İnstaqramda böyük izləyicisi olan "Rich Kids of Tehran" (Tehranın zəngin övladları) hesabında İranın varlı gəncləri lüks həyatlarını nümayiş etdirir. Bu fotolar İran haqqında bütün stereotipləri dağıdır. Təbii olaraq belə sual yaranır ki, bəs İranın varlı gəncləri spritli içkilərin su yerinə axdığı ziyafət gecələrini necə təşkil edir və onların cəzalandırılmaq ehtimalı nə qədərdir?
Mynews.az xarici mətbuata istinadən İranın imkanlı ailələrinin dəbdəbəli həyat tərzi haqqında maraqlı faktları təqdim edir.
"Rich Kids of Tehran" instaqram səhifəsində şəkilləri paylaşılan uşaqlar daha çox paytaxt Tehranın şimalındakı Elahiye və Fereşteh kimi zəngin səmtlərdə yaşayan zəngin ailələrinin övladlarıdır. Onların İran gəncliyini tamamilə təmsil etdikləri demək olmaz. Məsələn, İran İslam İnqilabının lideri Xomeyninin şəhəri kimi tanınan Qumda oxşar mənzərələrə rast gəlmək mümkün deyil.
Bəs İslam qanunlarının qatı olduğu İran dövlətində gənclər dəbdəbəli ziyafət gecələrini harada keçirir?
Alkoqol istifadəsinin qadağan olduğu İranda gecə həyatı dedikdə araqsız restoranlar və nargilə klubları gəlir. Tehran, ya da başqa şəhərin küçələrində gəzərkən spritli içkilərin verildiyi partilərə rast gəlmək mümkün deyil. Odur ki, ziyafət gecələrinin hamısı gizli şəkildə ya evlərdə, ya qapalı qaraj, ya da anbar kimi yerlərdə təşkil olunur.
İstirahət üçün daha çox haralara üstünlük verirlər?
Bu gənclər qışda daha çox Elbruz Dağlarındakı xizək mərkəzlərinə gedirlər. Yay tətillərini isə Türkiyə, Dubay, Malayziya və Tailand kimi ölkələrində keçirməyə üstünlük verirlər. Avropa ölkələri, ABŞ və Kanada isə mühacir etmək istədikləri ölkələr siyahısına daxildir.
Ziyafət gecələrində eşqbazlıq
Ziyafət gecələrində həm qızlar, həm də oğlanlar iştirak etdiyi üçün eşqbazlıq qaçılmazdır. Ancaq iranlı qızlarla oğlanların başqa qəribə tanışlıq imkanları da var. Məsələn, Tehranın zəngin səmtlərdən birindəki küçədə daha çox lüks avtomobilləri gələn gənclər maşınlarının şüşələrindən bir-birlərinə telefon nömrələrini atır. Bundan başqa, Tehrandakı lüks nargilə kafeləri də tanışlıq və flirt üçün ideal yer sayılır.
Nə tərz geyinirlər?
Xüsusilə gənc qızlar qərbdəki trendləri və dəbi yaxından təqib edir. Qadınların bahalı marka asılılığını və Tehranın mərkəzi küçələrinin lüks brendlərin dükanları ilə dolu olduğunu xüsusi vurğulamasaq, olmaz. Küçədə başını bağlanmağa məcbur olan qızlar evdə və ziyafət gecələrində kifayət qədər sərbəst və dəbdəbəli geyinir. Lakin fotolarda gördüyümüz heç bir kadra küçədə rast gəlməsiniz.
İrana turist kimi gedən biri ziyafət gecələrində iştirak edə bilərmi?
İrana turist kimi gedən şəxs ziyafətləri təşkil edən gənclərin yaxını və ya tanışıdırsa, iştirak edə bilər. Əks halda imkansızdır. İranda küçədəki həyatla evdəki həyat arasında çox böyük fərq var.
Nə tərz musiqi dinləyirlər?
İranda imkanlı gənclərin təşkil etdiyi ziyafətlərdə xarici pop musiqisi ilə bərabər yerli müğənnilərin pop, rok və hip-hop janrında oxuduğu mahnılar da sevilir. Çünki İranda gənc musiqiçilərin yaratdığı çoxsaylı “underground” (Underground - rep və ya rokçuların yeraltı dünyasından bəhs edir. Burada toplaşan gənclər küçə dili ilə danışır. Underground repçiləri müharibələrə və bütün haqsızlıqlara qarşı çıxır) musiqi icması var.
Bu gənclər İrandakı mövcud hakimiyyətə necə baxırlar?
Keçmiş Prezident Ahmed Necad dövründə ağır cəzalara məruz qalan gənclərin çoxu dünya ilə inteqrasiya tərəfdarı olan prezident Həsən Ruhanini dəstəkləyir. Bir təbəqə isə dünyanın hər yerində olduğu kimi burada da heç nəyə məhəl qoymur.
Hakimiyyət bu ziyafətlərə necə baxır? Spirstli içki içməyin cəzası nədir?
Müsəlmanlar üçün alkoqolun qadağan olduğu İranda hakimiyyət bu cür ziyafətləri mənfi qarşılasa da, dövlət evlərdə keçirilən şənliklərə müdaxilə etmir. Ancaq ölkəyə alkoqol gətirməyin cəzası çox ağırdır. İki il əvvəl alkoqol istifadə edərkən yaxalanan iki nəfər edam edilib. Buna baxmayaraq, zəngin uşaqlarının ziyafətlərində suyu növbənöv spritli içkilər əvəz edir.
Ümumiyyətlə, İranda dini qaydalara qarşı çıxanlara sərt cəzalar tətbiq edir. Məsələn, keçən ay Ferrel Uilyamsın "Happy" mahnısına öz aralarında bir video çəkib bunu sosial mediada paylaşan altı gənc 91 qırmanc cəzasına məhkum edilib.
İqtisadi embarqo lüks həyata təsir edir?
Nüvə danışıqlarının ilk mərhələsinin müsbət nəticələnməsindən sonra iqtisadi embarqo qərb ölkələri tərəfindən ilk dəfə bu il yüngülləşdirildi. Odur ki, iqtisadi embarqonun İranın zəngin təbəqəsinə təsir etdiyini demək olmaz. Bunu anlamaq üçün İranda pendir-çörək kimi satılan lüks avtomobillərə və çantalara baxmaq kifayətdir.
İranlı zənginlərin səhifəsinə niyə senzura tətbiq olunub?
“Rich Kids of Tehran" səhifəsi dünya mətbuatının da diqqətini çəkdiyi üçün İran rəhbərliyinin hesaba senzura tətbiq etdiyi irəli sürülüb. Hesabın rəhbəri isə senzuranın tətbiq olunmasını və dövlət adamları tərəfindən bağlandığını inkar edib. O, açıqlamasında “İnstaqram qaydalarına əməl etmədiyimiz üçün səhifəmiz müvəqqəti olaraq bağlanmışdı” deməklə kifayətlənib.
“Rich Kids of Tehran” hesabı sonradan açılsa da, əvvəlki fotoların silindiyi gözdən qaçmayıb. Buna baxmayaraq, İranın imkanlı gəncləri eyni ad altında başqa səhifələr açaraq fotolarını orada paylaşmağa və həyatını nümayiş etdirməyə davam edir.