Hər birimiz köhnə Azərbaycan filmlərini sevirik və dəfələrlə həmin filmlərə baxsaq da, onlardan doymuruq. Bunlardan biri də uşaqların sevimli kinosu olan "Sehirli xalat" filmidir.
Bu film həm də ona görə unikaldır ki, "Sehirli xalat" filmi uşaq kinosu olmasına baxmayaraq, orada 15-ə yaxın Azərbaycanın tanınmış aktyoru iştirak edib. Onların içərisində Möhsün Sənani, Əliağa Ağayev, İsmayıl Osmanlı, Ağahüseyn Cavadov, A.Falkoviç və s. tanınmış aktyorlar olub.
Bu Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinə nə dərəcədə böyük marağın və ciddi yanaşmanın olduğunu göstərir. Həmin filmdə görkəmli aktyorlarla yanaşı, sonradan aktyorluq sənətini davam etdirməyən şəxslər də iştirak ediblər. Onlardan biri də Arif obrazını canlandıran Nazim Mustafayevdir. Həmin obrazı ifa edən Nazim Mustafayevlə bəzi məqamlara aydınlıq gətirdik.
N.Mustafayev deyir ki, faktiki olaraq "Sehirli xalat" filmində ilk dəfədir ki, indiki planşetlərdən bəhs olunub.
"Yadınızdadırsa, gələcəyə düşən Rəşid o zamankı uşaqların kitabları ilə maraqlanıb. O, kitabların birini açır və təəccüblə soruşur: "Siz mənə nə verdiniz? Bu ki dəftərdir? Burada heç nə yazılmayıb". Uşaqların biri həmin kitabın üzərindən əlini keçirəndən sonra, onun üstündə yazı əmələ gəlir. Razılaşaq ki, həmin kitab indiki planşetlərə çox bənzəyir. Ondan sonra Rəşidə təklif edirlər ki, öz dostları ilə televiziyafon vasitəsilə əlaqə yaratsın. O zaman Rəşid buna çox təəccüblənir".
Doğrudan da, filmin çəkildiyi 1964-cü ildə buna təəccüblənməmək mümkün deyildi. Lakin müasir dövrümüzdə "Skayp", "Facebook" kimi sosial şəbəkələrlə canlı danışmaq buna oxşayır.
Qeyd edək ki, gələcək zamana səyahət edən Rəşid uşaqlara sarayın fonunda şəkil çəkməyi təklif edir. Bu zaman Rəşid "Qoyun arxanızda bu təzə saray görünsün". - deyir. Uşaqlardan biri isə ona "Bunun harası təzədir? O, 2001-ci ildə tikilib", - deyə cavab verib.
Nazir Mustafayev həmin filmin çəkilişindən uzun müddət keçməsinə baxmayaraq, hələ də, həmin xatirələri unutmadığını deyir.
"Artıq 2014-cü ildir. Filmin 50 yaşı tamam olacaq. Ona görə də bu filmə keçmişdə qalan gələcək kimi baxmaq olar", - deyə N.Mustafayev bildirib.
"Nəyə görə sonradan aktyor sənətinə davam etmədiniz?" - sualına cavab verərkən Nazim Mustafayev gülümsündü.
"Deyirsiniz ki, mən hər il, bir film çəkiləndə, sinifdə qalaydım? Film çəkilən ili mən 6-cı sinifdə oxuyurdum. Mən dərsdən çıxırdım və qaçırdım kinostudiyaya. Dərslərimi öyrənməyə vaxt tapmırdım", - deyə Nazim Mustafayev vurğulayıb.