İnternet və sosial media hər keçən gün bir az daha həyatımızdakı yerini möhkəmləndirməklə bərabər, evimizdəki illərlə getməyən dəvətsiz qonaq statusunu da qazanmaqdadır. Virtual məkanın sözün həqiqi mənasında özünün zaman anlayışı, yaşayış yeri, tədbirləri, sakinləri var. Bir-birimizlə salamlaşıb hal-əhval tuturuq, zarafatlaşırıq, məsləhətlər verib, məlumatlar oxuyur, yeni tanışlar, dostlar qazanırıq. Real həyatımızdan çox da fərqlənməyən, günümüzün ən az 1-3 saatını, bəzən də 10-12 saatını keçirdiyimiz virtual aləmdəki insanlarla da təbii olaraq müəyyən bir emosional bağlılıq yaranır. Onların sevincinə, dərdinə adi saydığımız like-larla şərik olub, hətta bəzilərini bir müddət ana səhifəmizdə görməyəndə narahatlıq keçiririk. Dolayısı ilə qəbul etməsəniz də, paralel olaraq digər dünyamızda da “yaşayırıq”.
Və gün gəlir, gündə 10-12 saatımızı keçirdiyimiz həmin o virtual dostlardan biri vəfat edir. Əgər əlimizdəki təxmini rəqəmlərlə çox kobud bir statistika aparsaq, dünyadakı 7,5 milyard insandan hər gün 140 min insan ölür. Anoloji müqayisə ilə 1 milyard 600 milyon istifadəçisi olan facebookda hər gün 30 min hesabın vəfat etdiyinin şahidi olarıq. Bu 30 min insandan birinin bizim virtual dostumuz olma ehtimalı isə heç də az deyil.
Həmin şəxsin virtual hesabı vaxtaşırı qabağımıza çıxacaq, səhifəsinə doğmalarının, əzizlərinin yazıb paylaşdığı xatirələr, haqqında oxuduqlarımız qiyabi tanıdığımız bu şəxsin ölümünü öz yaxınımızın itkisi kimi qəbul etməyimizə vadar edəcək. Bəs real həyatda nə baş verir? İtirilmə, ölüm onun doğmalarında psixiatrik olaraq necə bir iz buraxır?
Ölən insanın doğmalarının keçirdiyi emosional hisslər əksər hallarda qeyd etdiyimiz müəyyən periodlardan keçirlər. Bu psixoloji müdafiə mexanizmləri 1969-cu ildə məşhur Amerika psixiatrı Elizabet Kübler tərəfindən təklif olunmuşdur. Bunlardan birincisi “inkar” mexanizmidir. İnkar dövründə qohumlar ölümü heç cür qəbul etmək istəmirlər, bunun bir səhv, qarışıqlıq olduğunu düşünürlər. Dəfndə iştirak etmək, qəbir ziyarəti bu dövrün ötüşdürülməsinə çox kömək edir. Bəzən vəfat etmiş şəxslərin qohumlarına sakitləşdirici dərmanlar verməklə onun dəfndə iştirakına maneə yaradılır. Bu davranış həmin şəxsdə inkar dövrünün xeyli uzanmasına və psixoloji olaraq daha ciddi travmalar almasına gətirib çıxarır.
İnkarla bağlantılı olan digər psixoloji mexanizm “bölünmə” adlanır. Yəni beynimizin bir tərəfi inkar etdiyi halda digər tərəfi bunun artıq real oldugunu qəbul edir. Bəzən telefon zənglərində, qapı zənglərində ölən şəxsin gələciyini gözləmək məhz bölünmə ilə əlaqədardır. Sosial mediada “elə bildim o, like etdi, sanki yazımı paylaşdı” və sair kimi təzahür olunur.
Ölümün realllığını qəbul edən şəxsdə artıq “şərtlər” mexanizmi işə düşür. Məsələn, “kaş o həkimə yox, başqasına aparaydım”, “ora getməyini mən istəmişdim, kaş deməzdim” tipində düşüncənin hakim olduğü bu dövrdə yaxınları daha çox özlərini günahlandırırlar. Sosial mediada isə “kaş o vaxt statusuna bu rəyi yazmazdım” şəklində özünün göstərə bilər.
Ölümü gün keçdikcə daha da qavrayan, qəbullanan şəxsdə artıq müəyyən həyəcan, panik, qorxu hissi yaranmağa başlayır ki, bunun ardınca çox maraqlı bir müdafiə mexanizmi işə düşür. Ölən şəxsə qarşı “qəzəb” yaranmaga başlayır. Bu duyğunu adətən həmin şəxslər “məni qoyub hara getdi? Mənə haqsızlıq etdi! Belə etməmliydi” kimi cümlələrlə dilə gətirirlər. O hissi keçirən şəxsdə əlavə günahkarlıq duyğusunun yaranmaması üçün bunun normal bir proses oldugunu ona izah etmək lazımdır. Bütün bunların sonunda proses artıq yuxulara siraət etməyə başlayır. Gün ərzində ölümü qəbullanmış olsa da, hər gecə bu və ya digər formada yuxuda ölən şəxslərlə baglı müxtəlif epizodlar görməyə başlayırlar. Bu dövr ölümün kəskin dövrünün sonu hesab olunur. Real həyat və tibbi yanaşmalar da yasın bir müddət sonra sonlanmağını tələb edir.
Burda daha bir maraqlı detalı vurgulamaq istəyirəm. Bəzən insanlar həyatları əvvəlki axara qayıdanda bunu ölən doğmasına qarşı haqsızlıq, unutqanlıq hesab edir. Amma bilmılisiniz ki, bu, heç də sizin onu unutduğunuz mənasına gəlmir. Sadəcə yaşadığınız hiss adi tibbi-psixoloji bir prosesin sonu idi.
Facebook və ya digər sosial media bu prosesin axıcı olmasını pozur və daim aktual saxlayır. Bu səbəbdəndir ki, qəbullanma prosesi xeyli uzanır, yaxınlarının, doğmalarının daha çox əziyyət çəkməsinə səbəb olur. Facebookun hazırki qaydalarına əsasən, ölən şəxslərin profilləri baglanmır, açıq olaraq saxlanılır. Görünən isə budur ki, o profillər açıq saxlandıqca bir çox insanda yasın uzanma prosesi davam edəcək.