Mərhum Ayətullahil-uzma Hacı Mirzə Əli Qazi, Nəcəfdə yerləşən Vadius-səlam qəbiristanlığına tez-tez gedər və 3-4 saat orada qəbirlərin yanında əyləşərdi. Şagirdləri də onunla birlikdə qəbirləri ziyarət edərdilər. Ancaq müəllimlərinin burada çox qalmasından yorulub, geri qayıdardılar və öz-özlərinə deyərdilər ki, müəllimin görəsən nə səbəbi vardır ki, saatlarla qəbirlərin yanında əyləşir və susur?
Mynews.az deyerler.org-a istinadən bildirir ki, Qazi ağanın şagirdlərindən biri çox dindar və təqvalı bir insan idi. Ayətullah Şeyx Muhəmmədtəqi Aməli onu, Qazi ağanın bir nömrəli şagirdi hesab edirdi.
Həmin şagird nəql edir: "Mən uzun müddət görürdüm ki, Qazi ağa Vadius-səlamda 2-3 saat keçirir. Öz-özümə deyirdim ki, insan qəbirləri ziyarət edib qayıdar və ölüləri "Fatihə" oxuyaraq şad edər. Başqa mühüm işlər vardır ki, qayıdıb onları görmək lazımdır. Bu fikir ürəyimdə idi və heç kəsə də o haqda bir şey deməmişdim. Hər gün müəllimin xidmətinə gedir və ondan bəhrələnirdim. Nəhayət İrana qayıtmaq vaxtım gəlib çatdı. Ancaq mən qayıtmaq üçün şübhə edirdim və qəti qərara gələ bilmirdim. Bu niyyət mənim qəlbimdə idi.
Gecə yatağıma uzandım ki, yatım. Yatdığım çarpayının aşağısında kitab şkafı var idi və mənim elmi və dini kitablarım orada yerləşirdi. Yatan zaman istər-istəməz ayağım bu kitablara dəyirdi. Öz-özümə düşünürdüm ki, bu cür yatmağım kitablara hörmətsizlik olarmı? Bu kitablar şkafın yuxarısında yerləşirdi və düşündüm ki, hörmətsizlik sayılmaz.
Səhər Qazi ağanın yanına getdim və ağa mənə buyurdu: "Sizin İrana getməyiniz məsləhət deyildir və ayaqlarınızı kitaba tərəf uzatmaq isə hörmətsizlikdir".
Özümdən asılı olmayaraq titrədim. Dedim: "Ağa, siz bunu haradan anladınız? Haradan başa düşdünüz?".
Buyurdu: "Vadius-səlamdan başa düşmüşəm".