Siqaret insan orqanizminin ən təhlükəli düşmənidir.
Mynews.az məlumat verir ki, siqaret tüstüsündə 400-dək kimyəvi maddənin olduğu müəyyənləşdirilib. Bunların heç birinin insan orqanizmi üçün faydası yoxdur. Əksəriyyəti nikotin, qətran və xərçəng yarada bilən konsirogen maddələrdir. Siqaret çəkmək süd vəzisinin xərçənginə birbaşa yol açır. Əgər siqaret çəkənlərin artımı indiki səviyyədə qalsa, 21-ci əsrdə 1 milyard adam siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişəcək.
Bu pis vərdişdən xilas olmaq istəyənlərə şad xəbərimiz var. Təqdim edəcəyimiz üsullarla siqareti tərgidə bilərsiniz. Siqareti tərgitmək qərarına gəlmək bu üsulların hamısının açarı hesab oluna bilər. İlk növbədə, insan iradəsinə hakim olmağı bacarmalıdır. Ailənizdən, dostlarınızdan və iş yoldaşlarınızdan dəstək alın. Vacib olduqda həkiminizlə məsləhətləşin.
Sağlamlıq risklərinizi diqqətdə saxlayın. Nəzərə alın ki, siqaret xərçəngə səbəb olan faktorlardan biridir. Xərçəng başda olmaqla siqaretin səbəb olacağı xəstəliklərin və problemlərin siyahısını hazırlayın. Bu siyahını hər zaman görə biləcəyiniz bir yerə asın.
Mütəmadi olaraq gündə 20-30 dəqiqəlik idmanla məşğul olun. Meditasiya və ya yoqa kimi üsullardan istifadə edin.
Ev, maşın və iş yerinizdəki siqaret və ona aid aksessuarlardan- kibrit, alışqan və kül qabından uzaq durun.
Qidalanmanıza diqqət edin. Qlisemik indeksi yüksək olan şokolad, qurabiyə, şirniyyat, kek və xəmir xörəkləri yeməyin.
Kinoya, teatra və musiqiyə qulaq asın. Restoran, otel, təyyarə kimi yerlərdə siqaret çəkilməyən bölmələri seçin.
Qəhvə içmək siqaret çəkməyinizə səbəb olursa, onun əvəzinə, təzə sıxılmış meyvə suları, yaşıl çay, bitki çayları və ən önəmlisi bədəninizi toksinlərdən təmizləmək üçün bolluca su için.