"O məmurun qohumu məni ölümlə hədələyir" müğənni Fidan Süleymanova

780
"O məmurun qohumu məni ölümlə hədələyir" müğənni Fidan Süleymanova

"Azəri star-2006" yarışmasından tanıdığımız müğənni Fidan Süleymanovanın dediyinə görə, həyatı təhlükədədir.

Mynews.az big.az-a istinadən bildirir ki, ifaçı yüksək vəzifədə çalışan qohumlarına güvənən bir şəxs tərəfindən ölümlə təhdid edildiyini iddia edib.

F.Süleymanova bildirib ki, həmin şəxs Bakıda çoxmərtəbəli mənzillərin tikintisi ilə məşğul olan şirkət rəhbəridir. Müğənni 2 il öncə həmin şəxsin rəhbərliyi ilə şəhərin mərkəzində inşa edilən binalardan birindən oğlu üçün 150 min manata 3 otaqlı mənzil alıb.

Həmin vaxt tərəflər arasında alqı-satqı işləri həyata keçirilib. Lakin təxminən 3 ay öncə həmin şəxs peyda olaraq, F.Süleymanovaya satdığı mənzili geri almaq istəyir. Müğənni özü belə iddia edir.

"Səbrlə gözləyirdim ki, bu adam sakitləşəcək, ona görə də susurdum. Baxıram ki, mən dillənmədikcə o, daha da azğınlaşır. O adam millət vəkili qohumuna arxalanlıb, özbaşınalıq edir. Evi bizə satıb, indi də mənə hədə-qorxu gəlir ki, mənzilin sənədləri səndə olsa da, ürəyim necə istəyir, elə də edəcəyəm. Məni ölümlə hədələyir. O evi oğlum üçün almışam. O, unutmasın ki, biz qayda-qanunların işlədiyi bir dövlətdə yaşayırıq və mən öz hüquqlarımı çox yaxşı bilirəm" - deyə, bildirən F.Süleymanova artıq 3-4 aydır ki, bu məsələ ilə əlaqədar əsəblərinin tamamilə sıradan çıxdığını söyləyir:

"Mən anlaya bilmirəm, məgər qohumu millət vəkili olan adam harınlayıb, reketlik, özbaşınalıq edər? Saytınız vasitəsilə xəbərdarlıq edirəm, həmin adam özünü yığışdırmasa, sahibi olduğu şirkətin də, özünün də, həmçinin qohumu olduğu deputatın da adını açıqlayacağam. O, düşünür ki, qadınam, qorxub geri çəkiləcəyəm, amma yanılır. Bilmir ki, daş qayaya rast gəlib. Mən haqqım uğrunda ölümə gedən insanam. Əgər o, fırıldaq işlədərək, evi məndən almağı düşünürsə, o zaman ictimaiyyət qarşısında rüsvay olmağı da göz önünə alsın. Düşünür ki məndən evi alıb, təkrar kiməsə satacaq, bu heç vaxt olmayacaq".

Sonda əlavə edək ki, F.Süleymanova 2 ildir ki, ana olması ilə əlaqədar səhnə fəaliyyətinə ara verib. Müğənni kiminlə ailə qurduğunu gizli saxlayır. Məlum olan odur ki, sənətçi 2 il öncə oğul anası olub. Uşağa Ömər adı verilib.

Xəbər lenti