Göz yaşı ilə ölən arzu... Yaşanmış həyat HEKAYƏSİ

2474
Göz yaşı ilə ölən arzu... Yaşanmış həyat HEKAYƏSİ

-Bakkuş var, bakkuş. Bakkuş dördü 1 məmməd. Bakkuş, bakkuş, bakkuş…

-Ay qız, sənə neçə dəfə demişəm bir də bu elektiriçkaya minmə. Get başqa yerdə sat da, köpək qızı.

– Pravadnik əmi, mənim atam sən burda rahat yaşayasan deyə şəhid olub. Bir də mənim atama nəsə desən bu bakkuşları təpənə keçirərəm.

– Eee, cəhənnəm ol da burdan. Mənə görə şəhid olub? Şəhid olubmuş. İki gözüm aydın.

“Pravadnik”lərin hamısı kiçik Cəmilə ilə bu tərz davranırdı, qatar dayanacaqda dayananda itələyib qatardan düşürürdülər. itələmənin şiddəti ilə yıxılırdı və əlindəki qutudan sattığı “bakuş”lar ətrafa dağılırdı. O isə balaca əlləri ilə gözünün yaşını silərək dağılmış “mallarınını” toplayar, növbəti qatarın gəlməyini gözləyərdi. Demək olar ki, bütün dayanacaqlarda işləyən, gözləyən hamı Cəmiləni tanıyırdı və hamı onun həyat hekayəsini əzbərə bilirdi.
Atası müharibəyə gedəndə Cəmilə 2 yaşında olub. Dediyinə görə ondan 1 yaş böyük və bir yaş da kiçik bacısı var imiş. Lakin böyük bacısını atası şəhid olandan sonra uşağı olmayan bir qohumuna övladlığa veriblər, kiçik bacısı da xəstələnib ölüb. Anası isə həm şəhidinin, həm də övladının dərdindən yataq xəstəsi olub, ayağa güclə dururmuş, ağlamaqdan gözləri zəifləyibmiş. Ona görə də bir tanışlarının məsləhəti və köməyi ilə kiçik Cəmilə “optavoy”dan “mal” alıb qatarlarda satıb həm anasının dərmanlarını alırmış, həm də evə bir tikə çörək aparırmış.

Məktəb yaşı çatmasına rəğmən paltarlarını və kitablarını ala bilmədiyi üçün məktəbə bir il gec yazılıb, məktəbə getməyinə az qalmışdı. Elə həyacanlı idi ki. Deyirdi “səhər məktəbə gedəcəm, günorta “bakkuş” satacam, axşam da dərslərimi oxuyub atam kimi böyük adam olacam”.
Yay tətili idi. Biz də qardaşımla qatar stansiyasında atamın işlədiyi kafenin qabağında dondurma satırdıq. Cəmilə hər dəfə gələndə dondurma dolabına yaxınlaşar, ən ucuz “tviks” dondurmasını alıb yeyırdi. Bəzən xırdası olmayanda 1”məmməd” verib deyərdi ki, “qoy 1 “nizami”m qalsın, sabah marojna götürərəm”. Sabah da mütləq gəlib “tviks”ini alıb yeyərdi. “Sevimli” dondurmasını yeyə-yeyə dolabdakı ən bahalı “Magnum”a baxar, “onu mən alacam” deyərdi.
Kasıb bir ərazidə yaşadığımız üçün, demək olar o dondurma aylardır dolabda idi, firma gətirib qoymuşdu ki, satın, lakin hamı qiymətini soruşub “bir şirvan” cavabını alanda “bir gün bu dondurmaya işləməliyəm” deyib “plombir”dən, “tviks”dən alıb gedirdilər. 

Cəmilənin “onu mən alacam” sözlərinə yanımızda dayanan, oturub qatar gözləyən hamı gülümsəyirdi. Gülümsəmələr qarşısında pərt olub yanaqları qızaran Cəmilə “görəcəksiniz” deyib hamıya küsərdi. Lakin küsməsi kiminsə “bakuş” almaq üçün onu cağırmasına qədər sürərdi.
-Hə, əmi. Neçə dənə verim? Dördü 1məmməd. Keks də var. 1 nizamiyə.
Hər “mal” satdığı adama da gözləri parlayaraq sevinclə eyni şeyləri deyərdi.
-Mən məktəbə gedəcəme? Gözəl paltarlar da alacam. Anam da saçlarımı hörüb “bantik” vuracaq. Qırmızı sumkam olacaq. Dərslərimi çox yaxşı oxuyacam. Hər gün “5” alacam. Özü də quyruqlu.

Cəmilə bu xəyallarını, demək olar ki, hamıya danışmışdı. Həm də dəfələrcə.
Bir gün Cəmilə yenə qatardan düşdü, lakin qutusu tamamən boş idi, satıb bitirmişdi. Dondurma dolabına yaxınlaşıb dünəndən qalan 1”nizami” puluna dondurma istədi və zövqlə yeyərək dedi.

-10 şirvan yığmışam. Gedirəm özümə paltar və kitab-dəftər almağa. O Magnumu satma ha. Pulum artıq qalsa, gəlib alacam.
Növbəti qatar gəldi və Cəmilə sevinərək minib getdi.
Aradan bir neçə saat keçimişdi. Qatarın “siqnal” səsinə bütün məhəllə titrəmişdi, hamı küçəyə qaçışmışdı. Biz də kafedən çölə çıxdıq. İnsanlar toplaşmış, dizinə döyən kim, saçını yolan kim, fəryad qoparan kim…

Nə baş verdiyini anlamağa çalışırdıq. İki istiqamətdən gələn qatar da dayanmışdı. Atam küçəyə qaçıb kiçik qardaşımı soruşdu və mənim “stansiyanın arxasında futbol oynayır” sözümdən sonra dərindən nəfəs aldı. Lakin hamı qatarların dayandığı istiqamətə doğru qaçışırdı.
Biz də atamla o istiqamətə doğru getdik. Ətrafa kitab və dəftərlər dağılmışdı. Bizim Cəmilə məktəb paltarı və çantasını alıb gəlibmiş. Qatardan düşüb yolu keçmək istəyəndə qarşı yoldan gələn qatarı görməyib, qatar onu düz ortadan ikiyə bölüb.

Əynində Məktəbli paltarı, bir əlində çantası və bir ovucunu bərk-bərk sıxıb gülümsəyərək ətrafa baxırdı.
5-10 dəqiqə keçmiş “Təcili Yardım” maşını gəldi və daha çox ağrı hiss eləməsin deyə Cəmiləyə bir iynə vurdular. Yavaş-yavaş gözləri yumuldu və gözündən bir damla yaş axdı. İkiyə bölünmüş kiçik bədənini yerdən qaldıranda ovucu açıldı və yerə 1 “şirvan” düşdü…

Rauf Qərib Alagöz

Göz yaşı ilə ölən arzu...HEKAYƏ

Xəbər lenti