XX əsr yapon ədəbiyyatının ən məşhur simalarından biri Dazay Osamunun adını bəlkə də ilk dəfə eşidirik. Əsl adı Suyudzi Tsusima olan yazıçı 1909-cu ildə Yaponiyanın ən varlı və tanınmış ailələrinin birində 12 uşaqlı ailənin 10-cu övladı kimi dünyaya göz açır.
O, hələ kiçik yaşlarından aristokratiyanın sərt qanunlarına, saxta etiket qaydalarına qarşı çıxaraq, hərarətli gülüşü ilə həyata qucaq açırdı. Tsusima ailəsinin birgə çəkdirdikləri bu şəkildə balaca Suyudzini tanımamaq mümkün deyil. Bütün ailənin ciddi görkəm aldığı bu fotoşəkildə yalnız o gülümsəyir. Əslində isə bu təbəssüm tezliklə baş qaldırıb, durmadan püskürəcək vulkanın qığılcımlarıdır.
Kommunist Partiyasına üzv olduğu üçün ailəsinin rədd etdiyi övlad
Osamu düz 17 yaşından etibarən yaradıcılığa qədəm qoyur. İlk hekayələrini də bu dövrdə yazmağa başlayır. Gənc yazarın əsərləri oxucular tərəfindən dərin maraqla qarşılandığı üçün qəzet redaksiyaları onunla əməkdaşlıq etmək üçün sıraya düzülürlər. Osamunun ailəsi onun bu seçiminə qəti etiraz edir. Cəmiyyətdə və siyası aləmdə öz layiqli yerini tutan atası övladını da bu səmtə yönəltmək arzusunda idi. Çılğın gənc isə öz qərarını nə ailəsinə, nə də siyəsətə qurban verib, öz yolunu cızır. Elə həmin il Tokio Universitetinin Fransız ədəbiyyatı ixtisasına qəbul olunur. Marksizmlə dərindən maraqlanan yazıçı Yaponiyada qəti qadağan olunan Kommunist Partiyasına üzv olur. Kommunist yazıçı az keçmir ki, həbsə atılır. Atası sayəsində həbsdən canını qurtarsa da, tezliklə ailəsi ondan imtina edir.
İntihar edib, sağ qalan sehirbaz
Dazay ustadı Akutaqavanın ölümündən sonra uzun müddət özünə gələ bilmir. Təbiətən həssas və küsəyən gənc yazıçı sevimli sələfinin adımını təkrarlamağa cəhd edir. Akutavanın ölümündən bir müddət sonra bir qutu dərman içib, özünə süi-qəsd edir. Xoşbəxtlikdənmi, ya bədbəxtlikdənmi o, niyyətinə çata bilməyib sağ qalır. Tezliklə psixoloji dispanserə yerləşdirilən Dazay içkiyə qurşanıb, vərəm xəstəliyinə yoluxur. Ardınca Hatsuyo adlı geyşa ilə ailə qurur. Xəstəxanada yatdığı müddətdə ailəsi ilə münasibətləri düzələn Osamu geyşa ilə evləndiyi üçün yenidən doğmalarının nifrətinə tuş gəlir.
Ölümün belə sevmədiyi yazıçı
Bu dünyadan ümidini tam üzən kommunist yazıçı hər gün intihar planları qurur, kobud səslənsə də, ucuz ölüm axtarışına düşür. Hayutso ilə birgə intihara hazırlaşan Osamu arvadının ona xəyanət etdiyini öyrənir. Bu, onun küskün ruhunu biraz da incidir. Cütlük külli miqdarda yuxu dərmanı içib, süi-qəsd edir. Lakin hər ikisi sağ qalır. Bundan sonra yeni məşuqəsi Tanabe ilə özünü dənizə atıb, ölməyə cəhd göstərir. Qadın dənizdə batıb, dünyasını dəyişsə də, gənc yazıçı Əzrayıl tərəfindən 3-cü dəfə də rədd edilir. Yazıçı bu faciəni belə xatırlayacaqdı: "O gecə hər ikimiz dəniz kənarındakı qayaya çıxdıq. Tanabe paltosunun iş yoldaşına məxsus olduğunu deyərək, onu səliqə ilə çıxardıb, qayanın üstünə qoydu. Mən də gödəkçəmi eyni aramla qatlayıb, paltonun yanına atdım. Birlikdə dənizə tullandıq. O öldü, mən sağ qaldım".
Özünü ölümün ipindən asan yazıçı
Bütün bu intihar cəhdləri Dazayın yaradıcılığına əsla mənfi təsir etmir, əksinə əsərlərinin bədii yükünü ağırlaşdırırdı. Bir müddət Tanabenin ölümünə görə həbsə alınan yazıçı tezliklə azadlığa buraxılır. Spirtli içkiyə qurşanan Osamunun əsərlərini ədəbiyyatsevərlər aclıqla oxumağı sürdürürlər. Lakin yaradıcılığındakı bu uğur onu intihar yolunda müşayiət etmir. 5-ci dəfə özünü asaraq süi-qəsd edən Dazay yenə sağ qalır.
Bir müddət sonra ərini çox gənc yaşda itirən Tomie Yamazaki adlı dul qadınla tanış olur. Yamazaki ilə birgə özünü kanala atıb, intihar edən yalnızlıq yazarı nəhayət, əsl dünyasına qovuşmağı bacarır. Onun cəsədi 39 yaşı tamam olan gün tapılır. Dazay “Əlvida” adlı kitabını bitirmədən, əbədiyyətə qovuşur. Bu kitab müasir yapon ədəbiyyatının çox dəyərli incisi sayılır.
Küskünlük şairi Osamunun ölmədən oncə son sözü “Dünyaya gəldiyim üçün məni bağışlayın” olur.publika