İnsanlar dəm qazından niyə zəhərlənirlər? ARAŞDIRMA - VİDEO

637
İnsanlar dəm qazından niyə zəhərlənirlər? ARAŞDIRMA - VİDEO

Xırdalanda baş verən, 5 nəfərin ölümü ilə nəticələnən faciəvi hadisə dəm qazı zəhərlənmələrini yenidən gündəmə gətirib. Bəs dəm qazından zəhərlənmələr nə vaxt baş verir, hadisənin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovun sözlərinə görə, dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır və zəhərlənmələr əsasən hamam otağında yaşanır. 

Əlamətlərə gəldikdə isə dəm qazı zəhərlənmələri zamanı ürək bulanması, üz nahiyəsində qızarma, baş ağrıları ilə müşayiət olunur. Otaq qapalı olduğundan dəm qazından boğulma zamanı ölüm tez baş verir. Çünki isti hava damarlarda qanın hərəkətini intensivləşdirir. Beyinin zərərli qanla təchizi insan həyatına təhlükə yaradır.

"Hər il dəm qazından zəhərlənərək ölən gənclərin sayı daha da artır. Baş verən hadisəyə səbəb qapalı mühitdə karbon monoksidin əmələ gəlməsidir. Zəhərlənmə əvvəlcə yüngül dərəcədə üzə çıxır, baş ağrı, hava çatışmazlığı , ürək bulanmalar daha artır. Getdikcə daha kəskin forma alır ki, bu da huşun itirilməsi ilə nəticələnir. Huşunu itirən insan heç kimi köməyə çağıra bilmir".

Həkim deyir ki, zəhərlənən şəxs özündə deyilsə, təcili yardım gələnə kimi onun ağız boşluğunu qusuntu kütləsindən təmizləmək, süni tənəffüs vermək lazımdır.

"İlkin müdaxilə zamanı həmin şəxs dərhal havaya çıxarılmalıdır. Üstünü  örtmək lazımdır, çünki bədənin hərarəti dərhal aşağı düşür. Çay verilməlidir ki bədən qüvvədən düşməsin , maddələr müdaxiləsi çox pozulmasın".

FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - Mədən Nəzarəti Dövlət Agentliyinin baş dövlət müfəttişi Adil Xəlilov deyir ki, havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda, insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur.

"Dəm qazından zəhərlənmə hadisələrinə daha çox qış aylarında, qızdırılma cihazlarından istifadə olunan vaxt rast gəlinir. Hadisə qızdırıcı cihazlardan ehtiyatsız istifadə, avadanlığın düzgün quraşdırılmaması zamanı əmələ gəlir. Bildiyiniz kimi, məişətdə istifadə etdiyimiz təbii qaz iysiz, rəngsiz, havadan yüngül maddədir. Buna görə qazla çox ehtiyatlı davranmaq lazımdır, istismar zamanı təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Tüstü bacaları tikinti normalarına cavab verməlidir. Bacalar vaxtlı-vaxtında təmizlənməlidir. Bütün bu hadisələrin baş vermə səbəbi dəm qazının sızmasından baş verir".

FHN təmsilçisinin sözlərinə görə, dəm qazından zəhərlənmələrdə subyektiv amillər daha çox rol oynayır.

"Vətəndaşlar avadanlığın qurulması və istismarında təhlükəsizlik qaydalarına riayət etməlidir. Dövlət qurumlarına gəlincə, nəzarət edən qurumlar qaz paylayıcı təşkilat olaraq "Azəriqaz" İstehsalat Birliyi və onların müxtəlif qurumlarıdır. Amma yenə də bu cür zəhərlənmələrdə subyektiv amillər əsas rol oynayır".

Xəbər lenti