Bu axşam çıxacaq təzə ay astroloji baxımdan cari ilin ən mühüm və həlledici hadisəsi ola bilər.
Bunu rusiyalı astroloq Olqa Davıdova bildirib. Bunun bir neçə səbəbi var. Əvvəla bu yeni ay doğuluşu 2017-ci il üçün ilkdir. Bundan başqa, təzə ayın çıxması Qoç bürcünə təsadüf edəcək ki, onu bənzərsiz edən məhz bu bürcdə üç planetin yerləşməsidir. Əgər Saturn planetinin də Oxatan bürcü ilə üst-üstə düşməsini nəzərə alsaq, yeni ayla birbaşa bağlılıq yaranacaq. Nəticədə isə çox nadir və parlaq konfiqurasiya yaranacaq – od ünsürlü bürclərdə altı planet birləşəcək, bunlardan beşi Qoçla əlaqəli olacaq.
Amma Qoçun döyüşkənliyini də unutmaq olmaz. Odur ki, yaranan münaqişələr sizi qorxutmasın. Sadəcə Qoç döyüşünə qoçlarla çıxın, hər “buynuz”lu ilə kəllə-kəlləyə gəlməyin. Qoçun hiddətini öz xeyrinizə yönəldə bilərsiniz. Aqressiya vasitəsilə öz hədəflərinizə daha tez çatarsınız. Yəni kimlərinsə acığına planları daha tez və məqsədli həyata keçirmək olar.
Bəs bu gecəni öz gecəniz etmək üçün nə etməli?
Mütləq geyiminizdə qırmızı rəngə üstünlük verin. Qarderobunuzda bu rəngdə bir şey yoxdursa, ən azından qırmızı bir şərf və ya yaylıq tapıb çiyninizə atın. O da olmasa, xüsusilə qadınlar, qırmızı dodaq və dırnaq boyasından istifadə edin. Axşamı çalışın qonaqlığa, əyləncə məkanına getməyəsiniz. Qırmızı şam alıb evdə yandırın. Mütləq kəklikotu ilə çay dəmləyin. Kəklikotu cəsarət, hünər rəmzidir. İsti-soyuq kontrastlı duş qəbul edin. Qoç cəsarəti sevər.
Ümumiyyətlə, astroloq bildirir ki, 2017-ci il bir çox insanın həyatında dəyişiklik ili olacaq, həm də müsbətə doğru: “Əminliklə bildirirəm ki, çox insanın taleyində həlledici rol oynayacaq. Bəzilərinin həyatı kökündən dəyişəcək. Bu illər ərzində arzuladığınız çox şeyə sadəcə səy göstərməklə nail olacaqsınız. Yəni illərin səbri bu il öz bəhrəsini verəcək. Bu gecənin yeni ayı isə dəyişikliklər üçün bir portal, qapı rolu oynayacaq. Ən əsası qadınlar üçün bu il faydalı olacaq. Hətta cəsarətlə 2017-ci ili Qadın İli adlandıra bilərəm”.