Sizə sevgili lazımdır? 160 dollara göndərərik!

751
Sizə sevgili lazımdır? 160 dollara göndərərik!

Son səkkiz il ərzində Yaponiyada saxta dost, qohum, hətta sevgili xidmətləri təklif edən firmaların sayı xeyli artıb. Bunun başlıca səbəbi bənzər xidmətlərə müştəri marağının, tələbatının günbəgün artmasıdır. Hazırda ölkədə bu cür xidmətlər göstərən 10 firma mövcuddur.

Mynews.az bildirir ki, firma əməkdaşları müştərilərin toy, yas, ad günü, uşaqlar üçün keçirilən əyləncəli gecə və sair tədbirlərinə qatılır, oradakı digər dəvətlilərə özlərini tədbir səbəbkarının dostu, qohumu və ya iş yoldaşı kimi tanıdırlar. Bundan əsas məqsəd — həmin məclis sahibinin dost-yoldaşsız, tənha və özünə qapanmış (introvert) biri olduğunu gizlətmək, ört-basdır etməkdir.

Məsələn, sözügedən firmanın kişi əməkdaşı ad günü keçirilən uşağın müəlliməsinə özünü doğma əmi kimi təqdim edə bilər. Özünün bu məclisə hazırlıq ərəfəsində işdən çıxarıldığını açıb-ağartmaqdan çəkinən ev sahibi firma əməkdaşını məclisdəkilərə öz şirkətinin şefi kimi tanıdır. Məclisin təşkilatçısı başına topladığı dost-tanışın onun şəxsi həyatındakı uğursuzluqlarına acımasını istəmirsə, onda firmadan gələn cavan və yaraşıqlı qız onun sevgilisi rolunu görünməmiş səmimiyyətlə oynamağa çalışır.

Üç il yarım bundan əvvəl yaradılan belə firmalardan biri də “Xaqemasi Tay”dır. Onu ixtisasca vəkil olan Ryuiti İtinokava yaradıb. Şirkətdə müxtəlif yaş kateqoriyalarını təmsil edən 30 qadın və kişi çalışır. Bu əməkdaşların Yaponiyanın ən müxtəlif şəhərlərində yaşaması firmanın öz müştərilərinə ölkə miqyasında xidmət göstərməsinə şərait yaradır.

Firmasının göstərdiyi xidmət növlərinin qiymətləri barədə söz düşəndə R.İtinokava jurnalistlərə bildirib ki, saxta dostun məclisdə iştirakı üçün müştəri 160 dollarından keçməlidir. Əgər “yaxından tanıdığı” məclis sahibi barədə təmtəraqlı sağlıq və xoş sözlər söyləməsi ondan tələb olunarsa, onda məbləğ bir qədər şişir.

Firma rəhbəri etiraf edib ki, fəaliyyət göstərdikləri üç il yarım ərzində onun əməkdaşları saxtakarlıq üstə bir dəfə də yaxalanmayıblar. Bundan ötrü firma əməkdaşları xüsusi və ciddi hazırlıq keçirlər, bir aktyor kimi oynayacaqları rolla bağlı önəmli məlumatları əzbərləyirlər ki, müştərinin paxırının üstü açılmasın. İtinokava bu sahədəki fəaliyyətini ailəsinə və dostlarına da indiyədək açıb söyləməyib. Hətta onun həyat yoldaşı son vaxtlar xəbər tutubmuş ki, əri bənzər xidmətlər göstərən firmanın rəhbəridir.

Hər şeyə rəğmən, İtinokava etiraf edir ki, saxta dost-qohum biznesinə tələbat yüksəkdir və müştərilərinin sayı durmadan artır. O isə gördüyü işdən yerdən-göyəcən razıdır, çünki insanların üzünü güldürmək, onları pəncəsində çapaladıqları tənhalıq, kimsəsizlik duyğusundan, bənzər sıxıntılardan qurtarmaq yetərincə nəcib işdir.

Xəbər lenti