“Çünki şeytan sol əli ilə içər, sol əli ilə yeyər...”

845
“Çünki şeytan sol əli ilə içər, sol əli ilə yeyər...”

“Sol əllə yemək yemək olmaz. Sol əllə şeytanlar yemək yeyər”. Fətva Türkiyənin ən yüksək dini qurumu olan Dəyanət işləri komitəsi tərəfindən gəlib. O zaman belə çıxır ki, Allah da sol əli yatarmaqla ümumiyyətlə səhv edib?. 

İlahiyyatçı alim Əkrəm Həsənov Moderator.az-a açıqlamasında buna aydınlıq gətirib. 

“İslam dini ümumbəşəri, bütün dövrlərdə elmə bağlı olan, islam mənbələrində bildirilən məsələlər də ancaq insanların faydasını əsas götürən ilahi, vəhyə dayanan haqq bir dindir. Allah təalanın Qurani Kərimdə insanlar üçün, xüsusi ilə inanan insanlar üçün qadağa etdiklərinə baxdıqda tibbi cəhətdən, təcrübələrə əsasən də görülür ki, onların faydasına hesablanılıb. Yeməyi, içməyi, digər əşyaları tutmaq məsələləri incəliklərinə qədər şəriət mətnlərində bildirilib. Hətta Səlman əl-Farisi bildirir ki, ayaq yolu ədəblərinə qədər islam dini bizə necə ədəbli yaşamağı öyrətmişdir. Bildiyimiz kimi Peyğəmbərimizin yemək yeyərkən sağ əl ilə yeməyi tövsiyə etməsi haqqında səhih və etibarlı mənbələsə söykənən saysız-hesabsız hədisləri vardır. Bu gün bəzi filosoflar, rasionalistlər və.s. digər qruplardan olanlar, xüsusi ilə hədis inkarçıları islam mədəniyyətinin əsasını təşkil edən bu cür hədisləri inkar edir və onları nəzərə almırlar. Biz də razıyıq ki, zəif, etibarsız, uydurma hədisləri inkar etməliyik, çünki, həmin hədislər nə Quranı təsdiq edir, nə də ki, Peyğəmbərinin doğru düzgün yolunu sünnəsini təsdiq edir. Elə bu baxımdan da əhalisi müsəlman olan bütün ölkələrdə, islam universitetlərində, islam dininin yaşandığı yerlərdə hədis elmi geniş yayılıb, hədislər tədqiq olunur, incələnir, doğrular və yanlışlar bildirilir. Məhz yeyib-içməklə bağlı ədəb qaydaları da səhih hədis kitablarında toplanmışdır. Bu hədislərdə Allah Rəsulu (ona və ailəsinə salam olsun) sağ əllə yeməyi tövsiyə edir. Böyük hədis alimi İmam Buxari “Ədəbul-Mufrad” adlı səhih hədis kitabında, 1189-cu hədis olan belə bir hədisi qeyd edir: “Səlim atasından rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) buyurdu: “Sizdən heç biriniz sol əli ilə yeməsin, sol əli ilə içməsin. Çünki şeytan sol əli ilə yeyər, sol əli ilə içər”. Nəfi əlavə edir ki: “Sol əli ilə alar, sol əli ilə verər”.

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) bütün işlərinə dəstəmaz aldıqda, saçını daradıqda, ayaqqabı geyindikdə, yeməkdə, içməkdə, paltar geyindikdə sağdan başlamağı xoşlayardı. Sol əlini də ayaq yolunda və xoş olmayan işlər üçün itifadə edərdi”. Buxari 168, Müslim 268, Əbu Davud  32

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) buyurdu: “Biriniz ayaqqabısını geyindikdə sağdan başlasın. Çıxardığı zaman da soldan başlasın. Beləliklə sağ ayaq ilk geyindirilən və son çıxardılan olsun”. Buxari 5856, Müslim 2097. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərə (ona və ailəsinə salam olsun) su ilə qatışdırılmış süd gətirdilər. Sağında bir bədəvi, solunda Əbu Bəkr (Allah ondan razı olsun) dayanmışdı. Allah Rəsulu içdikdən sonra südü bədəviyə verdi və: “Sağı təqib edin” deyə buyurdu. Buxari 5619, Müslim 2029. Səhl b. Sad (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərə (ona və ailəsinə salam olsun) içiləsi bir şey gətirildi. Ondan içdi. Sağ tərəfində bir uşaq, sol tərəfində isə bir yaşlı (səhabə) oturdu. Peyğəmbər: “Suyu böyüklərə verməyimə icazə verərsənmi?” deyə buyurdu. Uşaq: “Vallahi xeyr!” dedi. Səndən gələn nəsibimi heç kimə vermərəm. Peyğəmbər (ona və ailəsinə salam olsun) bardağı ona verdi (sağda olan insan isə İbn Abbas idi)”. Buxari 5650, Müslim 2050.

Əbu Qatadə rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) buyurdu: “Sizdən biriniz kiçik ayaq yoluna çıxdıqda övrətini sağ əli ilə tutmasın və sağ əliylə yuyunmasın. (Bir şey içərkən) qabın içinə doğru nəfəs alıb-verməsin”. Buxari 154, Müslim 267. Aişə rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) sol əlini ayaq yolunda və xoş olmayan işlər üçün istifadə edərdi”. Buxari 168, Müslim 268. Sələmə b. Əkva (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (ona və ailəsinə salam olsun) hüzurunda sol əliylə yeyirdi. Peyğəmbər: “Sağ əlinlə ye!” deyə buyurdu. Adam: “Bacarmıram” dedikdə Peyğəmbər: “Səni görüm heç bacarmayasan” deyə buyurdu. O, kimsə sağ əllə yeməməsinə yalnız təkəbbürlüyü mane oldu. Sələmə (Allah ondan razı olsun) deyir ki: “Həqiqətən də o, kimsə sağ əlini bir daha ağzına aparmadı”. Müslim 2021. Ömər b. Əbi Sələmə rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) buyurdu: “(Yeməyin əvvəlində) Bismilləh de, sağ əlinlə ye və önündən başla”. Buxari 5376, Müslim 2022

İslam mənbələrində qeyd olunan bu kimi hadisələrə müsəlman aləmində əməl edilir. Bu gün bütün dünya müsəlmanları Peyğəmbəri sevir, onun dediklərini özlərinə edial qəbul edir. Həm Allahın nazil etdiyi Qurani Kərimi əminliklə təsdiq edib əməl edirlər, həm də özünə vəhy nazil olunan vəhylə danışan Peyğəmbərin hər kəlməsini uca tutub əməl edilər. Həqiqət də budur ki, bizim xilasımız Allahın və onun Peyğəmbərinin dediklərini etməkdir. Düzünü Allah bilir”.

Xəbər lenti