Turin kəfəni xristianlıq dininin müqəddəs tütyələrindən sayılır. Bu kəfən İtaliyanın şimali-qərbindəki Turin şəhərinin Müqəddəs İoan kilsəsində saxlanılır. Ümumi olaraq kəfənin özü yox, dəqiq surəti nümayiş olunur. Qədim artefakt özü xüsusi məkanda, lazım olan mikro iqlim şəraitində saxlanılır və burada heç bir mikro orqanizm yoxdur.
"Ölkə.Az" İsa Peyğəmbərin büküldüyü kəfən haqqında araşdırmaları təqdim edir.
Orijinal kəfəni insanlara çox nadir hallarda, yəni 25-30 ildə cəmi 1 dəfə nümayiş edirlər. Sonuncu dəfə müqəddəs kəfən 2010-cu ilin yazında göstərilib. Zəvvarlar 40 gün ərzində Turin kəfəninə tamaşa etdilər. Sonra isə orijinal kəfəni anbara apardılar və yerinə surətini qoydular.
Bu müqəddəs artefakt İsa Peyğəmbərin çarmıxa çəkilməsi ilə əlaqəlidir. Pilatın tapşırığı ilə İsa Peyğəmbəri çarmıxdan düşürürlər. Peyğəmbərin gizli tələbəsi və davamçısı İosif Arimafeyski onu kəfənə bürüyərək divara yonulmuş sərdabəyə aparır.
Kəfən deyiləndə uzun parça nəzərdə tutulur. Təsvir edilənə görə, parçanın uzunluğu 4.3 metr, eni isə 1.1 metr olub. İosif Peyğəmbərin meyitini parçanın bir küncünə, başını isə ortasına qoyur. Sadiq tələbə meyitin ayaqlarını bir-birinə sıxır və əllərini ovcunda birləşdirir.
İsa dirildikdən sonra sərdabəni tərk edir, bütün atributlar isə mağarada qalır. Göründüyü kimi, kəfəni İosif Arimafeyskiy özü ilə götürür. İosif ağıllı və uzaqgörən adam idi və başa düşürdü ki, zaman keçdikcə kəfən müqəddəs artefakta çevriləcək və milyonlarla insan ona ibadət edəcək.
Təbii ki, qədim dövrlərdə 2000 il sonra İsanın 2.5 milyard nəfər davamçısı olacağını heç kəs təsəvvür belə edə bilməzdi. Bütün bu nəhəng insan kütləsi sadiq tələbəyə təşəkkür borcludur. Amma burada belə bir sual ortaya çıxır. İtaliyada qorunub saxlanılan kəfən həqiqətən də İsa Peyğəmbərin büküldüyü kəfəndir?
Bəlkə bu kəfən saxtadır? Çünki hadisədən sonra əsrlər, müharibələr, təbii fəlakətlər və yanğınlar keçib. Bu dövr ərzində əsl kəfəni dəfələrlə məhv edib yerinə tamamilə başqa parça qoymaq mümkün idi. Bəs tarix bu barədə nə deyir?
Turin kəfəninin tarixçəsi
Çarmıxa çəkilən İsa Peyğəmbərin bədəninin izi kəfənə düşüb. Həm də Peyğəmbərin bədəninin həm ön, həm arxa tərəfinin izi parçanın üzərindədir. Eyni zamanda, onun simasını da sezmək mümkündür. Bu niyə belə olub? Bu barədə birazdan məlumat verərik. Hələlik bu kəfən barədə məlumat verək.
Bu kəfənin müqəddəsliyini ilk dəfə Edessa şəhərinin sakinləri dərk ediblər və bir neçə yüz il ona sitayiş ediblər. Edessa müasirTürkiyənin cənubi-şərqində yerləşən şəhərdir. Artefakt Əbədi və ya möcüzəli Mandilionanın Xilaskarı adlanırdı. Bu ikonanın üzərində Xilaskarın siması dəqiq görünürdü. Sima rənglə qələmə alınmamışdı, bu səbəbdən də əbədi adlandırılırdı.
Bir məntiqli versiyaya əsasən, kəfəni bir neçə dəfə bu formada qoydular ki, sima yuxarıda olsun. Materiyanı çərçivəyə salaraq məbəddə insanlara nümayiş etdirdilər.
VI əsrə qədər Edessa xristian dünyasının ən vacib mərkəzlərindən biri sayılırdı. Şəhərdə 300 monastr var idi. Bu isə çoxsaylı xristianın bu şəhərdə yaşadığına dəlalət edir. Siyahıya həm də şəhərə axışan saysız-hesabsız zəvvarları da əlavə etmək lazımdır. Bütün bu zəvvar və xristianlar müqəddəs simaya sitayiş edirdilər. Amma onun parça üzərinə həkk edildiyini bilən çox az adam var idi.
IV əsrdə Edessada Efrem Sirin adlı bir nəfər yaşayırdı. O, İsanın ən böyük davamçılarından biri sayılırdı. 373-cü ildə Efrem dünyasını dəyişdi və şəhərdə onun çoxsaylı tələbələri və davamçıları qaldı. Onlar da xristian dinini böyük kütlələrə təbliğ etdilər. Bütün bu fəaliyyət Əbədi Xilaskarın (Kəfən saxlanılan məbəd nəzərdə tutulur -red) məbədi yaxınlığında həyata keçirildi.
641-ci ildə ərəblər Edessa şəhərini ələ keçirdilər. Onlar İslam dinini təbliğ edirdilər. Allah birdir, ona gedən yollar isə fərqlidir. Bu səbəbdən müsəlmanlar Mandilionanı dağıtmadılar. Bu məbəd şəhərdə qaldı.
944-cü ildə Bizans ordusu şəhəri hücumla ələ keçirdi. Müqəddəs tütyə İstanbula aparıldı. Onu böyük insan kütləsi ilə şəhər divarları arxasından keçirdilər. Kəfəni Müqəddəs Sofiya kilsəsinə yerləşdirdilər və o burada 1204-cü ilə qədər qaldı. Beləcə, ehtimal etmək olar ki, Turin kəfəni qədim dövrlərdə də böyük inanclı insan kütləsini özünə cəlb edirdi. Amma xarici görünüşünə görə müasir görünüşdə deyildi, çünki bükülmüşdü və çərçivəyə salınmışdı.
4-cü Səlib yürüşü zamanı (1202-1204) səlibçilər Konstantinopolu ələ keçirdilər. Onlar 13 aprel tarixində şəhərə soxuldular və 3 gün ərzində Konstantinopolu talan etdilər. Çoxsaylı xristianlıq dininə məxsus əşyalar oğurlandı. Eyni zamanda, Kəfən də yoxa çıxdı. Burada olan real bir versiyaya əsasən, Turin Kəfəni tampliyerlərin əlinə keçə bilərdi. XIII əsrdə Tampliyer ordeni ən qüdrətli və varlı cəngavər-rahib ordeni sayılırdı. Məhz tampliyerlər bu Kəfəni özləri ilə apardılar.
Tampliyerlər 1307-ci ilə, yəni orden təqib edilənə qədər Kəfənə sitayiş etdilər. 1307-ci ildə Fransa kralı Gözəl Filipp cəngavərləri həbs etdirib zindana saldırdı və dəhşətli işgəncələrə məruz qoydu. Bu dövrdə Turin Kəfəninin taleyinin necə olduğunu bilən yoxdur. Çox güman ki, onu gizlədə bilmişdilər.
Kəfən haqqında bir də 1353-cü ildə məlumat ortaya çıxdı. Qraf Jeffrua de Şarni müqəddəs tütyənin sahibi olduğunu bəyan etdi. Kəfən Fransanın Lir şəhərində qrafa məxsus qəsrdə idi. Qraf bu əşyaya necə sahib olduğu barədə məlumat vermək istəmədi. Çox güman ki, tampliyerlərdən kimsə qrafın atasına və ya babasına Kəfəni verə bilib.
1452-ci ilə qədər Turin Kəfəni Lir şəhərində kilsələrin birində saxlanıldı. Sonra Qrafın nəvəsi Marqarita de Şarni qədim artefaktı Lüdoviq I Savyoska satdı. Lüdoviq monarx hüququna malik hersoq idi. Onun hakimiyyəti altında Fransanın cənubunda yerləşən, İtaliya ilə sərhəddi olan Savoysk hersoqluğu yerləşirdi.
Ölkənin paytaxtı Şamberi şəhəri idi. 1578-ci ilə qədər Kəfən bu şəhərdə idi. Sonra isə hersoqluğun paytaxtı Turin şəhəri oldu. İsa Peyğəmbərin kəfənini bu şəhərə apardılar. O dövrdən sonra Turin Kəfəni Müqəddəs İoan Kilsəsindədir.
Turin Kəfəninin sensasion fotosu
1353-cü ildən bu yana İsa Peyğəmbərin büküldüyü kəfəndə heç kəs təsvir görməmişdi. Qədim parçada ancaq qan ləkələri görünürdü. Çünki İsanın meyitini parçaya bükmədən əvvəl yumamışdılar. Bunu sonradan etməyi planlaşdırırdılar. Sərdabəyə bu məqsədlə yaxınlaşan qadınlar gördülər ki, girişi bağlayan daşı kimsə kənara çəkib, Xilaskarın meyiti yoxa çıxıb.
1898-ci ildə Parisdə dini incəsənət sərgisi təşkil edildi. Turin Kəfəni də sərgiyə gətirildi. 28 may tarixində fotoqraf və arxeoloq Sekondo Pia qədim artefaktın iki fotosunu çəkdi. Fotolardan biri xarab olsa da, ikinci neqativ yaxşı alındı. 60*50 sm ölçüdə olan fotonun tünd fonunda insan obrazı görünürdü.
Bu foto bomba effekti yaratdı. Jurnalistlər və fotoqraflar qədim artefaktı müxtəlif rakurslardan lentə almağa başladılar. Məsələ ilə alimlər də maraqlanmağa başladılar. Alimləri ilk növbədə qədim parçanın həqiqətən də İsa Peyğəmbərin kəfəni olub-olmadığı maraqlandırmağa başladı.
1932-ci ildə yüksək keyfiyyətli fotolar əldə edildi. Onların diqqətli analizi maraqlı nəticələrə səbəb oldu. Parçanın üzərində təsvir olunan insan fiziki cəhətdən yəhudilərə məxsus idi. Onun boyu 178 sm, yaşı isə 30-45 yaş arası dəyişirdi. Kəfənin dəqiq incələnməsi daha dolğun məlumatların ortaya çıxmasına səbəb ola bilərdi. Amma Katolik Kilsəsi alimləri ancaq 1969-cu ildə artefakta yaxın buraxdı.
Turin Kəfəninin elmi tədqiqatı
İlk günlər parçanın sapları və toz tədqiq edildi. Tozu və sapı parçanın künclərindən yapışqan lentlə yığdılar. Amma bu tədqiqat heç bir ciddi elmi nəticə vermədi. 1988-ci ildə parça nümunələri üç müstəqil laboratoriyada radiokarbon analiz edildi. Laboratoriyalar ABŞ, Böyük Britaniya və İsveçrədə yerləşirdi.
Mütəxəssislərin fikrinə görə, parça 1270-1380-ci illər arasında istehsal edilib. Bu zaman müxtəlif jurnallarda bu rəqəmləri rədd edən müxtəlif məqalələr peyda oldu. Alimlər 1532-ci ildə baş verən və kəfənə zərər verən yanğına istinad edirdilər. Yüksək tempraturda sellüloza atmosferdəki karbon molekullarını özü ilə birləşdirir. Bu isə karbonun izotop tərkibinin köklü surətdə transformasiyasına səbəb olur. Deməli, Kəfən daha qədimdir. Onun hansı əsrə aid olduğu barədə dəqiq məlumat yoxdur.
2008-ci ildə Kəfənin yaşını müəyyənləşdirmək üçün yenidən təcrübə keçirildi. Bu zaman parça materialın 13 milyard piksellik rəqəmsal fotosu çəkildi. Bu tədqiqat da 1988-ci ildə əldə edilmiş yaş həddini inkar etmədi.
Başqa bir fakt da suallar yaradır. Məsələ burasındadır ki, parça İsanın simasını özündə əks etdirir. Amma əgər Peyğəmbəri bu parçaya bükmüşdülərsə, sifət cizgiləri yayılmış formada olmalı idi. Amma parçanın üzərinə həkk olunmuş cizgilər proporsionaldır.
Başqa bir nüans da var. Meyitin arxa tərəfi üz hissəsindən 5 sm böyükdür. İki proeksiya ölçülərinə görə fərqlidir. Qeyd etmək lazımdır ki, fərq kifayət qədər əhəmiyyətlidir.
Parçanın hazırlanmasına gəldikdə isə, onu diaqonal və ya sarj üsulu ilə toxuyublar. İsanın yaşadığı dövrdə isə ikitərli, bir-birinə dolaşan sap üsulu ilə parça toxuyurdular. Bu Kəfənin hazırlanmasında istifadə edilən texnologiya 1-ci minilliyin sonlarında təcrübədə tətbiq edilməyə başlanılıb.
Bu faktlar materialın saxta olduğunu üzə çıxarır. Bu kəfənə İsanı bükə bilməzdilər, çünki material çox sonralar istehsal edilmişdi. Amma yenə də bir sual cavabsız qalır: Parçaya təsviri rəng istifadə etmədən necə çəkiblər? Heç bir rəngin istifadə edilmədiyini isə bütün ekspertlər etiraf edir.
Turin kəfəninə solğun olsa da, yaxşı aydın edilən obraz detalları həkk edilib. Onun rəngi qəhvəyi-sarı rəngdədir. Üz cizgiləri və saqqal normal görünür. Barmaqları və saçı dəqiq görünür. Kəfəndə çoxsaylı qan izləri var. Topuq və dizlərdə qan ləkələri var. Yan tərəfdə böyük ləkə var. Bu hissəyə legionerlər nizə sancmışdılar və İsanın sağ və ya ölü olduğunu yoxlamışdılar. Təsvir kifayət qədər realdır və Bibliyada yazılanlara tamamilə cavab verir.
Bu təsvir meyitin materialla birbaşa kontaktı nəticəsində yarana bilərdi. Eyni zamanda, diffuziya və radiasiya prosesləri də istisna edilmir.
Birbaşa kontakt məsələsinə gəlincə isə, italyan alim Luici Qarlaskelli İsanın obrazını yaratmaq üçün təcrübə apardı. Bunun üçün insan meyitini parçaya bükdülər. Ona sirkə turşusu əlavə edilmiş piqment sürtdülər. Bundan sonra parçanı isitdilər və piqment təbii yola yoxa çıxdı. Beləcə sarı-qəhvəyi təsvir yarandı. Ona qan ləkəsi əlavə etdilər. Nəticədə parça üzərində keyfiyyətinə görə orijinaldan kifayət qədər geri qalan obraz yarandı. Deməli əsl təsvir daha təcrübəli usta tərəfindən yaradılmışdı.
Versiyalar və təxminlər
Bu məsələdə Leonardo da Vinçi kimi usta rəssamı da xatırlamaq lazımdır. Onun yaşadığı dövrdə Kəfən Şamberidə saxlanılırdı. Görəsən böyük ustad Kəfənə təsvir əlavə edə bilərdimi? Bu, onun gücü və qabiliyyəti çatan bir məsələ idi. Amma burada dini və etik xarakterli suallar ortaya çıxır.
Da Vinçi çətin ki, bəşəriyyət tərəfindən müqəddəs qəbul edilmiş Kəfənə təsvir çəkməyə cürət edə bilərdi. Bu, müqəddəs tütyənin təhqir edilməsi kimi qiymətləndirilə bilərdi. Başqa bir versiyaya əsasən, Kəfənin üzərindəki təsvir pis vəziyyətdə ola bilərdi və usta rəssam onu yeniləmək barədə düşünə bilərdi.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, parça tamamilə çürüyə bilərdi və təsvir heç cürə seçilməyə bilərdi. Buna inanmaq mümkündür, çünki o dövrdə Kəfənin 1500 il yaşı var idi. Müqəddəs atalar Kəfənin dəqiq surətini çıxarıb orijinalı gizlədə bilərdilər. Onlar bunu xeyirxah niyyətlə həyata keçirə bilərdilər.
Bu səbəbdən bir neçə yüz il yaşı olan köhnə parça götürülə bilərdi. Onun üzərinə isə təsvir əlavə edilə bilərdi. Bu işi Leonardoya tapşırıblar. O isə işin öhdəsindən layiqincə gəlib. Parçanı səriblər və vertikal formada möhkəmləndiriblər. Parlaq günəşli günlərdə onun arxasında insan dayanıb. Bu böyük sənətkarın özü də ola bilərdi. Burada parçanın kimyəvi tərkibini bir az dəyişərək onu hidrogen molekullarının təsirinə məruz qoyublar. Sonra parçanı zəif gümüş qarışığına salıblar və bir müddət qurudublar. Nəticədə çox solğun təsvir əldə edilib. Uzaq məsafədən bu təsviri görmək mümkün deyildi. 1898-ci ildə fotoqraf sayəsində insan siması göründü.
Bu, Turin Kəfəni haqqında versiyalardan biridir. Əslində isə həqiqət hələ də məlum deyil. Bunu bəlkə də Katolik Kilsəsinin rahibləri bilir. Nəzərə də almaq lazımdır ki, Kilsə Turin Kəfəninin əslinin muzeydə saxlanılan olmadığı fikri ilə razılaşır və onu tədqiq etməyə icazə verir.
Bəs niyə Longin nizəsini tədqiq etməyə icazə vermirlər?
İstisna deyil ki, əsl kəfən Vatikan arxivlərində gizlədilib...