Dünyanın ən sirli milyonçusu Sorosu da aldatmışdı - FOTOLAR

677
Dünyanın ən sirli milyonçusu Sorosu da aldatmışdı - FOTOLAR

O, Len Blavatnik kimi tanınır. Ukraynadan Amerikaya miqrasiya edən yəhudilərdəndir. Əsas pulunu Rusiyada qazanıb. Sərvətinin həcmi 19-21 milyard arasında dəyişir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Len Blavatniki təqdim edir.

Yəhudi professorun ailəsi

Leonard Blavatnik 1957-ci ilin 14 iyununda Ukraynada Politexnik Universitetinin professorunun ailəsində dünyaya göz açıb. Adını Leonid qoyublar. Sonradan adını dəyişdirib. Bəzi mənbələrdə onun doğum yeri Moskva şəhəri göstərilir. Yəhudi əsilli olan Leonard özəl məktəbdə təhsilini bitirdikdən sonra Moskva nəqliyyat mühəndisləri institutuna qəbul olub. Gələcək ortağı Viktor Vekselberqlə münasibətləri də elə buradan yaranıb. Len universiteti 4-cü kursa qədər oxuyub. Sonra təhsilin yarımçıq buraxaraq, valideynləri ilə birgə Amerikaya miqrasiya edib. Kolumbiya Universitetində oxumağa başlayıb. Burada o, kompüter elmləri üzrə magistr dərəcəsi alıb.

Adını dəyişib

1981-ci ildə Amerika vətəndaşlığı alır. Bununla bərabər, adını dəyişdirir. Yeni şəxsiyyət vəsiqəsinə Leonid əvəzinə Leonard yazdırır. İlk iş yeri “Macy’s” geyim mağazaları şəbəkəsinin “IT” departamenti olur. Blavatnikə şirkətin informasiya sistemini təkmilləşdirmək tapşırılır. İşin öhdəsindən uğurla gəldiyindən şəbəkənin direktorlarından biri onu mükafatlandırmaq qərarına gəlir. Blavatnik bu istəyin əvəzində ondan “Harvard Business School”a tövsiyə olunmasını xahiş edir.

1989-cu ildə o, biznesin inzibatçılığı ixtisası üzrə magistr dərəcəsi alır. Yeri gəlmişkən, hələ Harvardda oxuduğu zamanlarda Blavatnik “Arthur Andersen” adlı audit firmasına işə düzəlir. 1986-cı ildə özünün investisiya şirkətini - “Access Industries”i yaradır. Onun ilk böyük biznesi bütün Amerika ərazisində yükdaşıma olur. Rusiyadan olan keçmiş qrup yoldaşı ilə rastlaşdıqdan sonra isə biznes dairəsini genişləndirir.

1987-ci ildə Blavatnik neft sərgilərinin birində Vekselberqlə rastlaşır. Vekselberq o zaman hələ klinik xəstəxanada işləyirdi və bizneslə məşğul olmağa hazırlaşırdı. Keçmiş qrup yoldaşları birgə müəssisə qurmaq istiqamətində razılığa gəlirlər. İki il sonra buna nail olurlar. Sovet İttifaqına kompüter avadanlıqlarının təchizatını həyata keçirməyə başlayırlar. Müddət keçdikcə Viktor Vekselberq onu Rusiyada biznes qurmağa razı salır. 1990-cı ildə Amerika-Rusiya şirkəti olan “Renova”nı yaradırlar. Şirkət Rusiyadan xammalın ixracını həyata keçirir. Müəyyən müddət sonra Blavatnik birgə aktivlərdəkı payın müqabilində öz səhmlərini satır.

Vekselberqin sözlərinə görə, Blavatnik uzun müddət Rusiya aktivlərinə sərmayə qoymaqdan imtina edirmiş. Amma nəhayət o, yola gəlir və uduzmur da. 1994-cü ildə “Access Industries” Vladimir adına traktor zavodunun səhmlərini satın alır. Amma zavodu böhrandan çıxara bilmədiyindən səhmləri satır. 1996-cı ildə “Sibirsko-Uralskoya” alüminium şirkətinin (SUAL) yaradılmasında iştirak edir. Direktorlar şurasının üzvü olan Leonard Blavatnik şirkətdə 47,5 faiz səhmə sahib olur. Şirkətin “Russkiy alüminium”la birləşdirilməsindən sonra isə “Rusal”ın direktorlar şurasına daxil olur.

Bu arada qeyd edək ki, gələcəkdə ortaqların biznesi genişləndikcə alüminium sektoru onlar üçün əvvəlki kimi cəlbedici olmur. 2011-ci ildə Blavatnik “Rusal”dan getməyi qərara alır. 1997-ci ildə “Access Industries” (Leonard Blavatnik) , “Renova” (Viktor Vekselberq) və “Alfa-Qrupp” (milyarder Mixayil Fridman) Tümen neft şirkətinin (TNK) səhmlərinin 40 faizini dövlətdən satın alırlar. Üç şirkətin baş hərfinin birləşməsindən - AAR (Access/"Alfa"/"Renova” ) adlı konsorsium yaradılır.

1998-ci il böhranından sonra AAR-ın səhmdarları “TNK”-nın səhmlərinin yerdə qalan 50 faizini də ələ keçirirlər. Blavatnik şirkətin direktorlar şurasının üzvü olur. 2003-cü ilə BP ilə tərəfdaşlıq imzalanır və şirkət “TNK-bp” kimi fəaliyyət göstərir. “Access Industries” 12,5 faiz səhm payı ilə neft şirkətinin sahiblərindən biri olur. 2003-cü ildə Vekselberq və Blavatnik “Vahid ticarət şirkəti”ni (ETK) təsis edirlər. Şirkət Rusiya sənaye müəssisələrini satmaq istiqamətində müstəsna hüquqlar əldə edir. Tezliklə şirkətin fəaliyyəti Rusiya Federasiyasının Antiinhisar Siyasəti Nazirliyinin diqqətini çəkir. Nəticədə ortaqlar “başağrılardan” azad olmaq üçün ETK-nı satırlar.

2002-2005-ci ildə Blavatnik yenə də Vekselberqlə birgə maliyyə qrupunun sahibi olurlar. Həmin qrupa “Alba Alyans” bankı və “Sovlink” şirkəti daxil olur.

Bundan əlavə, “Access Industries”in səhmlərinə Qazaxıstandakı “Boqatır” kömür mədəni, kimyəvi məhsulların ən böyük istehsalçılarından olan “LyondellBasell Industries”, Britaniyanın teleşirkəti “Top Up TV”, Rusiyada teleserialların çəklişini həyata keçirən “Amedia”, İsrail şirkəti “Rochester Gas & Electric” daxil olur. Blavatnik eyni zamanda uzun müddət ən böyük səsyazma şirkəti olan “Warner Music Group”a sahiblik edir.

Maliyyə fırıldaqçısını “mat” edir

Nəzərə çatdıraq ki, o, bu şirkəti 2011-ci ildə 3,3 milyard dollara satın alır.

Blavatnikin investisiyaları, şirkətlərdəki payı bununla bitmir. O, eyni zamanda “Eurasia Group” konsaltinq şirkətinin və İsveç telekommunikasiya şirkətinin direktorlar şurasının üzvü olur. "Svyazinvest" Rusiya telekommunikasiya şirkətinin səhm paketinə sahiblənir. 2004-cü ildə Access Industries Corc Sorosdan şirkətlərindən birinin 25 faiz səhmlərini 625 milyon dollara satın alır. İki il sonra həmin səhmləri 1,3 milyard dollara satır. Soros sonradan etiraf edirdi ki, səhmlərin Blavatnikə satışı onun karyerasının ən uğursuz alqı-satqısı olub.

Kino sahəsində də investisiya edən iş adamı Mel Gibsonun “Icon” şirkətini alır. 2011-ci ildə “Access Industries” “Warner Music Group” səsyazma studiyasını 3,3 milyard dollara satın alır.

Daşınmaz əmlak bazarına yatırımlar

Blavatnik daşınmaz əmlak sahəsində investisiyaları ilə məşhurdur. O, 2004-cü ildə İngiltərənin mərkəzində 41 milyon funt sterlinqə 1855-ci ildə ingilis milyarder Corc Mur tərəfindən inşa edilən malikanə alıb. Həmçinin 2007-2009-cu illərdə iş adamı ABŞ-da ucuzlaşmış mülklərin alışı ilə məşğul olub.Təkcə Manhettendə onun 100 milyon dollar dəyərində daşınmaz əmlakı var. 2007-ci ildə isə Hollivudda 625 milyon dollar dəyərində torpaq sahəsi alıb. 2006-cı ildə Blavatnik məşhur fransız hoteli Hotel Vendome və Grand-Hotel du Cap-Ferrata sahiblənib.

Sərvəti

2007-ci ildə “Forbes” jurnalı onun sərvətinin həcmini 7,2 milyard dollar dəyərləndirir. 2008-ci ildə biznesmenin sərvətinin həcmi 11 milyard dollara yüksəlir. 2009-cu ildə yaşanan beynəlxalq böhran Blavatnikin sərvətinin yarıbayarı azaldır. 11 milyard dollar olan sərvət 4 milyarda enir. Bildirilirdi ki, təxminən yüz milyon dollarlaı Blavatnik elə JP Morgan Chase-in onun investisiyalarını düzgün idarə etməməsinə görə itirmişdi.2016-ci ilin yekunlarına görə, isə onun sərvətinin həcmi 19,9 milyard dollardır. Ekspertlərin fikrincə, Blavatnik əsas aktivlərini məhz Vekselberq və Mixayil Fridmanla dostluğu sayəsində Rusiyada qazanıb

Qəribə əlaqələr

Rusiyada, Qazaxıstanda sərmayələrə sahib L.Blavatnikin hər iki ölkənin siyasi dairələri ilə qəribə əlaqələri var. Məsələn, onun baş nazirin birinci müavini Anatoli Çubays, keçmiş baş nazir Sergey Stepaşinlə yaxın əlaqələri mövcuddur. Blavatnik 1999-cu ildə Stepaşinin Vaşinqtona səfərini təşkil edib. Bundan əlavə, Stepaşinin şərəfinə təşkil olunan mərasimdə Vaşinqton siyasətçilərinin iştirakını təmin edib.

O, Respublikacılar Partiyasının namizədlərinin kampaniyalarına pul xərcləməklə də məşhurdur. Qazaxıstana gəlincə, Qasım Comart Tokayevin ABŞ-da piarını, səfərlərini məhz o təşkil edir.

Mediadan qaçır

İş adamı mətbuatla az ünsiyyətdə olur. Onun haqqında mətbuata çox az məlumatlar bəllidir.

Şəxsi həyatı

Milyarder Amerika vətəndaşı olan Emili ilə evlidir. Cütlüyün 4 övladı var. İki qız və iki oğlan. Blavatnik əsasən Böyük Britaniyada yaşayır

Xəbər lenti