"İstənilən uğurlu əməliyyatdan belə narazılıq edən xəstə mütləq tapılır”.
Mynews.az-ın xəbərinə görə, bunu Modern.az-a Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndərli bildirib.
O qeyd edib ki, həmin xəstələri təkrar əməliyyata alıb istəyini gerçəkləşdirməyə çalışır:
"Dünyanın hər yerində plastik əməliyyatların orqanlara görə faiz dərəcələri təxminən üst-üstə düşür. Çünki insanların istəyi hər yerdə eynidir. Plastik cərrahiyyə əməliyyatları özü bir neçə yerə bölünür: rekonsturktiv (bərpaedici) əməliyyatlar və estetik əməliyyatlar. Rekonstruktiv estetik əməliyyatlar plastik cərrahiyyənin 75 faizini təşkil edir. Bunlar qurdağızlılıq, dovşandodaqlılıq, yanıqlardan sonra deformasiyalar, çapıqlar və s.dir. Əməliyyatların 25 faizini isə kosmetik- burun, qırışlar, piylənmə əməliyyatları təşkil edir. Bu gün bizə olan müraciətlərin içərisində ən çoxu rekonstruktiv əməliyyatlarla bağlıdır. Estetik əməliyyatlarda isə piylənmələr, qırışlar, burun əməliyyatlarının böyük payı var. Birinci yerdə də burun əməliyyatları gəlir”.
V.Qələndərli Azərbaycanda dolların bahalaşmasından sonra plastik cərrahiyə əməliyyatlarının qiymətlərində dəyişiklik edilib-edilmədiyinə də aydınlıq gətirib:
"Bu, bütün dünyada gedən proseslərə təsir edir. Mən ötən ilin noyabr ayında Yaponiyada idim. Orada da həmin proses gedirdi. Amma dolların manata nisbətən məzənnəsinin möhkəmlənməsinin estetik-plastik əməliyyatların qiymətinə hər hansı şəkildə təsiri yoxdur. Əsas olan əməliyyatı düzgün icra etmək və pasiyenti razı salmaqdır. Bu baxımdan insanlara daha səriştəli həkimlərə müraciət etməyi məsləhət görürəm”.
Cərrah-həkim ona müraciət edən pasiyentlərin arasında 80 yaşlı insanların olduğunu da qeyd edib:
"Ən yaşlı pasiyentlərim arasında 75-80 yaşlarında üz dərisinin qüsurundan, sallanmalardan narazı olanlar olub. Biz onların üzündə əməliyyat etmişik. Xüsusilə yaşlı qadınların ən böyük problemi göbək nahiyəsində əmələ gələn piylərdir. Hansı ki, onları əyilməyə, rahat hərəkət etməyə qoymur. Bu halda xanımlar ayaqqabılarını belə bağlaya bilmirlər, diz oynaqlarına ağırlıq düşür, problemlər yaranır. Plastik əməliyyatla həm xarici görünüşlərində dəyişiklik olur, həm də fiziki hərəkətləri aktivləşir”.
V.Qələndərli deyib ki, estetik əməliyyatlar üçün müraciət edənlərin böyük hissəsi azərbaycandakı məşhurlardır:
"Onlar bir çox hallarda bu əməliyyatları etmək məcburiyyətində qalırlar. Çünki cəmiyyətdə tanınan, efirə çıxan insanlar həm də gözəl görünmək istəyir. Tamaşaçı da baxdığında gözəllik axtarır. Bu baxımdan məşhurların estetik əməliyyata üz tutmasını təbii qarşılamaq lazımdır. Bu həm də bütün dünyada belədir, təkcə Azərbaycanda yox”