Ölünün yerinə namaz qılan mollalar

629
Ölünün yerinə namaz qılan mollalar

Sosial vəziyyətin ağırlaşması cəmiyyətdə mənəvi deqradasiyanı sürətləndirib. İnsanlar dolanışıq üçün min bir yola baş vururlar. Fırıldaqçılıq, saxtakarlıq çoxalıb. Savadsız və saxta mollalar da artıb. "Samouçka" mollaların meydana çıxması həm dinimizi biabır edir, həm də dələduzluqlar artır. Belə ki, şəxsən tanıdığım şəxslər var ki, bu cür işlərlə pul qazanırlar. Axundla “razılaşaraq” yas yerlərinə gedir, yas sahibindən özlərinin “tarif”inə uyğun pul tələb edirlər. Heç bir savada malik olmayan belə dələduzlar yas yerlərində cəfəng söhbətlər edərək əhalini narazı salırlar. 

Camaat sadəcə, yas sahibinə xatir bu harın mollaların çərənləmələrinə dözürlər. Bəziləri məzhəb ayrı-seçkiliyi salan söhbətlər edir, “dini rəvayət” adı altında xalqa fars nağıllarını sırıyırlar. Ancaq bir məqsədləri var: İnsanlar ölsün, yas mərasimləri tez-tez olsun, bunlar pul qazansınlar. Belə mollaların bayramı, sevincli günü insanlar dünyasını dəyişəndədir. Özü də onlar cavanların ölümünə daha çox sevinirlər. Çünki yaşlı adam dünyasını dəyişəndə yas sahibi bir o qədər həssas yanaşmır. Ancaq cavanın ölümü ağrılı olduğundan molla neçə manat istəsə, verirlər. Camaatın şəriət məsələlərini bilməməsindən sui-istifadə edən saxtakarlar ölü sahibindən külli miqdarda pul alırlar. Məsələn, deyirlər ki, mərhumun qılmadığı bütün namazları qılacağıq, ona görə də filan qədər zəhmət haqqı ödəyin. Ölü sahibi də ölüsünə xatir məcbur olub verir.

Yası savadlı bir ədəbiyyat müəllimi də idarə edə bilər

Dində mollalıq, axundluq, ruhanilik deyə bir rütbə, vəzifə yoxdur. Bunlar sonralar maddi qazanc əldə etmək naminə uydurulub. Ona görə də əsrlərdir ki, Ömər Xəyyamdan, Seyid Əzimdən, Sabirdən bəri ruhanilər mənfi obrazın daşıyıcısı olublar. Söhbət riyakar ruhanilərdən gedir.

“Yas məclisini molla idarə etməlidir”, deyə bir şərt yoxdur dində. Yas məclisini hər hansı bir savadlı insan idarə etməlidir. Bu, ədəbiyyat müəllimi də ola bilər, kəndin ağsaqqalı da ola bilər. Habelə məclisi idarə edən başqalarına da söz verə bilər ki, öz ürək sözlərini, rəhmət və səbr arzularını yetirə bilsinlər. Necə ki, toy məclislərimizdə masabəyi müxtəlif qohum və yaxınlara söz verir.

Sadəcə, mollalar biznesi elə qurublar ki, guya kəbini də, dəfni də ancaq ruhani icra etməlidir. Belə bir şey yoxdur. Əslində bütün müsəlmanlar şəriət və dəfn hökmlərini bilməlidir. Yaxını və ya qeyri bir müsəlman dünyasını dəyişdisə o namazını qılaraq, kəfənləyib digər hökmlərlə bahəm lazımı ayinləri icra edə bilər. 

Molla və ya ruhani Allahın xüsusi nümayəndəsi deyil ki. Quranda və hədislərdə xurafata qarşı kifayət qədər dəlil, sübut vardır. Artıq bu oyunları yığışdırmağın vaxtı çoxdan çatıb. Mollalar və ruhanilər yas yerlərində böyük ziyafətlərin əldən çıxmasını da istəmirlər. 3, 7, 40, il və sair qondarma mərasimləri ona görə itirmək istəmirlər ki, hamısında gəlib pul alsınlar. Onlara maraqlı deyil ki, yasdan sonra ölənin yetimi ac və ya tox qalacaq. Onları dələduzluq yolu ilə aldadıb aldıqları pul maraqlandırır. Ona görə də yas məclislərinin mollalar və əcaib adamlar tərəfindən idarə edilməsini yığışdırmaq lazımdır. Təbii ki, bunu bütün ruhanilərə şamiıl etmək olmaz. Abırlı və təmənnasız mollalar da vardır.

Ancaq əksəriyyəti qeyd etdiyim yolla pul qazanır. Bu qazancdan da dövlətə vergi  verilmir. Yas yerlərində ziyalı, elmli insanların əyləşməsini nəzərə almayaraq ağıllarına nə gəldi, boş-boş danışan mollalardansa hər hansı bir ağsaqqala həvalə edilsin, bilən və dini ayinlərə vaqif bir şəxs də şəriət hökmlərinin icrasına nəzarət etsin.

Toy məclislərimiz əndazədən çıxdığı kimi yas məclisləri də çıxır. Bu sahədə xüsusi islahata ehtiyac vardır. Dini Qurunlarla İş üzrə Dövlət Komitəsi dəfələrlə belə islahatları icra etmək istəyib, ancaq bacarmayıb. Əlac xalqın özünə qalıb. Xalq yas mərasimləri ilə bağlı lazımsız ənənələrdən, israfdan çəkinməlidir. 

Xəbər lenti