Xanım Zəhranın (s.ə.) şəhadətinin ildönümü qeyd edilib. Peyğəmbər (s) qızının fəzilətləri, üstünlükləri, özəllikləri barədə əsrlər boyu çox insanlar söz açıb, çox əsərlər yazılıb, çox hədislər söylənilib. Məqsədimiz bir daha təkrarlamaq və ya xatırlatmaq deyil. Məsələ burasındadır ki, dünən belə bir xəbər diqqətimizi cəlb elədi: "Ötən il Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanların sayı qızlara nisbətən 4-5 faiz artıb". Qeyd edilir ki, "artım belə davam etsə 2-3 ildən sonra bu, ciddi tendensiyaya səbəb olacaq". Məsələnin kökündə isə gənc ailələrin USM vasitəsi ilə öncədən doğulacaq uşağın cinsini öyrənməsi və qız övladlarını sözün əsl mənasında qətl etmələri dayanır.
Mynews.az islam.az-a istinadən bildirir ki, bu iki hadisənin müştərək nöqtələri hansılardır? Xanım Fatimənin (s.ə.) şəhadətinin ildönümü ilə "2017-2025ci illər üzrə Azərbaycan Respublikası əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın" ilkin layihəsinin müzakirəsi zamanı səslənən fikirləri nə birləşdirir?
Allah İslamı konkret hansısa xalqa deyil, bütün bəşəriyyətə nazil etdi. Amma cahil ərəblərin konkret vəhşi ənənəsini - yeni doğulan qızların diri-diri basdırılmasını qadağan etdi, qadınlara dəyər verdi. Peyğəmbər (s) nəslinin məhz qızı Fatimə (s.ə.) vasitəsi ilə davam etdirilməsi bu məsələni bir qədər də aydınlaşdırdı, düşünən beyinlərə növbəti dəlil verdi. Bütün bunlar 14 əsr əvvəl oldu. Amma nə yazıq ki, ötən qərinələrə rəğmən, bu gün bəzi həmvətənlərimizin təfəkkürü elə 7-ci əsirdə yaşamış vəhşi ərəblər səviyyəsindədir.
Haşiyə: Son cümlədə "bəzi" sözü ilə özümüzə təskinlik veririk bəlkə? Yoxsa "əksər" yazmalıydıq? Axı açıqlanan statistik rəqəmlər, çalınan həyəcan təbilləri bu gün cəmiyyətimizdə kifayət qədər "vəhşi ərəbin" yaşamasına bir sübutdur... Təki "bəzi" yazmaqla haqlı olaydıq, yanlışlığa yol vermiş olmayaydıq.
Bəli, ailələrimizdə oğul övladı qız övladından daha arzuolunan, daha üstün sayılır. Qız dünyaya gələndə ağız büzmək, növbəti dəfə daha şanslı olmağı arzulamaq nadir hallardan deyil. Bu baxımdan nənə və baba olmaq arzusu ilə alışıb-yanan ərin valideynləri xüsusən fərqlənirlər, qız dünyaya gətirən gəlinə göz verib işıq vermirlər. Bəzən isə iş hətta boşanmaya qədər gedib çıxır.
Sözüsz ki, Allahı tanıyan, Allahına təvəkkül edən, Allahdan gələn hər bir şeyin ona xeyirli olduğuna inanan insanlarımız da var. İstər qız, istərsə də oğlan övladı onlar üçün İlahi nemətdir, qıza görə də, oğlana görə də Yaradana şükür edirlər. Lakin fakt faktlığında qalır. Kimlərsə Tanrının qadağasını unudur, nəfsinə, Şeytana uyur, Allahdan gələn paya arxa çevirir. Halbuki, heç şübhəsiz, onun üçün ən xeyirlisi elə Yaradanı tərəfindən göndəriləndir.
Bəs, yaxşı, neyləməliyik? Tədbirdən tədbirə, hansısa hesabata xatir mövzunun qabardılması yetərli deyil. Anlamalıyıq ki, ətrafımızda ən son dəblə geyinən, ən son model avtomobilləri sürən, ən dəbli saç düzümünə malik 7-ci əsrin "vəhşi ərəbləri" hələ kifayət qədərdir. Onlar tərəfindən hələ ana bətnində ölüm hökmü oxunan məsum körpələrə mümkün qədər yardım göstərilməlidir. Yəqin ki, təbliğat daha geniş aparılmalıdır. Bu təbliğatda ən gözəl vasitə isə, sözsüz ki, Xanım Zəhra (s.ə.) nümunəsi ola bilər. O Həzrəti tanıtmaq, onun haqqında hətta ən dar çərçivədə, xüsusən də İslamdan kifayət qədər xəbəri olmayan etnik müsəlmanların məclisində söz açmaq heç olmasa bir günahsız qız uşağının həyatını xilas edəcəksə, bunu etməliyik. Bu - bizim borcumuzdur. İstər bu xalqın nümayəndəsi olaraq gələcək nəsillər qarşısında, istərsə də bəndə olaraq Allah qarşısında.