1937-ci il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür.
"1937" layihəsində repressiya qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacayıq.
Bakıya İstanbul havası gətirən gənc
“Bizim əsas məqsədimiz Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu müstəqillik asan alınmayıb, tökülən şəhid qanları hesabına başa gəlib. Biz onların axıtdıqları qanların hədər getməsinə yol verməməli, müstəqilliyimizin qorunub saxlanılması üçün hər birimiz şirin canımızdan keçməyi bacarmalıyıq. Zira millətimizin gələcəyinə və müstəqilliyimizin hifz olunmasına yol ancaq bundan keçir”. Bu sözləri görkəmli Azərbaycan yazıçısı, 37-ci illər repressiyalarının qurbanı Qantəmir müstəqil AXC hökumətinin qurulması zamanı məqalələrinin birində yazmışdı.
Tarix onun haqlı olduğunu bütün gerçəkliyi ilə göstərdi. Amma tarixi zorla öz xeyrinə dəyişənlər də bir çox vətənpərvərlər kimi ondan da qisaslarını aldılar…
Azərbaycanın görkəmli maarif xadimi, pedaqoq və yazıçı Qafur Sədrəddin oğlu Əfəndiyev (Qantəmir) 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi və dövrünün tanınmış ziyalılarından biri idi. Onun hətta Sədi Salis təxəllüsü ilə şeirlər yazdığı da məlumdur. Açıq düşüncəli Sədrəddin kişi oğlunun istedadlı bir uşaq olduğunu anlamışdı və ona yaxşı təhsil vermək arzusunda idi. Beləliklə, Qafur ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə aldı. O, uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Buna görə də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıq dünyagörüşlü, tanınmış ziyalılarından olan Ibrahim Həqqinin yeni tipli məktəbində oxumağa başladı…
Gənc Qafurun istedadlı və çox zəkalı bir tələbə olduğu kimsənin nəzərindən yayınmırdı. Onun böyük arzuları vardı və bu arzularının arxasınca 1911-ci ildə təhsilini davam etdirmək üçün Türkiyəyə getdi. O, burada Istanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil oldu. Heç şübhəsiz ki, Türkiyə mühiti onun həyatında mühüm bir mərhələ açdı. Gənc Qafur burada təhsili ilə bərabər, həm də yaradıcılıqla məşğul olur, kiçik hekayələr yazırdı. Araşdırmaçıların fikrinə görə, o, “Qantəmir” imzasını da Türkiyə mühitində yaşayarkən götürüb. Birmənalı olaraq qəbul edilir ki, Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatına Istanbul havası gətirənlərdən biri də məhz Qantəmir olub. Gənclik illərində yazdığı bir-iki şeir istisna olmaqla, bu yazıçı Azərbaycan ədəbiyyatında əsasən satirik hekayələr müəllifi kimi tanınıb.
“Bu məmləkətdə kim qalacaq?”
Q.Əfəndiyev 1914-cü ildə Istanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini bitirdiyi zaman orada qalıb çalışa bilərdi. Çünki artıq oranın yaradıcı mühitində tanınmağa başlamış və özünə çoxlu dostlar tapmışdı. Amma Birinci Dünya müharibəsi dövründə Osmanlı dövlətinin də hazırlığa başlaması nəticəsində o, vətənə döndü. Daha sonralar isə ölkədən kənara çıxmaq fikrindən tam olaraq daşındı. Hətta sovet hakimiyyəti Azərbaycanın müstəqilliyinə son qoyduqdan sonra da o, öz vətənində qalamağa üstünlük verdi. Yazıçı bu illər yazdığı məqalələrinin birində deyirdi: “Hamı bu ölkəni tərk etməyə cəhd göstərir. Belə getsə, bu məmləkətdə kim qalacaq? Bu məmləkət bizə babalarımızdan yadigar qalıb. Onu qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq və bu yolda mübarizələr aparmaq müqəddəs vəzifələrimizdən biri olmalıdır”.
Qafur Əfəndiyev Istanbul təhsilindən sonra 1929-cu ildə Azərbaycan Dövlət Tibb Institutunun stomatologiya fakültəsini bitirmişdir. Qantəmir 1915-ci ildə Göyçayda yeni açılan “Iqbal” məktəbində çalışmağa başlamışdır. 1916-cı ildə “Nəşri-maarif” cəmiyyətinin Qubada açdığı məktəbə müdir vəzifəsinə dəvət olunmuşdur. O, müəllim işlədiyi dövrdə Abbas Səhhətlə, Mirzə Ələkbər Sabirlə tanış olmuş və bu şəxslər onun bir qələm sahibi kimi inkişafında öz rolunu oynamışdı. Ümumiyyətlə, Qantəmir uzun illər yazılarını Sabirin şeirləri ruhunda yazıb. Elə onun hekayələrində də məhz Sabir ruhunun təsiri aydın duyulur. Sabir öz şeirlərində millətinin maariflənməsini, oyanmasını və cəhalətdən çıxmasını necə istəyirdisə, Qantəmir də hekayələrində bu prinsiplərə sadiq idi.
“Kommunist” qəzetinin 3 fevral 1936 –cı il sayında Ə. Hidayət imzalı müəllifin Qantəmir (Qafur Əfəndiyev – 1884-1944) haqqında bir məqaləsi yer alır. Qantəmir sovet repressiya maşınının hədəfə aldığı yazarlardan idi.
Boş və mənasız hırıltıya qarşı
Qantəmiri biz hələ bu günə qədər xırda hekayələr müəllifi kimi tanıyırıq. Bu həqiqətən belədir. Qantəmir bizim nəsrimizə özünün haman xırda hekayələri ilə girmişdir.
Onun yaradıcılıq bioqrafiyasını da haman xırda hekayələr təşkil edir.
Qantəmir bizdə demək olar ki, 1926-27-ci illərdən aktiv yazmağa və çap edilməyə başlamışdır.
Qantəmirin firqəmizin aprel qərarına qədər yazmış olduğu hekayələr onun “Ağıl dəryası” və “Şarlatanlar” kitabçasında toplanmışdır.
Qantəmirin yazıçılıq yolu çox qısadır. Bu yaradıcılıq dərin və mürəkkəb bədii axtarış yolları ilə deyil, çox primitiv xətlərlə gedir.
O, bizim ədəbiyyatımıza özünə məxsus yol ilə gəlmişdir. Lakin bu yolda mahiyyət etibarilə heç bir orijinallıq yoxdur.
Buna görə, Qantəmirin yazıçılıq yolu, bizim ədəbi-bədii inkişafımız üçün deyil, bəlkə onun özü üçün daha xarakterikdir.
Qantəmirin hekayələrində tematik müxtəliflik, öz yaradıcılıq diapazonunu genişləndirmək təşəbbüsü görünmür.
Onun əsərlərində bizim ictimai varlığımızı qalib sosializm quruluşu pozisiyalarından görən və qiymətləndirən gənc şura yazıçısının həqiqi dünyanı anlayış ədası yoxdur. O, öz hekayələrinin sujetini inkişaf etdirərək, hadisələrin ancaq zahiri fonu ilə kifayətlənir.
O, bizim ictimai varlığımızdakı hadisələrin hər birində bir məna, hər bir hərəkətdə bir istiqamət axtarmır.
Onun üçün hərəkətlərin və hadisələrin bilavasitə istiqaməti və məqsədə doğru hərəkəti yoxdur.
Müəllif bizim həyatımızın ancaq mənfi tərəflərini görür və mənfi hadisə və faktlar həmişə onun əsərlərində həddən artıq şişirdilir, ümumilik və xarakterlilik mövqeyinə qaldırılır və bununla müəllif açıqdan açığa bizim ictimai varlığımızı təhrif edir, saxtalaşdırır.
Məsələn, Qantəmir özünün “Xanım Əminə” hekayəsində Bakının türk hissəsini və yeni Şura küçəsi rayonunu; buradakı nümunəvi dövlət müəssisələrinə, kino, teatrolara, nümunəvi cocuq baxçalarına, məktəblərə, radio stansiyalara və səhiyyə müəssisələrinə baxmayaraq ən cahil, ən avam, insan həyatından uzaq, səfalət yuvası kimi göstərməyə çalışır.
Adama belə gəlir ki, müəllif proletar sosialist Bakısının tamamilə yeni, nümunəvi və sürətlə boy atan şura rayonundan deyil, köhnə patriarxal İran şəhərlərindən danışır.
Qantəmirin yazıçılıq gözü görünməz bir sürətlə böyüyən bu rayonda şura yazıçısının qələminə layiq qəti sürətdə heç bir müsbət cəhət tapa bilmir.
Qantəmir sosialist Bakısının mərkəzi olacaq bu rayona ancaq şəhvət oyadan qızlara və gəlinlərə baxmaq üçün gedir. Burada həqiqi insan həyatı, şura və sosializm quruluşu həyatı yoxdur.
Müəllif yazır - “ 15 yaşını yenicə doldurmuş sütül gəlinlərə ancaq bu dairədə rast gəlmək olar”.
Həqiqətən Qantəmiri ancaq bu gəlinlərə baxmaq, bunların dedi-qodularını dinləmək maraqlandırır, “siz hər nə rəng verirsiniz verin mənim ən çox xoşuma gələn şey arvad davasıdır”.
Bu Qantəmirin ən səmimi ifadəsidir.
Qantəmir ən qabaqcıl, ən aktiv, hətta firqəçi və komsomolçu qadında və qızda bir dənə də olsun müsbət insani xüsusiyyət görə bilmir.
Onun üçün qadın ancaq əyləncə, “saçının uzunluğuna rəğmən əqli qısa”, sütül bədənli və ictimai işə yaramayan bir şəhvət obyektidir.
Qantəmirin bu tipləri əsərinə almaqda məqsədi qabaqcıl əməkçi türk qadınlarının obrazını yaratmaq deyil, bu tiplər simasında oxucunun hırıltısına səbəb olan qondarma və süni cizgilər qeyd etməkdir.
Qantəmirin hekayələrində “bitərəflik” və “obyektivizm” ruhu hökm sürür. Onun hekayələrində hər şeydən əvvəl ictimai kəsər yoxdur.
Qantəmirin yumoristliyi haqqında çox danışılır. Doğrudur, bu hekayələr adamı bəzən güldürür, ancaq bu gülüş boş və mənasız hırıltıdan ibarət olaraq qalır.
Bəzən oxucu bu hekayələrdəki tiplərə deyil müəllifin gülünc vəziyyətinə gülür.
Qantəmirin bədii dil və bədii ifadə vasitələrinə malik ola bilməməsi xüsusi qeyd edilməlidir. O, çox çürük, çox yabancı epitetlərdən və müqayisələrdən istifadə edir.
Qantəmir öz əsərlərində effekt yaratmaq üçün bir sıra ən çirkin, ən ləyaqətsiz sözlərə və küçə söyüşlərinə əl atır.
Bu tendensiya Qantəmirdə ən zərərli bir təsir halındadır.
Bu bizim tərəfimizdən qəti və amansız ifşa edilməlidir. Bu əsərlərin Azərnəşrin bədii ədəbiyyat şöbəsi tərəfindən bu şəkildə buraxılması böyük bir səhv və bağışlanmaz qüsurdur.
Qantəmir öz yaradıcılığı ilə təhlükəli bir yoldadır. O, tutmuş olduğu bu mənfi istiqamətdən mütləq çevrilməli və həqiqi yenidən qurulma yollarına düşməlidir.”
Repressiya, sürgün həyatı və son…
Görkəmli maarifçi bir müddət də Qubada çalışaraq, bu bölgədə yeni tipli məktəblərin təşkilində əlindən gələni edib. O bəzən müəllim, bəzən də məktəb direktoru kimi gənc nəslin yetişməsində öz sözünü deyib. Qantəmir eyni zamanda xalqın savadlanması, gözünün açılması üçün böyük zəhmət çəkib. Bioqrafiyasından məlum olur ki, o, ömrünün sonuna kimi də orta və ali məktəblərdə müxtəlif fənlərdən dərs deyib. Bakı Ali Pedaqoji Institutu nəzdində fəaliyyət göstərən “Şaiq” məktəbinə rəhbərlik edib.
Daha sonralar aldığı yüksək təhsillə kifayətlənməyən Qantəmir 1924-cü ildə müəllimlikdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Çalışdığı bölgələrdə müəllim, yazıçı olan Qantəmir insanlara diş həkimi kimi də xidmət göstərib.
Qantəmir Azərbaycanın müstəqilliyini könüldən alqışlayan ziyalılardan biri idi. Onun sovet hakimiyyəti qurulduqdan sonra hədəfə götürülməsinin səbəbləri sırasında, şübhəsiz, bu amil də vardı.
20-ci illərin ikinci yarısında Qantəmir yazdığı satirik ruhlu hekayələrdən ibarət “Ağıl dəryası” və “Şarlatanlar” adlı kitablarını dərc etdirmişdi. Bu hekayələrdə mövcud rejimə qarşı olan etiraz və üsyankarlıq xüsusi xidmət orqanlarının diqqətini cəlb etmişdi. Onun hər addımını nəzarətə götürmüşdülər və hara gedirdisə izləyirdilər.
O, bu illərdə xalq maarifi sahəsində işləmiş, Göyçayda müəllim hazırlamaq üçün qısamüddətli pedaqoji kurslar təşkil etmişdir. Sonralar Bakıda Ali Pedaqoji Institutun nəzdində təşkil edilmiş Abdulla Şaiq adına ikinci dərəcəli nümunə məktəbində direktor vəzifəsində çalışmışdır. Amma yazdığı hekayələrə görə o, daim nəzarətdə idi. Beləliklə, 1939-cu ildə onu diş həkimi kimi çalışdığı Ağsu rayonunda həbs etmiş, Orta Asiyaya sürgünə göndərmişlər.
O, repressiya əzabları nəticəsində 1944-cü ildə 56 yaşında dünyasını dəyişmişdir.