Misir piramidalarını cinlər tikib? Cümə bəhsləri - FOTOLAR

957
Misir piramidalarını cinlər tikib? Cümə bəhsləri - FOTOLAR

"Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab düzəldənləri) də onun ixtiyarına verdik”-Qurani-Kərim, Ənbiya,82)

Min illərdir ki, bəşəriyyət Misir ehramlarının sirlərini tam öyrənə bilmir. Xüsusən bu nəhəng piramidaların elm və texnikanın olmadığı ehtimal edilən qədim dövrlərdə necə tikilməsi barədə dəqiq bilgi yoxdur. Yadplanetli sivilizasiyaların varlığına inanan bəzi alim və ufoloqlar Misir piramidalarının da məhz yadpalanetlilər tərəfindən tikildiyini fərz edirlər. Başqa bir fərziyəyə görə, bu ehramlar qədimdə yaşamış və boyları 4-12 metr olan nəhəng insan tayfaları tərəfindən tikilib.
Allahın bəşəriyyətə göndərdiyi sonuncu Kitabı Qurani-Kərimdə Misir ehramları mövzusuna qısaca toxunulsa da, onların necə tikilməsi barədə konkret ayə yoxdur. Ancaq  Musa peyğəmbərlə mübarizə  aparan fironun doğrudan da uca qəsr tikdirməsindən bəhs edilir.
Ğafir surəsinin 36-37-ci ayələrində buyurulur:
“Firon (istehza ilə) dedi: 'Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim –Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!' Firona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı. Fironun hiyləsi ancaq boşa çıxdı. (Firon xeyli xərc çəkib uca bir bina tikdirdi. Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların hamısı hədər getdi. O, Musaya heç bir şey edə bilmədi)”.
 
Bəs fironlar Misir ehramlarını necə tikdirib? Bunu insandan savayı hansı şüurlu varlıqlar bacara bilər? 
Əgər Qurana and içiriksə, bu Kitaba və onu Məhəmməd Peyğəmbərə(s) nazil etmiş olan Allaha  inanırıqsa, məntiqlə həmin Müqəddəs Yazıda deyilənlərə inanmamaq nadanlıqdır. 
Qurani-Kərimdə insandan savayı əsasən 3 növ şüurlu varlıqdan bəhs edilir: mələklər, şeytanlar və cinlər... Bəzi təfsirçilər şeytanların da cinlərin bir növü olduğunu, yaxud kafir cinlər olduğunu bildirir. Məlum olduğu kimi, cinlər  gözə görünməz olsalar da, insanlar kimi mömin və ya kafir olurlar. Yəni cinlər arasında insanlara gizlicə yardım edən və ya əksinə, onların  həyatında fitnə-fəsad törətməyə çalışanlar da var. Şeytanlar kafir cinlər hesab olunsa da, Allah Kitabında onların da insanlara yardım etməsi barədə ayələr mövcuddur. Məsələn, Yaradan Ənbiya surəsinin 82-ci ayəsində buyurur:
“Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab düzəldənləri) də onun ixtiyarına verdik. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların üstündə göz olurduq”. 
Deməli, öz dövründə dünyanın ən qüdrətli hökdarı olmuş Süleyman peyğəmbərin  şeytanlara ev, mehrab tikdirməsi təsdiqini tapır.
Nəml surəsinin 17-ci ayəsində də Süleyman peyğəmbərin qoşununda cinlərin də xidmət etməsi vurğulanır:
“(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər”…
Tarix elminin Misir ehramlarının məhz fironlar tərəfindən tikdirildiyini isbat etməsinə rəğmən min illər, bəlkə də on min illər öncə baş vermiş bir prosesin Allahdan savayı heç kəsin dəqiq bilmədiyini düşünmək də olar. Və məntiqlə ehramların da elə Süleyman peyğəmbər tərəfindən cin və şeytanların köməyi ilə  tikilməsini ehtimal etmək mümkündür. Və yaxud başqa bir ehtimal: fironlar dövründə Misirdə cin-şeytanlarla əlaqəyə girməyi bacaran və bu gün masonların baza kitabı olduğu deyilən Kabbalanı yaratmış kahin və cadugərlərin yaşadığı da deyilir. Bəlkə piramidaları həmin kahinlər tərəfindən ələ alınmış kafir cinlər tikib?..
Ən doğrusunu Allah bilər... 

 

Xəbər lenti