"Kömək edin! Kömək edin... Nə qədər çağırmaq, var-gücümlə qışqırmaq istəsəm də, bacarmırdım. Yerimdə çırpınmaq, çabalamaq istəyirdim, əllərim, ayaqlarım sözümə baxmırdı... Çox çarəsiz idim... Getdikcə nəfəsim tükənirdi. Boğazıma çökmüş qara kölgə ağırlığı ilə getdikcə məni əzir, nəfəsimi kəsir, gözlərim hədəqəsindən çıxırdı. Dəhşətə gəlmişdim, çox qorxurdum, getdikcə heç bir müqavimətin işə yaramayacağını anlayıb, sonumun çatdığını qəbul edirdim. Elə bil bütün dünyanın ağırlığı üzərimə çökürdü, məni sıxırdı, əzilirdim, əzilirdim... Bədənim xıncım-xıncım olur, heçliyə yuvarlanırdım...
Və birdən elə bil qeybdən bir səs eşitdim. Bu səsin sehrilə üzərimə çökən qara kölgə də bir anda çəkilib, yox oldu. Gözlərimi açanda anam "bismillah", - deyə-deyə alnımda puçurlanan təri silirdi.
Bu hal məndə birinci dəfə deyildi ki, baş verirdi. Son zamanlar demək olar, hər gecə yuxuya gedən kimi məni qara basırdı. Artıq yatmaqdan qorxurdum, o qara kölgənin məni boğması hissini təkrar yaşamaq istəmirdim..."
Qarabasma ilə bağlı yaşadığı hissləri Ailem.az-la bölüşən 16 yaşlı Elvin dilə gətirir bu sözləri. Yəqin çoxlarına tanışdır həmin boğulma və qarabasma hissi. Hər birimiz həyatımızda bir dəfə də olsa bunu yaşamışıq. Amma elə insanlar var ki, onlarda qarabasma tez-tez təkrarlanır. Bəs görəsən qarabasma nədir və hansı hallarda ortaya çıxır? Bu, bir psixoloji problemdirmi? Qarabasmadan qurtulmaq mümkündürmü?
"İçinə cin qaçıb"
Milli.Az bildirir ki, mövzu ilə bağlı ailem.az-ın suallarını cavablandıran psixoloq-psixoterapevt Xanım Niftəliyeva deyir ki, yuxu ilə reallıq arasında olarkən üzərimizə gələn ağır bir qaraltılı məxluqa qarabasma deyilir. Elmdə isə bu, yuxu iflici, yaxud ren yuxusu kimi adlanır: "Evdə tək olduqda, yaxud yuxuya getdikdə sanki bir qaraltı üzərimizə çökür və bu, bizi qorxutmağa başlayır. Çox yorğun olduqda və gərgin iş rejimində işlədikdə qarabasmanın artması müşahidə olunur. Yer üzündəki hər on insandan səkkizində günaşırı qarabasmalar olur. Qarabasma tək bizim mədəniyyətimizdə adət-ənənələrimzdə, dini inanclarımızda deyil, bir çox ölkələrdə müxtəlif yanaşmalarla müşahidə edilir. Almaniyada bunu bəzən caduların, cinlərin yuxuda insanlara təsiri kimi qəbul edirlər. Amerikada yad planetlilərin insanı yuxuda qaçırıb əziyyət verməsi kimi, Rusiyada isə yuxu iflicinə səbəb olan "dımovoy" adında kişi ruhunun inancı kimi yanaşılır. Bu ruhun xəyanət edən, yaxud pis evlilik keçirən insanı cəzalandırdığı düşünülür. Bu da Rusiyanın dini inanclarına, mədəniyyətinə xas olan bir versiyadır. Azərbaycanda isə bəzən bunu "içinə cin qaçıb" kimi, yaxud göz-nəzərlə əlaqələndirirlər, hətta falçıya, çıldaq deyilən ocaqlara aparırlar insanları".
Qarabasma cəmi 2-3 saniyə baş verir
Həkim məlumat verir ki, qarabasmanın müəyyən göstəriciləri var. Yatdıqdan bir saat sonra qışqıraraq oyandıqda, yaxud yuxuda ağladıqda beyin sıxılır və nəfəs alıb-vermək ağırlaşır. Yuxudan oyandıqda saatlarla qarabasmadan əziyyət çəkən insanlar yataqdan qalxa bilmir. Qarabasmaların yaranmasının iki əsas səbəbi var: qan dövranının zəifləməsi və psixoloji gərginlik: "Yuxudan oyanmağa saniyələr qalmış sinir sistemində olan iflicin nəticəsində qarabasma ortaya çıxır. Yuxu iflici olarkən insan təkrar ren yuxusuna daxil olmadan, yaxud ren yuxusundan tam uzaqlaşmadan qarabasma baş verir. Bu qarabasmalar yalnız 2-3 saniyə davam edir. Lakin insana elə gəlir ki, bu, bir neçə saat davam edib".
Bu uşaqlar özlərinə zərər vurmağa başlayırlar
Psixoterapevt bildirir ki, hər gecə qarabasma ilə oyanan insanlar gün getdikcə yatmaqdan qorxmağa başlayır: "Bəzi uşaqlarda qarabasma ayda 1-2 dəfə olur, bəzilərində isə hər gün müşahidə olunur. Hansı uşaqlarda ki hər gün müşahidə olunur, onlar özlərinə və ətrafdakılara zərər vurmağa başlayırlar. Onlar bu haldan qorxmağa, hətta yuxuya getməməyə çalışırlar. Olduqca əsəbi, gərgin və aqressiv olurlar. Artıq bu, onlarda psixoloji sarsıntıya, pozuntuya gətirib çıxarır. Qarabasma zamanı nə etdiklərini bilmirlər, özlərində olmurlar. Yeniyetməlik dövründə də bu hal daha qabarıq şəkildə üzə çıxır və çoxlu psixoloji problemlərə səbəb olur. Bu yaş dövründə yuxuda gəzmələr də müşahidə edilir. Yuxuda qalxıb gəzirlər, danışırlar. Bu da qarabasmaya aiddir. Qarabasmadan əziyyət çəkən uşaqlar susqun olurlar, özlərinə qapanırlar, saatlarla yataqdan çıxmırlar. Psixoloji sarsıntı yaşayırlar".
17 yaşlı xanımda qarabasmadan sonra ürəkgetmə yaranmışdı
X.Niftəliyevanın sözlərinə görə, qarabasma bəzi xəstəliklərin də göstəricisi ola bilir: "Qan dövranının zəifləməsi və pozulması, qan azlığı, psixoloji gərginliklər qarabasmaya səbəb ola bilər. Həmçinin, normadan artıq stress, yuxu pozuntuları, yaxud hər hansı psixotrop dərmanlardan istifadə edən insanlarda bu hala rast gəlinir. Qan dövranın zəifləməsi və psixoloji gərginlik qarabasmalarda xəstəlik göstəricisi kimi götürülür. Mənim 17 yaşında bir pasientim var idi. Ailəsi demişdi ki, onda qarabasmadan sonra ürəkgetmələr də yaranmışdı. 10-12 seans nəticəsində biz bu problemi aradan qaldırdıq. İndi o, aktiv həyata başlayıb. Həmin xanımda qarabasmalar güclü qorxular nəticəsində yaranmışdı. Bu səbəblə də müalicəyə başlamaq üçün biz bu qorxuların qaynağını araşdırdıq. Haradan yaranıb, necə yaranıb? Müəyyən edildi ki, bu qorxu onun oxuduğu məktəbdə olan bəzi məsələlərlə bağlıdır. Biz bu problemin həllini tapdıq və nəticə də müsbət oldu. Bir başqa pasiyentim isə deyirdi ki, qara, tüklü və eybəcər bir kölgə onu izləyir. O düşünürdü ki, gecələr həmin məxluq onun çarpayısının altında olur. Onunla da psixoloji iş apardıq və uğurlu nəticə əldə etdik".
Qorxulu filmlər qarabasma yaradır
Mütəxəssis deyir ki, qarabasma zamanı insan yuxuda olur, amma şüur açıq olduğundan bir növ ayıq sayılır: "Sanki üstünüzdə qara rəngli məxluq oturur və qalxmağınıza mane olur. Nə qışqıra bilirsiniz, nə hərəkət edə bilirsiniz, qaçmaq istəyirsiniz, amma heç cür hərəkət edə bilmirsiniz, qışqırmaq istəyirsiniz, amma səsiniz çıxmır. Tam boğulmaq üzrə olarkən birdən gözünüzü açanda və dərindən nəfəs alanda bunun qarabasma olduğunu anlayırsınız. Bu, yatmaq formasına görə baş vermir. Sadəcə nizamsız yuxu, yaxud da az yuxu, normadan artıq stress, gərgin iş rejimindən əmələ gəlir. Biz qarabasmaları əsasən psixoterapevtik problem kimi götürürük. Amma mən bir şeyi də nəzərinizə çatdırım ki, bu psixoterapetik bir problem olmaqla yanaşı, həm də uşaqların valideynlər tərəfindən nəzarətsiz qalmasından da qaynaqlanır. Və həmin uşaqlar qorxulu filmlər, cizgi filmləri izləyirlər və gecə onlarda qarabasmalar yaranmağa başlayır. Bu da psixoloji sarsıntıya gəlib çıxır. Baxdıqları filmdə hansısa bir hissə onların şüuraltına yol açır və yuxuya getdikləri zaman qarabasmalara səbəb olur".
Hərəkət etdikcə uzaqlaşır
Qarabasmadan qurtulmaq mümkündürmü sualına aydınlıq gətirən həkim söyləyir ki, qarabasma psixoloji problemdir və ondan qurtulmaq mümkündür: "Bu, yuxu pozuntusundan, gərgin iş rejimindən, normal yatmamaqdan əmələ gələn psixoloji problemdən qaynaqlanır. Dediyimiz kimi, qarabasma zamanı səsimizi çıxara bilmirik, sanki kimsə bizə icazə vermir. Həmin vaxt fikirlərimizi bir nöqtəyə yönəldə bilsək və hər hansı barmağımızı asta-asta hərəkətə gətirsək, qarabasma getdikcə azalır. İnsanın ren yuxusunda olarkən açıq olan şüuru aktivləşməyə başlayır. Hərəkət etdikcə qarabasmanı özümüzdən uzaqlaşdırırıq. Mən qeyd etmək istəyirəm ki, bu, psixoloji problemdir. Tanıdığınız, güvənə biləcəyiniz psixoloqa müraciət edib, bu problemdən çox rahat şəkildə qurtula bilərsiniz".