Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev kimdir? + DOSYE + FOTOLAR

1076
Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev kimdir? + DOSYE + FOTOLAR

Bəziləri onu fitri istedad hesab edir, bəziləri isə deyir, Zirəddin qara magiya ilə məşğuldur

Enter.News Zirəddin Telman oğlu Rzayevin dosyesini təqdim edir:

Doğum tarixi: 11 (yaxud 10) noyabr 1981

Doğum yeri: Şəmkir, Azərbaycan

Peşəsi: Ekstrasens. “Ekstrasenslərin döyüşü” tok-şousunun finalisti (6-cı sezon, 2008-ci il)
ÜNVANI-MOSKVA, “LİNİYA JİZNİ” ŞƏFA MƏRKƏZİ

Qiyməti: Saatı 1000 dollar (50 MİN RUBL).

Hobbisi-ixtisasca Kinoloqdur. Moskvadakı şəxsi it damında Türkiyədən gətirilmiş “Qanqal” cins köpəklərini yetişdirib, küçüklərin birini 10 min dollardan satır.

Evlidir, 3 uşaq atasıdır.

Xidmətləri Rusiya təhlükəsizlik qurumlarının iki medalıyla mükafatlandırılıb.

Ekstrasensliyə iddialı şəxslər, hamı kimi təkcə gözləri ilə deyil, eyni halda öz kürəkləri ilə də görməyi bacarmalıdırlar. Heyvanlar, həşəratlar arasında bu nadir istedada cırcıramalar malikdir, insan dünyasında isə...

İnsan dünyasında isə, eşidin-bilin, xüsusi kəramət sahibləri. Müasir dillə desək, “ekstrasens”lər. Bu cür “kürəyi ilə görən”lərin kiçik siyahısında adətən bircə nəfərin adı həmişə xüsusi olaraq qabardılır. Altından qırmızı xətt çəkilir. “Həmin müəmmalı şəxs kimdi?” sualına, bəribaşdan bilirəm, hamı bir ağızdan eyni anda eyni cavabı verəcək - həmyerlimiz, xalq loğmanı, Şəmkir doğumlu, Moskva qeydiyyatlı Rzayev Zirəddin Telman oğlu!

***

2008-ci ilin baharı, Moskva şəhəri. “TNT” telekanalında yayımlanan “Ekstrasenslərin döyüşü” tok-şousu neçə vaxtı paytaxt sakinlərinin yuxusuna haram qatır, yazıqları qoymur rahat yatmağa. Şou iştirakçılarının biri - sakit təbiətli, mülayim baxışlı Zirəddin Razayev diqqət mərkəzindədir. Yarışın 3-cü mərhələsindən sonra o, ildırım sürəti ilə irəli sıçrayıb digərlərini xeyli geridə buraxır. 4-cü seriyada sübut edir ki, Yaroslavl şəhərindəki dörd yeniyetmənin qətli yerli satanistlərin əməlidir. 11-ci seriyada, kürəyi ekrana tərəf otuzdurulan Zirəddin Rzayev, yenə də digərlərini bütün şanslardan məhrum edir.

Ekrandakı səhnələri bitdə-bitdə, kadr-kadr görməyi bacarır. Yarış iştirakçıları - Yelena Smelova, Yekaterina Əhmədcanova, Liliya Bull, Vlad Kadoni, Aleksandr Ozeryanski, Nikolay Çumak, Lana Sinyavskaya, Asiyat Şabanova rəqabətə dözməyərək tezliklə müsabiqəni tərk edirlər. Səhnədə qalır ikicə yenilməz qəhrəman - azərbaycanlı Zirəddin Rzayevlə rusiyalı hərbi həkim Aleksandr Litvin.

Açıq səsvermə prosesi öz dramatizmi ilə yadda qalır. Tərəzinin bir gözü gah həmyerlimizə tərəf əyilir, gah o biri tərəfə. Son nəticədə səsvermə, Aleksandr Litvinə 31 min səs bəxş edir, Zirəddinə 17 min.

Ancaq...

***

Ancaq bu müsabiqə təkcə öz finalistləri ilə deyil, bəzi digər müəmmaları ilə, pərdəarxası sirlərilə də məşhurdu mütəxəssislər arasında. Yarış zamanı Zirəddinin rəqibi Aleksandr Litvinov çox faciəli anlar yaşayıb - öz arvadını itirib. Normal təcrübəli ekstrasens bunu, uca göylərin əmri, yaxud... yaxud cəzası bilib qələbə iddialarından elə yarış əsnasında birdəfəlik əl çəkərdi. 
Bəli... burası adi məntiq dünyası deyil. Müəmma dolu mistik məkandı. Görünür, qələbə simvolu - “Büllür əl” heykəlini qazanmaq xoşbəxtliyi, bir bədbəxtçilik faktı ilə də müşayiət olunur burda.

Xüsusən, əgər sən bu qələbəni haqsız qazanıbsansa.

***

XÜSUSİ QEYD: Zirəddin Rzayevin bircə zəif cəhəti var - itləri, köpəkləri gördümü, vəssalam, anında mum kimi əriyəcək. Girişəcək bu itin tüklərini tumarlayıb, sığallamağa. Kürəyi ilə görmək istedadını da bəlkə məhz it tayfasından öyrənib o.
Deyərdim bu uşaqlıq hissiyyatını Zirəddin günün kommersiya qanunlarına uyğunlaşdırmağı da bacarıb. Türkiyənin məşhur Aksaray köpəklərini min cür əzab-əziyyətdən sonra Rusiyaya gətirməyi bacarıb.

Moskva ətrafında böyük bir ərazini hasarlayaraq oradakı it damını çöndərib bu cins itlərin bir növ damazlıq mərkəzinə. Burdakı Aslan, Toni, Xırsız, Onur, Sultan kimi törədici erkəklər Moni, Dilbər, Binnas kimi qancıqlarla vaxtaşırı cütləşdirilərək yaxşı nəsil artımı nümayiş etdirir, vallah. Küçükləri 10 min dollardan aşağı satılmır. Bəzən dəfələrlə baha qiymətə satılır hətta.

Türkiyə dövləti bu cins köpəklərin xaricə satışını çoxdan yasaqlasa da, Zirəddinə göz yumub nədənsə. İcazə verib Rusiyada bu nadir köpəklərin nəslini artırsın.

“Təsadüfmü bu? Qanunauyğunluqmu? Yoxsa bir şıltaqlıq?” sualına belə cavab verərdim indi mən. Qədim sufilər ağ, yaxud qara dərviş olmaqla iki qismə bölünərdi adətən. Ağlar, göyərçin bəslərdi, qaralar nəhəng qara köpəkləri. Zirəddin, görünür qara dərviş, müasir dillə desək qara maqdı. İtlərə sevgisi də bax, bu gizli cəhətindən qaynaqlanır. Gücünü, enerji qaynağını da məhz bu dörd ayaqlı dostlarından - Aksaray cinsli nəhəng köpəklərdən alıb qidalanır o. Xüsusən “Binnas” adlı nəhəng qara köpəkdən bəzən günlərlə əlini ayırmır.zireddin (2).jpg (26 KB)

Həmin it damında küçüklər deyilənə görə 40 gün qatı zülmət içində saxlanılır. Bu da mənə bilirsinizmi nəyi xatırladır, hə? Dərvişlərimizin 40 gün çiləxanada oturmağını!

Zirəddində, ola bilsin, bu hər iki təcrübə birləşib. Kəramətini də o, qədim sufilər kimi, deyəsən, vaxtilə zülmətxanalarda qazanıb özünə.

***

Rəsmi Ankara “Aksaray köpəkləri” məsələsində hədsiz qısqancdı. Bir köpəkoğluna indiyədək icazə verməyib bu it xılını Türkiyədən kənara çıxartsın. Zirəddin bu oyunda istisnadır. Əlində rəsmi lisenziyası var. “Kim verib ona bu ixtiyarı, kimdi onun Türkiyədəki havadarı?” sualının cavabını Zirəddinin son öncəgörmələrində axtarın. Orda deyilir: “Ərdoğan, bütün səylərinə rəğmən, Fətullah Güləni həbs edə bilməyəcək. Fətullah, qəfil keçirdiyi infarkt nəticəsində öz əcəli ilə öləcək. Hiss edirəm onun qan-damar dövriyyəsində ciddi problemlər mövcuddu”.

***

Zirəddinin bu itbazlığı sadaladığımız çox saylı faktlarla məhdudlaşmır. Hər gün özünə yeni-yeni məzmun qazanır Rusiyada.
Bu ölkə son vaxtlar yeni təhlükəylə üzləşib. Adına “doqhanter” deyilən əli silahlı şəxslər şəhər küçələrindəki kimsəsiz itlərin kütləvi ovuna başlayıblar. Qəfil, turp kimi yerdən pıtlayıb çıxır, gördükləri itləri amansızcasına, fərq qoymadan ucdantutma qırırlar. Bir nəfər də onlara irad tuta bilmir, “gözünüz üstə qaşınız var” demir.

“Doqhanterlər” bir Amerika brendidir. İrqçiləri, hər cür sado-mazaxistləri, aşırı millətçiləri, müxtəlif psixopatları öz sıralarında birləşdirən bu hərəkat Rusiyaya Ukraynadan gəlib sızıb. Kiyevdəki son narıncı inqilabın, meydan hadisələrinin fəal iştirakçısı kimi tanınan “doqhanter”lər Rusiyada elə ilk günlərdən ciddi müqavimətlə qarşılaşıblar.

Həmin bədnam doqhanterlərin Rusiyadakı ən ciddi əleyhdarı indi bax bu bizim Zirəddin Rzayevdi. Müsahibələrinin birində o, bu hərəkatla İŞİD arasında ciddi paralellər aparıb. İddia edib, bəs bu hər iki hərəkatın sponsorları, mənşəyi eynidir. Hardan götürüb o bu müqayisəni, niyə bunu Rusiya mətbuatında ilk dəfə səsləndirib? Həəə, bax bu çox dolaşıq düyünü açsaq, kələfin bir ucu bizi götürüb gətirəcək Rusiya Federal Təhlükəsizlik Xidmətinin Lyubankadakı məlum ünvanına.

Orda başımızı əyib qulağımıza pıçıldayacaqlar ki, bəs “doqhanter projesi” əslində bir təxribat layihəsidir. Məqsədi nədi? Heç nə, cəmiyyətdəki sado-mazaxist, irqçi, aşırı millətçiləri bir araya toplayıb təşkilatlandırmaq. Sonra silahlandırıb şəhər küçələrinə salmaq. Əvvəlcə ilk təcrübəni kimsəsiz itlər üzərində sınaqdan çıxarmaq. Sonra isə...

Sonra isə bütün bu tör-töküntünü, Kiyevdəki kimi, meydanlara çıxarıb son anda onu siyasiləşdirməyə cəhd göstərmək. Silahları bu dəfə itlərə qarşı deyil, cəmiyyətə qarşı çevirmək.

zireddin.jpg (37 KB)

1944-cü ilin 23 fevralında Stalinin xüsusi əmriylə Şimali Qafqaz xalqları öz doğma yurdlarından zorla ayrılaraq uzaq Sibirə sürgün olunublar. Hadisənin ildönümündə - 2017-ci ilin 23 fevralında Mahaçqalada itlərin gəmirib öldürdüyü bir qız cəsədi tapılır. Yerli doqhanterlər, əslinə qalsa gizli vəhabilər, bunu bəhanə edib əllərində silah küçələrə çıxırlar. Başlayırlar əvvəlcə kimsəsiz itlərin kütləvi qırğınına...

Sonra işə FSB qatılır. Şəhərdə kütləvi həbslər start götürüb növbəti vəhabi şəbəkəsinin darmadağın edilməsi ilə nəticələnir.
Sonra Zirəddinin telefonuna Lyubankadan növbəti zəng gəlir. Doqhanterlərə qarşı mətbuatda açdığı cəbhəyə görə ona xüsusi minnətdarlıq bildirilir. Axırda deyilir ki, Aksaray küçüklərindən birini mütləq FSB rəhbərliyi üçün yetişdirsin. Bəs güc strukturları içində bu küçüklərin yaxşı müştəriləri var.

***

İlahi möcüzələr həmişə əvvəlcə yuxu aləmində baş verir, sonra real dünyada. Müqəddəs heyvanların əvvəl ruzisi peyda olur yox yerdən, sonra özləri...

Zirəddin Rzayev Rusiya mətbuatına verdiyi çoxsaylı müsahibələrində həmişə ilk olaraq oxşar hadisəni danışır. Qeyd edir ki, hələ bətndə ikən, anası yuxuda Şəmkirin məşhur kəramət sahibi Seyid Əkbəri görüb. Nəcib seyid, anasına deyir, bəs ərin Telman evdədi? “Yox!” eşidincə, deyir, ona çatdırarsan, Zirəddinin kirvəsi gəlmişdi.

Bəli, ekstrasensorikada bu, ən vacib şərtdi - əvvəl pişiyin ruzisi gəlir yox yerdən, sonra özü qapıda görsənir. Əvvəl, gözəgörünməz kirvəsi gəlir Zirəddin kimilərin, sonra özləri.

İndi bu Zirəddin Moskva ətrafında cins köpəklər yetişdirərək bütün mehrini yönəldib bu istiqamətə. Müsahibələrində hansı mövzudan danışsa, mütləq axırda köpək söhbətinə qayıdacaq. Deyəcək:

“Gördüyünüz bax bu küçük Rusiya ərazisində doğulmuş ilk türk küçüyü, Aksaray cinsli malaklı köpəyidir. Atası ”Aslandı", anası “Dilbər”. 11 küçükdən biri də hələ satışa çıxarılmayacaq. Bu siftədi. Sonrası Allah kərimdi. Alıcı ilə xüsusi müqavilə bağlayırıq. Müqavilədə o, bizə boyun olur ki, bəs it boğuşdurmalarda iştirak etməyəcək. Daimi qida ilə təmin edəcək bu möcüzəli köpəklərimizi".

Fikirləşirəm, bu, Zirəddinlə tanışlığımızın qəşəng sonluğudur.

Gəlin söhbətimizin bu nöqtəsində onunla sağollaşıb vidalaşaq.

Həmid HERİSÇİ

 

 

Xəbər lenti