Teatr aktyorları, qiraətçilər, aparıcılar, televiziya müxbirləri, müəllimlər səslərinə xüsusi diqqət yetirməlidilər.
Metbuat.az xəbər verir ki, bu peşə sahiblərinin işi səslə bağlı olduğundan səs tembrinin aydın və diqqətçəkən olması vacib hesab edilir. Bəs öz səsini bəyənməyənlər onu incəldə və ya qalınlaşdıra bilərlərmi? Ümumiyyətlə səsi dəyişdirmək mümkündürmü? Bəlkə də çoxları bundan xəbərsizdir.
Azad Şükürov (ADMİU-nun kafedra müdiri): “O adamlar danışıq sənəti seçirlərsə, danışığı və səslərini qurmalıdırlar. Səsi mikrafon səsinə gətirib çıxarmalıdırlar. Bunun üçün müəyyən məktəb keçmək lazımdır. Bununla aylarla məşğul olmaq gərəkdir”.
Elmə də məlumdur ki, səs problemləri ortaya çıxanda onu həblər vasitəsilə və ya cərrahiyyə yolu ilə aradan qaldırmaq mümkündür. Lakin terapiya yolu ilə səsi bərpa etmək yeni bir üsuldur. İnsanların çoxu bundan xəbərsiz olsa da, bu, hər kəsin öz əlindədir. Həkimlər də təsdiq edirlər ki, səsi dəyişdirmək üçün xüsusi tənəffüz məşqləri var və bu məşqlərlə istənilən nəticəni əldə etmək olar.
Ramil Həşimli (həkim): “Səsi həm terapiya ilə, həm də cərrahi əməliyyatla dəyişmək olar. İnsan çox həvəslə çalışarsa, 2 həftə ərzində dəyişə bilər”.
İstədiyin səsə malik olmaq üçün 3 aydan 6 aya qədər vaxt tələb olunur. Bu müddət ərzində keçilən terapiyadan sonra insanın səsi, necə deyərlər, öz ixtiyarında olur. Amma çalışmaları daimi olaraq yerinə yetirmək lazımdır ki, səs kökdən düşməsin.
Mütəxəssislər deyirlər ki, səsdə olan problemlər səs xəstəliyi nəticəsində ortaya çıxır ki, bu da bir neçə qrupa ayrılır. Burda söhbət boğaz xəstəliyindən yox, səsin keyfiyyətinin dəyişməsindən gedir. Qidanın və ya suyun səs yoluna düşməsi nəticəsində baş verən çəçiməni isə həkimlər nevroloji problemlə əlaqələndirirlər. Heç kimə demək olmaz ki, onun səsi yoxdur. Sadəcə bu səslər tonuna və tembrinə görə bir-birindən fərqlənirlər.
Hesab edilir ki, insan 16 hersdən 20 kilohersə qədər diapozonda eşidə bilir. Lakin eşidilməsi mümkün olan normal səs maksimum 120-130 desibeldir. 200 desibeldən çox olan səs isə insanın ölümü ilə nəticələnə bilər.