Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribatlar törətməsi, nəticədə 6 hərbçisini itirməsi onlara dərs olmayıb və təxribatlarını davam etdirirlər. Belə ki, bu dəfə ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstəriblər. Lakin Azərbaycan Ordusunun bölmələrinin qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu aşkar edilib, düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hərbçilərimizin çevikliyi nəticəsində hətta təxribat qrupunun bir üzvü də ələ keçirilib.
Qeyd edək ki, bütün bunlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri fonunda baş verib.
Cəbhədəki hadisələrin gedişini Milli.Az-a şərh edən hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, əslində baş verən hadisə demək olar ki, ermənilərin iç üzünü göstərir:
"Çünki onlar həm danışıqlar prosesində iştirak edirlər, həm Azərbaycanın işğal olunmuş ərazilərində təxribat xarakterli hərəkətlər həyata keçirirlər. Bu dəfə isə əsgərlərimizin ayıq-sayıqlığı onları çox pərt edib. Onlar onsuz da ardıcıl uğursuzluqlardan sonra çox əsəbi idilər. Son günlər verdikləri itkilərin, yaralıların sayının çox olmasına görə Ermənistanda psixoz vəziyyət yaranıb. Üstəgəl erməni kəşfiyyatçısının da ələ keçməsi onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq qurumlar qarşısında konkret məsələ qoymalıdır ki, Ermənistanın beynəlxalq hüquq və normaları münasibəti əslində budur və ona qarşı konkret tədbirlər görülməli, təzyiq edilməlidir. Hamı gözəl bilir ki, Ermənistan və beynəlxalq hüquq normaları ayrı-ayrı məfhumlardır. Əslində ermənilər çoxdan işğal etdikləri əraziləri tərk edib getməli idilər, amma bu günədək xislətlərindən əl çəkmirlər, üstəlik təxribatlar da törədirlər".
Ekspertin fikrincə, Azərbaycanın həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də ümumilikdə dünya ictimaiyyətinə erməni həyasızlığının mahiyyətini çatdırsa, daha yaxşı olar: "Çünki ermənilər bu cür təxribatları bundan sonra da davam etdirəcəklər. Bu dəfə bəxtləri gətirməyib. Çünki həm əsəbi, həm də çaşqın vəziyyətdədirlər. Bu faktın özü və Silahlı Qüvvələr Günü öncəsi düşməni belə məyus, pərt etmələri ordumuz üçün böyük stimuldur. Azərbaycan əsgərinə bir daha eşq olsun!"
Ü.Cəfərov qeyd edib ki, erməni ordusu Ermənistan rəhbərliyindən konkret tapşırıq alıb: "Tapşırıq budur ki, onlar bu ərəfədə Azərbaycan Silahlı Qüvvələrini məyus etmək üçün nəyin bahasına olursa-olsun, hansısa təxribat-diversiya xarakterli hərəkətlər törətməli, bizə zərbə vurmalıdırlar. Lakin niyyətləri öz başlarında çatladı. Onlar fikirləşiblər ki, Azərbaycan Silahlı Qüvvələri 23 minlik heyətlə təlim keçirir, başı ora qarışıb. Amma onlar unudublar ki, Azərbaycan əsgəri ön xətdə 24 saat düşmənin bütün hərəkətlərinə nəzarət edir və lazım olan addımları atır. Əlbəttə ki, ermənilərin kəşfiyyat-diversiya qrupu ərazilərimizə elə-belə gəlməyib. Onlar ola bilsin ki, əsgərlərimizə xətər yetirmək, ön xətdə olan mövqelərimizdə müəyyən təxribatlar törətmək istəyiblər. Amma Azərbaycan Ordusunun cavabı çox amansız və sərt olub".