Məşhur bloqer və kulinar Stalik Xankişiyevin “Facebook” hesabı dolma haqqında mübahisələrdən sonra 30 gün müddətinə bağlanıb. O, Ermənistandan olan aşpaza dolmanın ermənilərin milli yeməyi olmadığını izah etməyə çalışsa da, aşpazın dostları sosial şəbəkə administrasiyasına “böhtan” dolu yazılarla şikayətlər göndərib.
Mynews.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə Stalik Xankişiyev livejournal.com-dakı bloqunda yazıb.
Həmin yazıdan çıxarışları təqdim edirik.
“Mənim dərc etdiyim polemik məqalələrdə heç bir millətçilik ünsürü, ədavətə təhriketmə, erməni xalqına qarşı nifrətə çağırış olmayıb. Sadəcə, erməni kulinarları bizim bir çox regional və milli yeməklərimizin, xüsusilə dolmanın mənşəyi ilə bağlı müzakirələrə çağıran polemik məqalələr olub. Son vaxtlar Rusiya kütləvi informasiya vasitələrinə tez-tez müsahibə verən, bir çox yeməklərin mənşəyi barədə Rusiya cəmiyyətinə yalan məlumatlar ötürən, yalan danışan və təxəyyülünü işə salan konkret bir şəxsə müraciət edirdim. Diskusiyalara ünvanıma təhqirlər, təhdidlər, hansısa homoseksual uydurmalar yağdıran bəzi vazelinli, ya vazelinsiz dostları da qoşuldu”, – deyə Xankişiyev bildirib.
Stalik Xankişiyev bildirib ki, erməni aşpaz diskusiya təklifini rədd edərək, başmaqçının başmaqdan başqa şey haqqında danışmağa haqqı olmadığını söylədi, tarixdən isə anlayışı yoxdur.
“Müsahibə verə bilir, ancaq diskusiya apara bilmir. Ona görə də, müzakirə nəticə etibarilə baş tutmadı. Ancaq görünən odur ki, bu məqalələr quşu gözündən vurub və ona görə də bundan qəzəblənib “Facebook”a məqalələrimdən şikayətlər yağdırıblar. Əslində, bunu heç şikayət də adlandırmaq olmaz, sadəcə, şər-böhtandan ibarət donoslardır. O halda şikayət adlandırmaq olar ki, mən, həqiqətən, hansısa qaydaları pozam. Habelə mənim “Facebook”da dərc etdiyim məqalələrdə sosial şəbəkənin heç bir qaydası, eləcə də, Rusiya, Azərbaycan, hətta Ermənistanın belə qanunları pozulmayıb.
Demək istədiyim odur ki, bunlar şər-böhtandan ibarət donoslardır. Yəqin, donoslar çox olduğundan “Facebook” administrasiyası robot kimi hərəkət edib və onları qəbul edərək, mənim hesabıma 30 gün müddətinə blok qoyub”.
Stalik Xankişiyev əlavə edib:
“30 ildir ki, Qafqazda Qarabağ və Azərbaycanın işğal olunmuş yeddi rayonu uğrunda qanlı münaqişə davam edir. Dünyanın heç bir dövləti Azərbaycan torpaqlarının işğalını qanuni saymayıb – nə Rusiya, nə də başqası. Hətta Ermənistan belə bu cür axmaqlığa cürət etməyib.
İşğala, gözlənilən aqressiv planlara bəraət vermək üçün, erməni təbliğatçıları dünyanın müxtəlif ölkələrində, birinci növbədə də Rusiyada yerli ictimaiyyətə azərbaycanlıların vəhşi, köçəri xalq olduğunu, özünəməxsus mədəniyyəti olmadığını,həmin torpaqlarda köklərinin olmadığını, ona görə də Qara dənizdən neft yataqlarına kimi uzanan Böyük Ermənistan torpaqlarını boşaldıb, Altaya çıxıb getməli olduqları ideyasını aşılamağa çalışır və bu istiqamətdə planlı işlər görür. Başa düşürsünüz, 30 ildir ki, nifrətə təhrik edirlər, saysız-hesabsız təhqirlər yağdırırlar, ədavət salırlar. Azərbaycanın bütün yeməklərinin erməni yeməyi olduğunu car çəkməkdən tutmuş, onların ərazi-mədəni ekspansiyasına qarşı çıxan az-çox tanınan azərbaycanlılara böhtanlar yağdırmağa kimi bütün metodlara əl atırlar.
Ermənistan kütləvi informasiya vasitələrində, həm sarı-çirkab mətbuatında, həm də rəsmi mediada uzun müddətdir ki, şaşlık, lülə-kabab, dolma və plovu Azərbaycan yeməkləri adlandırdığım üçün ünvanıma böhtanlar yağdırılır.
Bu yaxınlarda sağa-sola müsahibə verən, durmadan yalan danışan, yalanları ilə adamı lap məəttəl qoyan ermənistanlı aşpaz Sedrak Mamulyan diqqətimi çəkdi. Məsələ ondadır ki, o, mənim az-çox başım çıxan mövzuda - kulinariya və onun tarixi barədə danışır. “Facebook”da onu müzakirəyə dəvət etdim. Ondan səs çıxmadı. Həmin vaxt mən dolmanın guya erməni yeməyi olması barədə heç bir sübutun olmadığı haqqında onlarla arqument göstərdiyim böyük məqalə üzərində işləməyə başladım, dolmanın yemək, kulinar təzahür olaraq Osmanlı imperiyasında tanındığını və dolma sözünün bütün türk dillərinə daxil olduğunu sübuta yetirən nüfuzlu mənbələrə çoxsaylı istinadlar etdim. ”.
Hal-hazırda dolma bişirən müxtəlif xalqların kulinariyası haqqında onlarla kitabı skanerdən keçirdim. Elə arqumentlər gətirdim ki, erməni opponentlərim onlara etiraz edə bilmədi.
Cənablar, siz əclafsınız. Yazıq, qorxaq, axmaq, savadsız və alçaq insancıqlarsınız. Mən sizə makirə aparmağı təklif etdim, siz isə sivil şəkildə mübahisə edə bilmədiniz və mənə alçaqlıqla qalib gəlməyə çalışdınız. İstədiyinizə nail oldunuz – mənim hesabıma 30 gün müddətinə blok qoydular. Ancaq bu, mənim məğlubiyyətim yox, əslində, QƏLƏBƏMDİR. Onlar bununla mənim haqlı olduğumun, sizin həqiqəti görən gözünüzün olmadığınızın, ondan qorxduğunuzun, onu məhv etməyə çalışdığınızın etirafıdır.
Axmaqlar! Siz adınızı xristiaan qoymusunuz, ancaq heç “Bibliya”nı da oxumamısınız. İsa Məsih belə deyib:
“Həqiqətə görə sürgün edilənlərin yeri cənnətdir”.
Hələ Cənnətə düşməyə tələsmirəm, hələ gəncəm, enerji doluyam, tamaşaçılarım, izləyicilərim və oxucularımı sevindirmək üçün hələ işləmək istəyirəm.
“Facebook” səhifəmdə 5000 min ortaq dostum, 67 000 izləyicim var. Əvvəllər mənim məqalələrimi 50-70 min adam oxuyurdu. İndi isə onların hər birinə üzümü tuturam: Hesabımın blokda olduğu müddətdə mənə yardım edin, məqalələrimi öz səhifələrinizdə paylaşın. Beləcə, bu məqalələri, 10 qat, əlli qat, hətta 100 qat artıq insan oxuyacaq. Siz nəyə nail oldunuz? Əclaflığa insanların reaksiyası həmişə eyni olur”.
Qeyd edək ki, dolma Cənubi Qafqaz və digər regionlarda geniş yayılmış yemək növüdür. Ermənistan və Azərbaycan onu öz milli mətbəxinin ayrılmaz hissəsi hesab edir.
2017-ci ildə YUNESKO komitəsi dolmanı Azərbaycanın qeyri-maddi mədəni irsi siyahısına daxil edib.