. Cəngəlliyin ab-havası bir başqa olur. İnsan ora düşürsə, hər şey istəyir ki, insanı oradan çıxarsın. Çünki orada tamam başqa bir enerji, başqa mühit var. Orada vəhşilər yaşayır. Sən orada heç kimi görmürsən, amma onlar səni görür. Boliviyada cəngəllikdə heyvan görünür, 6-8 metrdə. Amma Peruda heç bir şey görünmür. İfrat dərəcədə hər şey sıxdır. Bir metrdən, hətta daha az məsafədə güclə görmək olur, buradan (əli ilə sifəti arasında məsafəni göstərir). Mən gecələr yatmıram. Məndə az yatmaq xüsusiyyəti var. Elə olur ki, mən normalda 2-3 sutka yatmıram. Buna baxmayaraq, mən özümü normal hiss edirəm, bu, mənə problem yaratmır. Deyirlər bu riskdir. Amma bu mənim üçün adi həyat normatividir.
Ən çox yaddaqalan ovum isə Amazonda vəhşiləri ovladığım olub. Hansı heyvanı ovladığımın adını çəkmirəm. Bunun öz səbəbi var.
Elə ovlarda həyat riski var. Heyvan balaca tərpənib "şıqq" edir, o, mənim 4 saat vaxtımı alır. Mən həmin an oradan tərpənə bilmərəm. Mən onu görmürəm. Mən onun nəfəsini duyuram, ovu hiss edirəm. Həqiqətən də, onların arasında düşdünsə, artıq başqa dünyadasan. O zaman mənim üçün dünya durur. Bəzən ov vaxtı şəklimi çəkirlər. Sonra baxıram özümü tanımıram. Deyirəm, bu kimdir? Çünki orada cəmi bir atış olur. Mən o heyvanı çağırıb atıram. Onu çağırıram, o hücum edir, gəlir. O elə bilir ki, ərazisində özü kimi başqa biri var.

- Birbaşa ölüm təhlükəsi hansında yaşamısız?

- Belə şey olub. Amma bunu mətbuata deyə bilmərəm. Çünki sonra dünya məndən onun haqq-hesabını sorar.

- Niyə? O heyvanların ovu qadağan olduğuna görə?

- Bilirsiz, əgər məni dövlət özü orada ov etməyə çağırırsa, deməli, bu, elə-belə şey deyil.
Yəni elə yerə gedirəm ki, orada heç kim olmur, yalnız təkcə mən ov edirəm. Orada kim istəsə əlinə tüfəng alıb istədiyi əraziyə girə bilməz. Orada hərənin öz ərazisi var. O biri ərazilərdə də elə-belə insanlar deyil.

- Amma bütün hallarda həyati təhlükə yaşadığınız ov olub...

- Bəli, məsələn leopard ovladığımı deyə bilərəm. Leopardı Afrikada ovlamışam - Namibiyada, Cənubi Afrika Respublikasında. Elə ov paketləri var ki, orada pulunu ödəyib kiçikdən böyüyə hər şeyi ovlaya bilərsən. Özü də bu tam leqaldır, qanunidir və dövlətin nəzarəti altındadır. Məsələn, Konqo və Kamerunda dostlarımın şəxsi zonaları var. Bütün ərazi tək bir adamın olur. Ov edənlər arasında isə müxtəlif millətlərdən ispanlar, almanlar, ingilislər var. Yəni ərazi bir nəfərin olur. Biz ona pul ödəyirik və əraziyə girib istənilən heyvanı ovlayırıq. Elə yer var yalnız bir heyvanı öldürməyə gedirsən. Məsələn, "dangerous game" var, fil vurmağa gedirsən. Bu isə çox böyük pullar deməkdir. Orada, ilk növbədə, insanın şəxsiyyətinə baxırlar. Ora hər adam buraxılmır.
Birini qoyub obirinə keçdim. Əgər leopardı vurub yaralayırsansa, sonra bir neçə nəfər onun üstünə gedir. Amma leopard onu kim vurubsa, hətta gecə də olsa, məhz onun üstünə cumur...

"Ovumu yerimdən tərpənmədən 24 saat gözləmişəm"

- Ovçuluqda əsas şərt nədir?

- Hissiyyat...

- Bəs səbr?

- Səbr də olmalıdır. Amma əsas hissiyyatdır.

- Bir heyvanı ovlamaq üçün maksimum nə qədər vaxt gözləmisiz?

- Elə olub ki, 24 saat gözləmişəm. Bir yerdə dayanaraq, tərpənmədən bütün sutkanı gözləmişəm. Elə leopardın özünü ovlayarkən. Başqa cür mümkün deyil. Həm gecə, həm gündüz oturub səbrlə gözləyirsən. Bir də görürsən ki, qarışqa səni yeyir, masket əlindən tərpənmək olmur, başının üstündə duman var, amma tərpənmədən gözləməlisən. Adətən hava qaralandan işıqlanana qədər gözləyirsən. Amma mütləq gözləyirdim, çünki görməsəm də, bilirdim ki, o oradadır.

- Sizin fəaliyyət arealınıza hansı heyvanlar daxildir - quruda gəzənlər, göydə uçanlar, suda və suda-quruda yaşayanlar? Yəni, məsələn, timsahlar.

- Hamısından ovlamışam. Timsahlardan da çox vurmuşam.

"Ov biznes ola bilməz"

- Əyninizdəki gödəkçə hansı heyvanın dərisindəndir?

- Bu ilandır (Əli ilə göstərir).

- Hansı ilan?

- Buna kral piton deyirlər.

- Bəs kəmər və ayaqqabılarınız?

- Onlar da timsah dərisindəndir (gülür).

- Yəqin ki, vurduğunuz heyvanların dərisindəndir...

- Bəli. Dərini verirəm tikirlər. Özü də dünyanın ən məşhur ustaları tikir. Özü də, məsələn, timsah dərisində hər bir naxış fərqlidir. Timsahın elə naxışı var ki, ona nə qədər desən, pul düşür.

- Ovçuluq sizin üçün nədir - həyat eşqi, yoxsa biznes?

- Yox, biznes deyil. Mənim məşğul olduğum biznes sahəsi çoxdur. Ov biznes ola bilməz. Ov biznes deyil, bu bir ruh halıdır. Bu, ruhu qidalandırmaq üçündür.

- Hazırda olduğumuz ov dükanı ilə sizin nə əlaqəniz var?

- Bura dostlarımızın ov dükanıdır və bizim "Safari showroom" burada yerləşir. Bura həm dükandır, yəni ov avadanlıqları satılır, eyni zamanda burada həm də ovladığım heyvanlar sərgilənir.

- Onların satışı da olur?

- Olur, amma xırda-para şeylər.

- Bəs böyüklər? Məsələn, burada şir, ayı var? Onlar da satılır?

- Bəli. Yəni onlar həm sərgilənir, həm də satılır. Amma daha yaxşısı odur ki, sərgilənənlərə baxıb bizə sifariş edirlər. Bizim insanlar heyvanları canlı görməyiblər. İnsanlar görmədiklərini adətən anlaya bilmirlər. İnsan görəndə fikri dəyişir. Dünyanı görməmiş anlamaq olmur. Bu, bilirsiz nəyə oxşayır? Yazıçı oturub evində çölə çıxmır, özündən uydurur və yazır, amma heç nə görməyib. Bu formada o, dəqiqliyi ilə yaza bilməz. O yaxşı fikirləşə bilər, amma dəqiq ifadə edə bilməz.
Çalışın nəyisə görəndən soruşun. Görməyəndən soruşmayın. Təbii, insanın özünün görməsi daha yaxşıdır. İnsan görəndə dəyişir. Görməyəndə isə həmişə sual qarşısında qalır. Bu reallıqdır.

"Başqalarının görmədiyi ovçular elə dünyanın yiyələridir"

- Əgər Faiq Babanlını qandallayıb bağlasalar və bir il ov etməyə qoymasalar, nə olar?

- Ov mənim həyatımdır. Amma ov etmədiyinə görə bundan heç kim ölməyib. Lakin yenə də imkan olan kimi heç olmasa evin içində pəncərədən də olsa, sərçədən-zaddan mütləq vuraram (gülür).

- Yəni ov sizin canınızdadır...

- Bilirsiz mən çölü hiss edirəm. Xüsusən də cəngəlliyi. Həmin anda bütün ərazi mənimdir.

- Siz özünüzü həmin anda orada insan kimi hiss edirsiz, yoxsa pafosla desək, "cəngəllik kralı" kimi?

- Yox, kral bir az gülməli çıxır. Amma ov zamanı ərazi mənim evim olur. Orada məndən başqa heç kim yoxdur. Bunu vəhşilər də hiss edir ki, mən oradayam. Bunu hiss etməyə bilməzlər. Cəngəllik mənim evimdir. Mən orada dincəlirəm. Mən ildə 3-4 dəfə orada oluram. Artıq məni özləri çağırırlar. Bütün dünyada.

- Harada və kim? Bəzi idman növlərində, məsələn, elə məşğul olduğunuz güləşdə idmançıların reytinq siyahısı olur. Ovçuların da belə siyahısı var?

- Bəli. Dünyada üzdə görünən və görünməyən ovçular var. Başqalarının görmədiyi ovçular elə dünyanın yiyələridir. Elə var ki, hər biri 100 fil vurub. Bunu hər adam edə bilməz axı... Onlar dünyanın ov yiyələri yox ha, dünyanın yiyələridir.
Burada maddi imkan mütləq olmalıdır.

- Deməli, onların içində siyasətçilər də var, biznesmenlər də var, idmançılar da var?

- Bəli... Hamı ovda dayanır. Dünyanın bütün böyük şəxsiyyətləri ovda dayanır. Düzdür, pul, şöhrət, vəzifə böyük rol oynayır. Deməli, əsas məsələ şəxsiyyətdədir. Üzr istəyirəm, dünyanın harasına gedirəmsə, mənə hər şeyə icazə verilir. Mən nə dövlət işçisi deyiləm, nə siyasətçi deyiləm. Hansısa ölkəyə gedirəmsə, deyirəm ki, mən filan heyvanın dalınca gəlmişəm. Bilmirəm kimə icazə var, kimə yoxdur. Dəqiq bilirəm ki, hər adama yoxdur.  Amma məni ora buraxırlar.

- Digər məşhur ovçular necə, sizi tanıyırlarmı?

- Bəli, mən onların bütün tədbirlərində iştirak edirəm. Əgər dünyada ov üçün bir böyük heyvan satılırsa, onlar deyirlər ki, Faiqlikdir.

- Deyirlər ki, bəzən ərazilərin sahibləri özləri heyvanların artımının qarşısını almaq üçün ovçuları çağırır. Düzdür?

- Düzdür, bu, demək olar ki, hər gün olur. Bütün qoruqlarda, zonalarda bu, adi bir şeydir. Bir də görürsən ki, kiminsə ərazisində 20 böyük fil var, onlardan 14-15-ni ov üçün satışa çıxarır.

- Bu yaxınlarda məşhur futbolçu Zlatan İbrahimoviç sizin dəvətinizlə Azərbaycana gəlmişdi. Daha hansı məşhurlarla əlaqələriniz var?

- Zlatan yalnız camaatın bildiyidir. Bura mənim dəvətimlə çox məşhurlar gəlir. Onların arasında idmançı da var, müxtəlif ölkələrin tanınmış siyasətçiləri də. Amma bu barədə geniş danışmaq istəmirəm (gülür). Adətən onlar özləri mənimlə maraqlanırlar. Hətta təəccüb edirlər ki, azərbaycanlı hara, belə bir şey hara? O zaman mən onlara Azərbaycanın və əsl azərbaycanlının nə demək olduğunu yaxşıca anladıram. Mən Azərbaycanı sevirəm. Hara getməyimdən də asılı olmayaraq həmişə azərbaycanlı olmağımla fəxr edirəm, orada ölkəmi layiqincə təmsil və təbliğ etməyə çalışıram.

- Bəs Azərbaycanda ov edirsiz?

- Yox! Mən hələ Azərbaycanda bir heyvan da vurmamışam. İndi quşları çıxıram da... (gülür.) Arada dostlarla kampaniya xatirinə quş ovuna gedirəm. Çünki onların da xətrinə dəymək olmur. Amma daha quşları qırıb çatmıram. Sadəcə, nümunəvi atış göstərirəm.
Mən, ümumiyyətlə, ölkə anlayışına çox ciddi yanaşıram. Buna kim necə baxır bilmirəm, amma mən sərhədi keçən kimi bu hisslər oyanır. Çünki mən şəxsiyyətimi göstərməyə gedirəm. Əgər səni bütün dünya tanıyırsa, sən şəxsiyyətsən və özünü ona uyğun aparmalısan.

Buşmen və iki həyat

- Əgər hindusayağı yanaşsaydız, özünüz özünüzə necə ad qoyardız?

- Mən özümü sıfıra qoyuram. Bu yolu aparan Allahdır. Mən də sizin kimi Faiq Babanlıya qıraqdan baxıram, ona qiymət verirəm, azarkeşlik edirəm. Mənim iki həyatım var. Mən də sizin kimi Faiq Babanlıya baxıram, ona əl də çalıb alqışlayıram. Amma şöhrət adlı şey mənim üçün sıfırdadır. Mən ona idmançı vaxtlarımdan doymuşam. Onlar mənim üçün kiçik şeylərdir. Mənim yolum başqadır.

- Sualıma cavab vermədiniz. Özünüzə nə ad qoyardız?

- Buşmen - Meşə adamı. Amma buşmen deyəndə adətən balaca qəbilələr yada düşür və mənim ifadə etmək istədiyim şeyi kiçildir. Özümə kənardan baxsam, belə deyərdim, bu əjdahadır, şir ürəyi yeyib.

- Ov vaxtı risk həddini keçən zaman nə hiss edirsiz? Hiyyatınız necə olur?

- Əgər onun adı riskdirsə, çoxları ondan qorxur, çünki həyat üçün təhlükəlidir. İnsan o təhlükə həddini keçirsə, o, tamam dəyişir.

- Dəyişib kim olur?

- Orada insanın hökmü böyüyür. Hər hansı insan bu həddi keçibsə, sözlərimi göydə tutacaq.

- Amma ola bilər ki, hamı bunu keçməyib. Ona görə də çalışın izah edin. Məsələn, mənə görə, həmin anda insan vəhşi heyvandan daha çox vəhşi olur.

- Bəli. Allah insanı mükəmməl yaradıb. Bax həmin anda onu hiss edirsən və Allahın qarşısında çökürsən. O riski keçəndə dönüb özünə baxır və dəyişir.

- Cəngəlliyi niyə bu qədər sevirsiz?

- Çünki orada mən qorxmaq istəyirəm.

- O qorxunu sizə bu həyatda başqa heç nə yaşatmır?

- Xeyr, yaşatmayıb. Çox şeydən keçmişəm, amma olmayıb. Mən ona təkcə adrenalin kimi baxmıram. O, çox kiçik şey olar. Mən dəli deyiləm. Adrenalin üçün campinqlə məşğul olaraq, rezin iplə yuxarıdan tullanaram, ürəyim ağzıma gələr, bağrım çatlayar, o da olar adrenalin. Amma cəngəllikdəki o deyil. Mən orada həm də ruhumu qidalandırıram. Ora getmək hər adamın işi deyil. Elə adam cəngəlliyə bir dəfə gedər. Bunu edən isə ya zır dəlidir, ya da çox ağıllıdır.

"Asan ov mənlik deyil"

- Tutaq ki, bir heyvandan bir neçəsini vurdunuz. Ondan sonra onların ovuna qarşı marağınız sönür, yoxsa yenə edirsiz?

- Orada asan ov söhbəti var. Əgər ov asandırsa, o, mənlik deyil. Mən onu istəmirəm. Mən hətta vəhşi heyvana daldan belə güllə atmıram. Ov nə qədər çətindirsə, məni o qədər çox cəlb edir. Mən ona gedirəm ki, 24 saat gözləyim və ya ovu qulağımın lap dibində, cəmi 20 sm məsafədən vurum. Mən o heyvanları ovlayıram ki, onlar təhlükə yaratsın. Bütün dünya bilir ki, mən hücum edən heyvanların ovuna gedirəm. Orada sənin cəmi 2 saniyən olur. Məni çağıranda deyirlər ki, problemli heyvan var, insanlara və ya digər heyvanlara hücum edir. əgər o problemli heyvandırsa, o qoruğa, milli parka da, yiyəsinə də, işçilərə də ziyandır. Bax mən həmin heyvanların ovuna gedirəm. Yəni çətin tərbiyə olunan uşaqların tərbiyəçisi kimi... (gülür).

- Bəs elə olub ki, heyvanı vurmusuz və onu ovladığınıza görə təəssüflənmisiz?

- Yox, mən nə vurduğumu bilirəm. Heç vaxt da təəssüflənməmişəm.

- Əsasən, hansı tüfəngdən istifadən edirsiz? Həmişə istifadə etdiyiniz tüfəng markası hansıdır?

- Mən həyatımı silaha etibar edə bilmərəm. Həm də ki məni hara çağırırlarsa, orada hansı silahı versələr, onunla da atıram.

- Bəs vəhşi ilə üz-üzə olan vaxt birdən tüfəngdə problem yaransa, onda necə?

- Mənim ehtiyat üçün həmişə öz variantım var. Lazım gələndə özümü qorumağı bacarıram.

- Heyvanları yalnız güllə ilə vurursuz, yoxsa başqa silahlardan da istifadə edirsiz?

- Ox da atıram.

- Bəs bıçaq?

- Bıçaqla bəzən yaralı heyvanın üstünə gedirsən. Düzdür, o da özünə görə bir adrenalindir. Mən bir dəfə leopardı yaralamışdım. Sahibinə dedim ki, icazə ver bıçaqla onu öldürüm. Mənə qayıdıb ki, problem yoxdur. Amma sizin yaxşı plastik cərrahınız var? (gülür). Mən leopardla yaşamışam. Cürbəcür leopardlarım olub. Mən uzun müddət qara bəbirlə də yaşamışam. Məqsəd nə idi? Özü də onlar heç zaman bizim başa düşdüyümüz mənada əhilləşmir. Onlar insana yalnız o zaman tabe olur ki, onda başçını görürlər. Başqa cür mümkün deyil. Heyvan bilmir ki, qarşısındakı yaxşı oğlandır və ya əzələsi güclüdür.

- Bəs onlar insanı nə vaxt başçı kimi qəbul edir?

- İnsanın gücünü, enerjisini hiss edəndə. Bu güc, qüvvə yerdən Aya qədər olmalıdır. Vəhşilər yalnız insanda bunu hiss edəndə tabe olurlar. Bu da göstərir ki, Allah insanı ali yaradıb. Mən belə vəhşilərlə 3 il yaşamışam. Gecə və gündüz. Bu isə hər an ölüm deməkdir. İnsan atışda səhv edə bilər, amma onlar heç zaman səhv etmirlər. Həyat şirin şeydir. Heç kim onunla vidalaşmaq istəmir.

- Ovçu həmkarlarınızdan belə səhvə yol verib həyatı ilə vidalaşanlar olub?

- Bəli, olub. Çox olub. Öz yanımda da olub. Xaricdə, yerlilərdən. Onu da görəndən sonra başa düşürsən ki, səhv etmək haqqın yoxdur.

Aslanın erkəyi və dişisi fərqli olur

\

- Bizdə bir məsəl var, deyirlər ki, aslanın erkəyi, dişisi olmaz. Bu, həqiqətən, belədir?

- Yox... Elə deyil. Aslanın erkəyi və dişisi fərqlənir. Erkək aslan doyacaq qədər yeyəndən sonra ovunu qoyub gedir. Özü də o yeyən zaman heç bir heyvan ora yaxın gələ bilməz. Onun duruşu, baxışı, əzəməti fərqlidir. Dişilər isə elə deyil. Dişi yediyini yeyir, qalanını da aparıb basdırır ki, sonra yeyər. Amma, sözsüz ki, nə qədər dişi olsa da, aslan olması bəs edir.

- Onda aslana heyvanların şahı demək düzdür?

- Bəli, həqiqətən də, aslan heyvanların şahıdır. Qarşısındakının hansı heyvan olmasından asılı olmayaraq, aslan özünü ondan güclü hesab edir. Maraqlı da olsa, duruşu, qorxmazlığı, əminliyi ilə bu gücünü o birilərinə də hiss etdirir.

- Bəs heyvanların şahını ovlayana nə ad verək?

- Böyük ruhlu insan...

P.S. Onunla söhbətimiz tam hazırlıqsız, ekspromt oldu. Bütün söhbət boyu Faiqin özünəinam, əminlik hissi və səmimiliyi özünü qabarıq göstərir. O dəqiqə hiss edirsən ki, bu şəxs çoxlarının anlaya bilmədiyi tamam başqa bir dünyanın adamıdır. Danışanda gözlərində bir qəribəlik hiss edirsən, baxışı və başının hərəkəti gürzəyə bənzəyir. Hiss edirsən ki, o qarşısındakının təkcə cismini yox, ruhunu da görür. Söhbətin sonunu Faiq belə tamamladı: "Nadir adamlardansan ki, sən də məni görürsən..."

Xəbər lenti