Son dövrlər bəzi şou biznez nümayəndələrimiz daha böyük auditoriya tərəfindən tanınmaq, dünya arenasına çıxmaq üçün Türkiyəyə üz tutur.
Onlarla yanaşı dünyaca tanınan, başqa bir ölkədə doğulub uğurlu işlərə imza atsalar da, əslən azərbaycanlı olduğunu unutmayan məşhurlar da var.
Onlardan biri "Dədə Qorqud" filminin Tural obrazını canlandıran Fərhad Yusifov və ya Kanadada bilinən adı ilə Mark Josefdir. O, Moskvada dünyaya gəlib, Bakıda aktyorluq üzrə təhsil alıb. Mark Josef "Dədə Qorqud", "Nizami" kimi filmlərdə çəkilib. Daha sonra Kanadaya köçüb və burada da prodüser və rejissor kimi ona mükafat qazandırmış bir çox işə imza atıb. Fərhadın adını dəyişib Mark etməyinin isə çox sadə bir səbəbi var. Kanadalılar üçün" Fərhad" demək çətin olduğundan, özünə diləyatımlı Mark adını seçib. Mark Jozefin ən böyük arzularından biri Azərbaycan haqqında film çəkməkdir.
Timur Rodriqez (əsl soyadı – Kərimov) – Rusiyada şoumen, müğənni, TV və radio aparıcı, aktyor, bir sıra məşhur telelayihələrin iştirakçısıdır. O, 1979-cu ildə Rusiyanın Penza şəhərində kukla teatrının azərbaycanlı Mikayıl Kərimovun ailəsində dünyaya gəlib. O, Rusiyada "KVN", "Comedy Club" kimi proqramların iştirakçısı, "Seksi çark", "Səninlə qaydasız rəqs" verilişlərinin aparıcısı olaraq məşhurlaşıb.
Aktyor və model Rüstəm Cəbrayılov 1986-cı ildə Rusiyada azərbaycanlı ailəsində dünya gəlib. "The Best Model Of Azerbaijan 2006" müsabiqəsinin qalibidir. Eləcə də Rüstəm bir sıra müsabiqələrdə iştirak edib. O, "Nissan", "Samsung", "Brioni", "Gucci", "Yves Saint Laurent", "D&G", "Marc Ecko", "Çinici Collection", "Century 21" kimi məşhur şirkətlərlə çalışıb.
Andrea Kərimli (Mantea) Ruminiyaya köç etmiş azərbaycanlı ailəsində dünyaya gəlmiş dünyaca məşhur modeldir. "Maxim", "Playboy" kimi jurnalların üz qabığına çəkilən Andrea "Miss Playboy" yarışmasında ikinci yeri tutub. Azərbaycanlı gözəl 2008-ci ildə "Playboy"-un ən cazibədar qızı seçilib.
Dünyada Aziza Mustafa Zadeh kimi tanınan pianoçu, bəstəkar, caz ifaçısı Əzizə Mustafazadə əfsanəvi cazmen Vafiq Mustafazadənin qızıdır. Aziza dünyada Jazziza adı ilə də tanınır. 17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik qazanıb. Daha sonra isə anası Eliza Mustafazadə ilə Almaniyaya köçüb. Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıdıb. Bu müddət ərzində Opera və Balet Teatrında da konsert verib. Aziza Aşıq Veysəlin yaradıcılığına olan heyranlığını dilə gətirir.
Sami Yusuf 1980-ci ildə Londonda Cənubi Azərbaycandan olan ailədə dünyaya gəlib. İngiltərədə yaşayan Azərbaycan əsilli Sami, yazıçısı, bəstəkar, prodüser və musiqiçidir. Dünyanın ən prestijli musiqi institutlarından biri olan Londondakı "The Royal Academy of Music" də daxil olaraq bir çox tanınmış bəstəkarlardan musiqi təhsili alıb. Eləcə də Sami Yusif dünyada ən çox albomları satılan və "YouTube"-da klipləri izlənilən sənətçilərdən biridir.
Azərbaycan əsilli olub Türkiyədə yaşayan, orada uğur qazanan onlarla tanınmış var. Onlardan biri Nəsrin Cavadzadədir. O 1982-ci ildə Bakıda anadan olub və 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Aktrisa Azərbaycan urologiya elminin əsasını qoyan Mirməmməd Cavadzadənin oğul nəvəsidir. Nəsrin bir çox festivalda "ən yaxşı aktrisa" mükafatına layiq görülüb. Nəsrin deyir ki, onun ailəsində hər kəs rus dilində danışıb, ona görə Azərbaycan dilini də elə yaxşı bilmir. Cavadzadənin "Altın portağal" mükafatını aldıqdan sonra səhnəyə çıxıb "Mükafatımı Sovetlər İttifaqı dağılandan sonra dünyanın hər tərəfinə dağılmış və yaşamaq uğrunda mübarizə aparan bütün gözəl və tənha qadınlara həsr eləmək istəyirəm" deyib. Nəsrin oynadığı obrazın başına gələnlərə görə bu sözü desə də, əslində özünü və ailəsini də nəzərdə tutub.
Əslən Cənubi Azərbaycandan olan Heydər Hatəmi əslən rəssam hazırda Qətər sultan ailəsinin saray rəssamıdır. 1945-ci ildə Tehranda anadan olan rəssam burana oxuyandan sonra Osmanlı miniatür sənətini öyrənmək üçün Türkiyəyə gəlib və həyatını ora ilə bağlayıb.
Türk rok musiqisinin banilərindən sayılan, musiqiçi, aktyor Cem Karaca da azərbaycanlıdır. Əslən Azərbaycandan olan atası ,aktyor Mehmet Karacanın oğludur. Onun anası isə erməni əsilli opera sənətçisi Toto Karaca olub. Cem Karaca Azərbaycana olan sevgisini tez-tez dilə gətirib, Qarabağ hadisələri baş verəndə "Qarabağ" adlı mahnı da ifa edib.
"O , şimdi asker" mahnısı ilə parlayan müğənni Tuğba Əkinçi də Qars vilayətindəndir. O, 1976-cı ildə Qarsın Azərbaycan əsilli ailəsində dünyaya göz açıb.
Aktrisa, model Çağda Şikel Qars azərisinin ailəsində dünyaya gəlib. Anası Adanalı olduğundan o ərazilərdə o qədər də yaşamayıblar. 1979-cü ildə anadan olan sənətçi hazırda türk kino və serial biznesinin uğurlu simalarından sayılır.
Türkiyə milli basketbol komandasının əsas üzvlərindən olan Rasim Başak 1980-ci ildə Bakıda anadan olub. Atası azərbaycanlı, anasının isə rus olmasına baxmayaraq türk vətəndaşlığını qəbul edən Rasim uzun müddət qardaş ölkənin əsas basketbol millisində çıxış edib.
minval.info