Tanınmış qədim roma şairi Vergiliy (e.ə. 70-19-cu illər) ev heyvanı kimi it və pişik yox, adi milçək saxlayıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, milçək öldükdən sonra şair onun üçün təntənəli yas mərasimi keçirərək, xatirəsini əbədiləşdirmək üçün evinin önündə məqbərə ucaldıb. Vergiliy bunun üçün isə 700 000 sestersiya pul xərcləyib. Bu pul o zamanlar üçün astronomik sayılırdı.
Hər nə qədər qəribə olsa da bunun nəticəsində isə Vergiliy mülkünü qoruyub saxlayaraq, müflislikdən xilas olub. Belə ki, Qədim Romanın ikinci triumviratı (qədim Romada dövlətin üç şəxs tərəfindən idarə edilməsi) Filippində döyüş zamanı Qay Kassiy Lonqin və Marq Yuniy Brutanın (Yuli Sezarın qatili) ordusunu darmadağın edir. O, imkanlı şəxslərin bütün var-dövlətini müharibə veteranları arasında bölüşdürmək üçün əllərindən alır. İstisna tək bir hal olur: həyətlərində qəbir olan mülklər müsadirə olunmur. Məhz milçəyin qəbri sayəsində Vergiliy malikanəsini və həyətinin bir hissəsini qoruyub saxlaya bilir. Beləliklə onun sevimli ev heyvanı şairin həyatını xilas etmiş olur.