Böyük Britaniyada ən son və bahalı “Mercedes Benz C-klass” avtomobilini cəmi 20 saniyəyə oğurlayıblar.
Oxu.Az xəbər verir ki, bunun üçün oğru ilk növbədə sürücülərin rahatlığını təmin edən bir neçə yeni texnologiyanın imkanlarından istifadə edib.
İndi isə daha ətraflı. Bildiyimiz kimi, bu gün əksər müasir avtomobillər məsafəli idarəetmə pultları ilə təchiz olunub. Bu səliqəli şəkildə plastik materialın içinə yerləşdirilmiş, ötürücü sistemi olan mikrosxemdir.
Avtomobilin öz ötürücüsü var və o modulyasiya olunmuş yüksək tezlikli siqnal ötürür, pult isə onu bir neçə metr məsafədə tutur. Sürücü pultla avtomobilə yaxınlaşan zaman, o avtomatik olaraq pultu tanıyır. Ardınca oğruluğa qarşı sistemə qapıları açmaq və mühərrikin işə salınmasına icazə vermək siqnalı göndərir.
Belə avtomobillərdə alışdırma açarı olmur, avtomobili işlə salmaq üçün “START” düyməsini sıxmaq kifayət edir. Avtomobildən çıxan zaman onun sahibi sadəcə qapısını bağlayır və daha sonra barmağı ilə qapının dəstəyindəki müvafiq düyməni sıxır.
Beləcə maşın bağlanır və mühafizə rejiminə keçir. Ancaq məlum olub ki, belə maşının təhlükəsizlik sistemini sındırmaq mümkündür və yolları kifayət qədər sadədir. Maşın oğruları qəbuledici siqanlları gücləndirən və onları təkrar ötürən “retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki cihazlar hazırlamağı öyrənib.
Texniki vasitələr maşın oğrularına həqiqi açarın siqnalını yazmağa və retranslyatora ötürməyə imkan verir. Retranslyator isə avtomatik olaraq açarın dublikatına çevrilir.
Böyük Britaniyada baş verən insident üzücü olsa da, istənilən müasir avtomobilin bu üsulla oğurlanmaya həssas olduğunun bariz nümunəsidir.
Açarın siqnalının qəbul olunması cəmi 10 saniyə vaxt çəkib, daha 10 saniyə ərzində isə oğrular oturacağı kökləyib, avtomobili qaçırıblar. “Mercedes”in sahibi əmin edir ki, oğrular GPS-trekeri (avtomobilin yerinin peykdən izlənilməzi sistemi) də söndürməyi bacarıb. Bu o anlama gəlir ki, avtomobili tapmaq elə də asan olmayacaq. Qarətin videosu xarici müşahidə kameralarının obyektivinə düşüb.
Kadrlardan da göründüyü kimi, retranslyatorla təchiz olunmuş oğru sahibin evinə yaxınlaşır. Aparatı divara yaxın tutur və avtomobilin açarının siqnalını yazır. Ardınca retranslyatorun siqnalını gücləndirməklə, avtomobillə orijinal açar arasındakı rabitəni kəsir. Yəni avtomobil artıq yalnız saxta açarı tanıyır.
Belə cinayətlər üçün ideal yer, iri supermarketlər və əyləncə mərkəzləri yaxınlığındakı meydanlardır. Həm avtomobil, həm də insanların sayı çox olur. Avtomobil sahibi maşını bağlayır və alış-veriş üçün marketə və ya ticarət mərkəzinə yollanır. Onların ardınca isə bir neçə metr aralıda çantasında retranslyator olan cinayətkar hərəkət edir. Avtomobildən kifayət qədər uzaqlaşdıqdan sonra, cinayətkar öz həmkarını xəbərdar edir, məsələn onun mobil telefonuna zəng vurur.
O biri cinayətkar bir hərəkətlə deyək ki, adi ratsiya şəklində kamuflyajlanmış ikinci retranslyatorla avtomobili açır, mühərriki işə salaraq, aradan çıxır. Artıq orijinal açar öz əhəmiyyətini itirir. Onunla rabitə kəsilsə belə, avtomobilin mühərriki sönmür.