“Xoşbəxt olsun bəylə gəlin”, “Qudam, ay qudam...” Komediyaya çevrilən toylarımız...

1014
“Xoşbəxt olsun bəylə gəlin”, “Qudam, ay qudam...” Komediyaya çevrilən toylarımız...

Elimizin toy adəti var. Subayların arzusu, yeni ailələrin başlanğıcı, dəyişikliklərə məruz qalsa da, yaşayan bir adət. Toy və bu toyların yaddaqalan maraqlı adətləri. Bir neçə nümunə çəkək:

Aran bölgəsində belə bir maraqlı adət var: gəlin və bəy toya daxil olan zaman girişdən bəy-gəlin kürsüsünə kimi onların ayaqları altına ipək parçalar sərilir. Onlar əyləşdikdən sonra həmin parçalar yığışdırılır və tullantı kimi atılır.

Bölgələrin birində bəy gəlini ata evindən çıxaran zaman alma atəşinə tutulur. Qohum və tanışlar bəyin üzərinə alma atır, bəyin dostları da əllərində sini tutaraq, onu qorumağa çalışır. Bəyin şansı gətirərsə, sağ-samat avtomilə əyləşə bilir. Şanssız bəylər isə toydan sonra bir az baş ağrısı çəkməli olurlar.

Hələ oğlan evində gəlini çıraq ətrafında fırlatmaqdan tutmuş, ona kasa, boşqab qırdırdan adətlərimiz var. Çoxları üçün nə qədər mənasız görünsə də, əksinə, elə toya maraq qatan da bu adətlərdir.

İndi toylarımız o qədər də maraqlı keçmir. Hər kəs geyinib-keçinib birbaşa şadlıq sarayına üz tutur. Nə qohum evinə gedib günlərlə qonaq olmaq qalmayıb, nə toydan bir gün əvvəl yığılıb dolma bükmək, nə də maraqlı toy.

Mövzu ilə bağlı Metbuat.az-a münasibət bildirən yazıçı-kulturoloq Aydın Xan Əbilov qeyd edib ki, indiki toylar ictimai-mədəni hadisə deyil, obrazlı komediya kimi görünür:

Azərbaycan xalqının dəyərlər sistemində iki şəxsin nikaha girməsi ictimai hadisə sayılır. Toy mərasimləri iki nəslin qohumlaşması baxımından çox müsbət haldır. Qız bəyənmə, oğlanın qızı görməsi, nişan, qız, oğlan toyu, 3 günlük və s. kimi mərasimlərin hamısı əslində, iki tərəf arasındakı nikahın həm də şahidlər tərəfindən təsdiqlənməsinə xidmət edir. Ona görə də, tarixən Azərbaycanda boşanmaların sayı az olub. Təəssüflər olsun ki, sonradan bu mərasimlərın sayı azalmağa başlayıb. İndi ildə bağlanan 80-88 min nikahın 15-16 mini boşanma ilə nəticələnir. Bu da həmin milli adət-ənənələrin aşınması deməkdir. Bütün bunlar toy mərasimləri fəlsəfəsinə zərər vurur. Əvvəllər toyda bəy qaçırmaqdan tutmuş xan-vəzir oyunu, tamada, ağsaqqal və ağbirçəklərlə bağlı müəyyən mərasimlər olurdu. O mərasimlər azaldıqca ictimai münasibətlər də zəifləməyə başladı. İndi fikir verirsinizsə, insanlar toya getmək istəmirlər. Bir çox ailələr toyu ciblərini doldurmaq üçün istifadə edir. Bu da həmin adət-ənənələrdən uzaqlaşmağımızın nəticəsidir”.

Xəbər lenti